Modern.az

Rusiya sülhməramlılarının görmədiyi işi Azərbaycan özü görəcək

Rusiya sülhməramlılarının görmədiyi işi Azərbaycan özü görəcək

16 Mart 2022, 11:46

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanın təqdim etdiyi sülh təkliflərinə cavab verib. Ötən gün Ermənistan XİN-dən bildirilib ki, rəsmi İrəvan BMT Nizamnaməsinə, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Helsinki Yekun Aktına uyğun olaraq, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün danışıqların təşkili ilə bağlı  ATƏT-in Minsk Qrupunun həmsədrliyinə müraciət edib.
 

Ermənistanın Bakıya ünvanladığı cavab İrəvanın destruktiv mövqeyini nümayiş etdirir. Bu, ondan xəbər verir ki, İrəvan 30 illik fəaliyyəti dövründə heç bir iş görməyi bacarmayan Minsk qrupunu yenidən gündəmə gətirməyə çalışır. Hansı ki, bu gün Minsk qrupunu təmsil edən ölkələr öz aralarında siyasi münaqişə yaşayırlar.

 

Belə bir vaxtda məsələyə həmsədrlərin daxil olmasını istəmək hansı məntiqə sığır?

 

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin deputatı Elman Məmmədov bildirib ki, bu, növbəti erməni fitnəkarlığıdır:

 

“44 günlük müharibə dövründə də, ondan sonrakı dövrdə də cənab Prezident belə bir fikir səsləndirdi ki, bu problemi biz özümüz həll etmişik, artıq bizə Minsk qrupu deyilən bir qrupun riyakar, saxta fəaliyyəti lazım deyil. Ancaq Minsk qrupu, təbii ki, ermənilərə lazımdır. Çünki ermənilər Minsk qrupu vasitəsi ilə 27-28 il bizim torpaqlarımızı cürbəcür yalanlarla, bəhanələrlə işğal altında saxladılar.  Burada əsas rolu oynayan ATƏT-in Minsk qrupu idi. Hələ müharibədən qabaq mənim qüvvələr nisbətinin birə dörd olduğunu bəyan etdiyim fikirlərim mətbuatda yer alırdı: 1 Azərbycan, 4 Ermənistan, 3 Minsk qrupunun həmsədrləri. Bu gün də həmin format qüvvədədir. Yəni ermənilər növbəti dəfə Minsk qrupunu məsələyə cəlb etməklə yenidən öz istəklərini həyata keçirməyə çalışırlar.  Azərbaycana cinayətkar Minsk qrupu lazım deyil”.

 

 

Deputatın sözlərinə görə, Azərbaycan təkliflərini verib cavabı gözlədi:

 

"Lakin verilən cavab bizim üçün qaneedici olmadı. Azərbaycan öz işini yenə də özü görməli olacaq. Bu yaxınlarda  da nəticələr göz qabağında olacaq.

Biz axı pis nə deyirik? Biz deyirik ki, sərhədlərimiz müəyyənləşsin, bir-birimizin ərazi bütövlüyümüzü tanıyaq və ona hörmətlə yanaşaq. Ermənilər ərazi iddiasında olmasınlar, kommunikasiyalar, yollar açılsın, Zəngəzur dəhlizi məsələsi həll olunsun. Ərazilərimizdən erməni seperatçı, terrorçu qruplaşmaları uzaqlaşsın. Biz bu təklifləri veririk.

Təbii ki, bu olmayandan sonra Azərbaycan məcbur olub, 44 günlük müharibə ilə BMT-nin qətnamələrini yerinə yetirdi, indi də Rusiya sülhməramlılarının görmədiyi işi özü görəcək. Yəni bu bizim haqqımızdır, səlahiyyətimizdir. Biz ərazilərimizi erməni seperatçılarından, Ermənistan silahlı birləşmələrindən tamamilə təmizləyəcəyik. Onlar ya çıxıb getməli, yaxud da ölməlidirlər. Sərhədlərimizi də müəyyənləşdirmişik. Sərhədçilərimiz sərhəddə dayanıb. Onlar necə Zəngəzur dəhlizinə problem yaratdılar, biz də Laçın dəhlizinin bağlanması haqqında fikrimizi söyləyib əməlimizlə bunu icra edəcəyik”.

 

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva rəsmi Bakının Ermənistana təqdim etdiyi 5 bənddən ibarət sülh təkliflərinə aydınlıq gətirib. Onun sözlərinə görə, burada iki dövlət arasında münasibətlərin normallaşması üçün aşağıdakı beş baza prinsipləri əks olunub.

 

Həmin təkliflər aşağıdakılardır:

 

- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

 

- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

 

- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

 

- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

 

- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi