Ermənistan parlamentində Qarabağ əraziləri ilə bağlı mübahisə düşüb. Erməni deputatlar baş nazir Nikol Paşinyanı “torpaqları” verməkdə ittiham ediblər. İclasda, həmçinin işğaldan azad edilən Qubadlı rayonu ilə bağlı xüsusi müzakirə gedib.
Belə ki, Paşinyan “Emənistan” və “Şərəf duyuram” fraksiyası üzvlərindən Qubadlı rayonunun adının Qubadlı, yoxsa Sanasar olduğunu demələrini tələb edib:
“Əgər bu rayonun adı Sansardırsa, onda niyə sizin rəhbərləriniz 20 il ərzində həmin əraziləri Azərbaycana qaytarmaq üçün danışıqlar aparıb? Bu proses gizli olmayıb. Onların da qəbul etdiyi Madrid prinsiplərinin birinci bəndində yazılıb ki, 7 rayon Azərbaycana qaytarılsın”.
Paşinyanın bu cür reaksiyası Ermənistanın reallıqla barışdığına işarədirmi?
Bu barədə Modern.az-a danışan Milli Məclisin təhlükəsizlik və korrupsiya komitəsinin deputatı Elman Məmmədov bildirib ki, ermənilərin tarix boyu bu xam-xəyallarıyla, xəstə təfəkkürləri ilə yaşamaları hamıya məlumdur:
“Onlarda milli və əbədi xəstəlik var. Bunlar harada yaşayıblarsa, ora bizimdi deyirlər. Hətta, heç yaşamadıqları yerləri də deyirlər ki, bizimdir. Onlar bu günə qədər çox iddialar irəli sürürdülər, indi də buna davam edirlər. Bu xəstəlik onlarda irsidir. Nəsildən-nəslə ötürülür. Ona görə bu xəstəlik irsi keçir ki, erməni uşağı dil açandan, həyatı başa düşməyə başlayandan onun valieyinləri öz tərbiyələri, əxlaqları ilə bunu uşağa ötürürlər. Deyirlər ki, dünyanın hər yeri bizimdir. Dünyanın hər yerinə iddia edə bilərik. Hər yerdə yaşayıb, oraya vətən deyə bilərik”.
E.Məmmədov ermənilərin ərazi iddiları ilə bağlı bunları deyib:
“Onlar təkcə Qubadlıya, Kəlbəcərə iddia etmir. Onlar hətta Bakıya da iddia edirdilər. Onlar bu gün Şimali Qafqaza iddia edirlər. Armani şəhərinə iddia edirlər ki, bunun adı özlərininkidir. Onlar Latın Amerikasına da iddia edirlər ki, Xristofor Kolumb da erməni olub, buralar hamısı bizimdir. Bunların axmaq-axmaq sərsəmələmələrinə fikir vermək lazım deyil. Belə axmaq-axmaq fikirlərlə də ölüb gedəcəklər. Azərbaycan öz sözünü deyib, torpaqlarını azad edib. Ərazi bütövlüyümüz təmin olunub”.
Deputat bildirib ki, onların içində də bu ərazilərin ermənilərə məxsus olmadığı ilə bağlı fikirlər səsləndirilir:
“Bu tək Paşinyan dövründə yox, ondan qabaq da səsləndirilən fikirdir. Məsələn ermənilər işğal dövründə, xüsusilə də, işğaldan sonrakı dövrdə belə fikirlər səsləndirirlər ki, əgər o ərazilər bizim idisə, niyə orada daşı-daş üstündə qoymurdunuz, niyə orada bir bina tikmirdiniz, niyə bir ağac əkmirdiniz? Əksinə viran qoyurdunuz, sökürdünüz, talayırdınız, vəhşilik edirdiniz. Hətta, qəbirləri, məscidləri də talayardınız, murdarlayırdınız. Demək, siz dərk edirdiniz ki, bura sizinki deyil. Nə vaxtsa, buranın sahibləri gələcəkdir. Ona görə də, belə vəhşiliyə əl atırdınız. Paşinyan da bunları deyir. Yəni sətiraltı mənada belə çıxır ki, bu sizinki idisə, niyə bir abadlıq işi görmürdünüz, yaxud adını dəyişdirmirdiniz? Paşinyan açıq deyə bilmir, elə belə başa salır ki, oralar bizimki deyil”.
Deputat Rasim Musabəyov da ermənilərin fikirlərinin boş və manasız olduğunu bildirib:
“Sarksiyan, Koçaryan əraziləri modul prinsipləri əsasında geri qaytarmaq istəyirdi. Nə oldu? Paşinyan cavablarını verdi. Hazırda Paşinyan da, onun rəqibləri də hər şeyi çox aydın şəkildə başa düşürlər. İndi siyasi mübarizədir də nəsə deməlidirlər. Yenə də deyirəm ki, zənnimcə, Ermənistan parlamentində aparılan cəfəng söhbətlərə fikir vermək lazım deyil”.
Deputat həmçinin, sülh müqaviləsinin imzalanması ilə bağlı deyib ki, Paşinyan qollarını çırmalayıb, sülh bəyanatına imza atmağa hazırdısa, buuyursun.
Turqay Musayev