Modern.az

Hamı bu günü GÖZLƏYİR - Böyük Qayıdışa az qaldı...

Hamı bu günü GÖZLƏYİR - Böyük Qayıdışa az qaldı...

Qarabağ

13 Fevral 2022, 13:20

1993-cü ilin oktyabrın 30-da Zəngilan erməni silahlı qüvvələrinin işğalına məruz qalandan sonra rayonun 45 minlik əhalisi məcburi olaraq ölkənin 43 rayonunda müvəqqəti məskunlaşıb. Düşmən zəngin təbii sərvətləri, tarixi və dini memarlıq abidələri olan bu gözəl diyarı başdan-başa tarmar edib.

 

2020-ci il sentyabrın 27-də Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimizin başladığı güclü əks-hücum əməliyyatları nəticəsində, 44 günlük Zəfər yürüşü ilə doğma torpaqlarımız, o cümlədən Zəngilan düşmən tapdağından azad olunub. Bu gün orada genişmiqyaslı bərpa-quruculuq işləri davam etdirilir.

 

Artıq “Böyük qayıdış”ın gerçəkləşəcəyi günə çox az vaxt qalır. Bu proses məhz “Ağıllı kənd” layihəsinin tətbiq edildiyi Zəngilanın Ağalı kəndi ilə başlayır.

 

“Ağıllı kənd”in sakinləri biznes quracaq...

 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Ağıllı kənd” layihəsini nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyətinin birgə icra etdiyini açıqlayıb. Bildirilib ki, Ağalı sakinlərinə biznes qurmaq üçün avadanlıqlar veriləcək.

 

Kənd sakinlərinin məşğulluğuna və kiçik sahibkarlığa çıxışına dəstək məqsədi daşıyan layihəyə Ağalı kəndinin artıq 30 sakini cəlb olunub. KOBİA tərəfindən onlar üçün biznes təlimləri təşkil edilib. Təlimlərdə iştirakçılara sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. Növbəti mərhələdə isə Ağalı kənd sakinləri doğma kəndlərinə qayıdandan sonra Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində avtoservis, inşaat, məişət avadanlıqları ustası, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və s. iqtisadi sahələr üzrə avadanlıqlarla təmin olunacaqlar.

 

Şagirdlər onlayn dərslərə Zəngilandan qoşulacaqlar...

 

 

Təhsil naziri Emin Əmrullayev Ağalı kəndinə köçürüləcək şagirdlərin ilkin mərhələdə onlayn təhsilə cəlb oluna biləcəklərini deyib. Nazirin sözlərinə görə, hazırda bununla bağlı aidiyyəti qurumlarla birgə iş aparılır:

 

“Kəndə köçəcək uşaqların sayından asılı olmayaraq, həmin şagirdlər dərhal onlayn tədrisə cəlb olunacaqlar. Daha sonra bütün infrastruktur qurulduqdan, həmçinin məktəb binası tikildikdən və müəllimlə təmin olunduqdan sonra proses tam yekunlaşacaq".

 

Təhsil naziri onu da əlavə edib ki, Şuşa 1 nömrəli məktəbin layihələndirmə prosesi başa çatıb, tikintisinə başlanmaq üzrədir. Bu prosesin 2022-ci ilin sonuna qədər başa çatacağı gözlənilir.

 

Hamı "Böyük Qayıdış"a hazırlaşır...

 

 

Zəngilanda doğulub böyüyən tanınmışlar da ata-baba yurduna qayıdacaqları üçün həyacanlıdırlar. Əməkdar jurnalist, professor Qulu Məhərrəmli doğma ocağa, dədə-baba yurduna qayıtmağın çox gözəl, xoş bir hiss olduğunu söyləyib:

 

"Köç prosesinin Zəngilandan başlaması iki qat xoşdur. Bu gün Zəngilanlı, Qubadlı və Kəlbəcərdən olan soydaşlarımız da oxşar sevinci yaşayırlar. İlk köç Zəngilandan başlayacaq ifadəsi insanda fərqli və qürur dolu hisslər doğurur. Rayonda əkin sahələri üzrə iş gedir, rayon mərkəzində müəyyən proseslər həyata keçirilir, beynəlxalq aeroport tikilir, insanların gedib orada yaşaması üçün hər cür şərait yaradılır. Tanıdığım, bildiyim hər kəs, qardaşlarım da çox ciddi şəkildə köçə hazırlaşırlar, planlar qururlar ki, təsərrüfatı necə bərpa edəcəklər. Heç kimdən eşitmədim ki, getməyəcəyini desin. Hamı getmək fikrindədir, uzun illər həsrətini çəkdiyimiz torpaqlara qayıtmaq hamının arzusudur. Lazım gələrsə, biz özümüz də köçəcəyik, köç edənlərə əlimizdən gələn qədər kömək edəcəyik".

 

Zəngilanlıların arzuladığı an yetişir...

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Oqtay Zəngilanlı illərdir bu günləri gözlədiyini deyib:

 

"O torpaqların havası, suyu üçün burnumuzun ucu göynəyirdi. Hər bir insan üçün bu hisslərin izahı yoxdur. Böyük həvəslə, şövqlə biz o torpaqlara qayıdacaq və məskunlaşacağıq. Qayıdışın əhali üçün böyük üstünlükləri var, yeni iş yerləri yaradılacaq. Qarabağ torpağı çox məhsuldardır, o torpaqlarda əkinçiliklə, maldarlıqla məşğul olmaqla insanlar öz həyatlarını, rifahlarını təmin etmək üçün böyük imkanlar qazanacaqlar. Çox böyük arzularımız var, planlarımız da olacaq. Arzu edirik ki, yurd həsrətində olanların hamısı öz torpaqlarına qovuşsunlar. İlk köçün Zəngilandan başlaması bizlər üçün tam fərqli hiss oldu".

 

Böyük Qayıdış tarixi hadisədir...

 

 

Tarix üzrə elmlər doktoru Nəsiman Yaqublu Qarabağa qayıdışın böyük naliyyət olduğunu vurğulayıb:

 

"Qayıdışın başlaması böyük hadisədir. Mən o torpaqda doğulmuşam, böyümüşəm. İnsanın öz yurduna, torpağına dönməsi böyük nailiyyətdir. Mən ağdamlının Ağdama, şuşalının Şuşaya, kəlbəcərlinin Kəlbəcərə qayıtmasına ən az o insanlar qədər sevinərəm. İlk qayıdışın Zəngilana olmasını bir qədər həyəcanla qarşıladım, bizim orda yurd yerimiz, dədə-babalarımızın məzarları var. Çox sevinirəm ki, artıq Vətənə insanlar qayıdır, gedib-gələ biləcəyik, yurd ocaqlarını yenindən bərpa edəcəyik. Zəngilanda təbiətin hər cür sərvəti var, insanlar əvvəlki kimi müxtəlif sahələrdə - istər taxılçılıq olsun, istərsə də üzümçülük sahəsi olsun təsərrüfatı inkişaf etdirəcəklər. Torpaq imkan verir ki, kənd təsərrüfatının bütün sahələri inkişaf etsin".

 

Aysel Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusunda dərc olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir