Modern.az

Xankəndidə eşidilən uvertüra ermənilərə sülh mesajıdır!

Xankəndidə eşidilən uvertüra ermənilərə sülh mesajıdır!

Qarabağ

7 Mart 2022, 11:40

Ötən gün Şuşa şəhərində səsgücləndiricilər vasitəsilə Azərbaycan musiqiləri səsləndirilb. Şəhərdə xalq mahnıları ilə yanaşı dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra sədaları da geniş əraziyə yayılıb, Xankəndi şəhərində yaşayan ermənilər Azərbaycan mahnılarını eşidiblər.

Sosial şəbəkələrdə yayılan görüntülər böyük təqdirlə qarşılanıb. Vətəndaşlarımız bunu ermənilərə verilən sülh mesajı kimi dəyərləndirib.

Hər kəs düşünür ki, ermənilər mədəniyyətin bu cür təbliği ilə edilən sülh çağırışına cavab verməli, regionda sabitliyin bərpası üçün çalışmalıdırlar.

Maraqlıdır, ermənilər Azərbaycanın musiqi ilə ünvanladığı sülh çağırışına necə reaksiya verəcəklər?

Bununla bağlı Modern.az-a danışan Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa hesab edir ki, biz erməniləri təkcə "Dəmir yumruq"la sülhə loyal yanaşan millətə çevirə bilmərik.

Deputatın fikrincə, musiqi də onların ruhuna xitab etməlidir:

“Mədəniyyətin də gücündən istifadə etmək olar. Sonra yenə "Dəmir yumruq", yenə musiqi... Bütün mümkün vasitələrdən istifadə etməliyik. Ermənilərin duyğusu yoxdur, təkcə musiqi onlara təsir etməyəcək. Biz bütün mümkün vasitələrdən, bununla birlikdə "Dəmir yumruq"dan da yararlanmalıyıq.

Ermənilər xəstədir, biz onların həkimiyik, sağaltmalıyıq. Xəstənin nə düşündüyünə çox zaman fikir vermirlər. Həkimin borcu xəstəni sağaltmaqdır. Ona görə, bölgədə sülh istəyiriksə, ermənilərin xəstəliyini müalicə etməliyik".

Xalq artisti Mənsum İbrahimov isə hesab edir ki, Şuşada Azərbaycan musiqilərinin ermənilərin də eşidəcəyi formada səsləndirilməsi həm sülh mesajıdır, həm də mədəniyyətin gücünün göstərilməsidir:

"Artıq ermənilər buna öyrənməlidirlər. Ermənilərin yaşadığı ərazilər Azərbaycan torpağıdır. Orada azan səsi, Üzeyir bəyin uverturası, muğamlarımız, milli musiqilərimiz səslənir. Ermənilərə bununla mesaj ötürürük ki, Azərbaycanın qanunları ilə, sülhlə yaşamaq istəyirsinizsə, buyurun yaşayaq. Əgər ermənilər öz xislətindən əl çəkməsələr, revanşist fikirlərə düşsələr, yol açıqdır, buyurub Ermənistana gedə bilərlər".

Xanəndənin fikrincə, ermənilərin arasında sülh istəyənlər də var:

"Axı, xalq özü heç də həmişə sülh istəmir. Onların arasında ailəsini, doğmalarını düşünənlər də var. Biz sülh istəyən, bizimlə bərabər yaşamaq istəyən insanlarla birlikdə yaşayacağıq. Ermənilər bizim musiqimizi çox sevirlər. Ona görə oğurlayırlar, öz adlarına çıxarmağa çalışırlar. Hər halda musiqimizi sevməsələr oğurlamazlar. Onlar mətbəximizi də sevirlər. Amma pis haldır ki, torpağımıza da göz dikiblər. Həmişə torpaqlarımızı işğal etməyə çalışırlar. İndi isə buna yol verməyəcəyik. Bütün müharibələrin sonu sülhdür. Biz sülh istəyirik. Seçim ermənilərindir. Sülhə razılaşsalar birlikdə yaşaya bilərik. Sülh istəmirlərsə, torpaqlarımızdan çıxıb getsinlər".

 

 

Həmçinin oxuyun:

Ermənilər Azərbaycan mahnılarını dinləyir - VİDEO

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi