İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri davam etdirilir. Bu ildən etibarən Qarabağa Böyük Qayıdış prosesinin başlanması hədəflənir. İlk olaraq Zəngilan rayonunun Ağalı kənd sakinləri 30 ilə yaxın həsrətdən sonra öz doğma yurdlarına qayıdacaqlar.
Zəngilandan olan tanınmışlar qayıdışa hazırlıqla bağlı təəssüratlarını Modern.az-la bölüşüblər.
Hamı Böyük Qayıdışa hazırlaşır...
Əməkdar jurnalist, professor Qulu Məhərrəmli doğma ocağa, dədə-baba yurduna qayıtmağın çox gözəl, xoş bir hiss olduğunu söyləyib:
"Köç prosesinin Zəngilandan başlaması iki qat xoşdur. Bu gün Zəngilanlı, Qubadlı və Kəlbəcərdən olan soydaşlarımız da oxşar sevinci yaşayırlar. İlk köç Zəngilandan başlayacaq ifadəsi insanda fərqli və qürur dolu hisslər doğurur. Rayonda əkin sahələri üzrə iş gedir, rayon mərkəzində müəyyən proseslər həyata keçirilir, beynəlxalq aeroport tikilir, insanların gedib orada yaşaması üçün hər cür şərait yaradılır. Tanıdığım, bildiyim hər kəs, qardaşlarım da çox ciddi şəkildə köçə hazırlaşırlar, planlar qururlar ki, təsərrüfatı necə bərpa edəcəklər. Heç kimdən eşitmədim ki, getməyəcəyini desin. Hamı getmək fikrindədir, uzun illər həsrətini çəkdiyimiz torpaqlara qayıtmaq hamının arzusudur. Lazım gələrsə, biz özümüz də köçəcəyik, köç edənlərə əlimizdən gələn qədər kömək edəcəyik".
Zəngilanlıların arzuladığı an yetişir...
Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Oktay Zəngilanlı illərdir bu günləri gözlədiyini deyib:
"O torpaqların havası, suyu üçün burnumuzun ucu göynəyirdi. Hər bir insan üçün bu hisslərin izahı yoxdur. Böyük həvəslə, şövqlə biz o torpaqlara qayıdacaq və məskunlaşacağıq. Qayıdışın əhali üçün böyük üstünlükləri var, yeni iş yerləri yaradılacaq. Qarabağ torpağı çox məhsuldardır, o torpaqlarda əkinçiliklə, maldarlıqla məşğul olmaqla insanlar öz həyatlarını, rifahlarını təmin etmək üçün böyük imkanlar qazanacaqlar. Çox böyük arzularımız var, planlarımız da olacaq. Arzu edirik ki, yurd həsrətində olanların hamısı öz torpaqlarına qovuşsunlar. İlk köçün Zəngilandan başlaması bizlər üçün tam fərqli hiss oldu".
Bu xəbəri həyəcanla qarşıladım...
Tarix üzrə elmlər doktoru Nəsiman Yaqublu Qarabağa qayıdışın böyük naliyyət olduğunu vurğulayıb:
"Qayıdışın başlaması böyük hadisədir. Mən o torpaqda doğulmuşam, böyümüşəm. İnsanın öz yurduna, torpağına dönməsi böyük nailiyyətdir. Mən ağdamlının Ağdama, şuşalının Şuşaya, kəlbəcərlinin Kəlbəcərə qayıtmasına ən az o insanlar qədər sevinərəm. İlk qayıdışın Zəngilana olmasını bir qədər həyəcanla qarşıladım, bizim orda yurd yerimiz, dədə-babalarımızın məzarları var. Çox sevinirəm ki, artıq Vətənə insanlar qayıdır, gedib-gələ biləcəyik, yurd ocaqlarını yenindən bərpa edəcəyik. Zəngilanda təbiətin hər cür sərvəti var, insanlar əvvəlki kimi müxtəlif sahələrdə - istər taxılçılıq olsun, istərsə də üzümçülük sahəsi olsun təsərrüfatı inkişaf etdirəcəklər. Torpaq imkan verir ki, kənd təsərrüfatının bütün sahələri inkişaf etsin".