Modern.az

İlham Əliyev: Biz müharibəni ləyaqətlə aparmışıq

İlham Əliyev: “Biz müharibəni ləyaqətlə aparmışıq”

Qarabağ

17 Mart 2022, 13:00

“Biz uzun illər - 30 ilə yaxın beynəlxalq arenalarda, istər idman, istər siyasi arenalarında məğlub edilmiş ölkə kimi təmsil olunurduq. Bunu etiraf etmək nə qədər ağırdırsa, o qədər də sadədir. Yəni, biz həqiqəti olduğu kimi bilməliyik və deməliyik”.

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 17-də Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən deyib.

Prezident bildirib ki,  bu məğlubiyyətin səbəbləri var idi:

“Ovaxtkı antimilli hakimiyyətin xəyanətkarlığı, ordunun olmaması, Ermənistana xarici dövlətlərin göstərdikləri yardımlar – bütün bunlar var idi. Məhz bu amillər məğlubiyyəti şərtləndirmişdir. Amma həqiqət o idi ki, torpaqlarımız işğal altında idi və biz sübut etməli idik ki, nəyin bahasına olursa-olsun torpaqlarımızı işğalçılardan azad edəcəyik və etdik. Bir daha demək istəyirəm, hesab edirəm ki, o cümlədən idman sahəsində əldə edilmiş uğurlar, bayrağımızın qaldırılması, himnimizin səsləndirilməsi vətənpərvərlik hisslərini daha da gücləndirirdi və hər birimizə bir daha göstərirdi ki, əgər biz idman yarışlarında düşməni təmsil edən idmançıları məğlub edə biliriksə, döyüş meydanında da mütləq qələbə qazanacağıq. Belə də oldu.

Siz gənclər artıq başqa Azərbaycanı təmsil edirsiniz. Siz qalib gəlmiş müzəffər xalqı təmsil edirsiniz. Əminəm ki, o arenaya çıxanda sizin ürəyinizdə mütləq bu duyğular olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq, o cümlədən İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar. Siz də beynəlxalq yarışlarda əlbəttə ki, müxtəlif ölkələrdə olursunuz. Əminəm, bəlkə də siz gənclər yox, - çünki siz təzə-təzə beynəlxalq yarışlarda iştirak etməyə başlamısınız, - amma böyüklər, məşqçilər, idman mütəxəssisləri mütləq görür ki, Azərbaycana münasibət nə dərəcədə dəyişmişdir. Çünki biz qalib ölkəni, müzəffər xalqı təmsil edirik. Biz müharibəni ləyaqətlə aparmışıq, bütün müharibə qanunlarına riayət edərək aparmışıq. Biz mülki əhaliyə qarşı vuruşmamışıq, biz binaları bombalamamışıq, biz qəddarlıqla məşğul olmamışıq. Halbuki, xalqımızın ürəyində qisas hissi həmişə var idi. Çünki ermənilər tərəfindən bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır və qisas hissi mütləq olmalı idi. Ancaq mən demişdim ki, düşməndən intiqamı döyüş meydanında alacağıq. Bütün dünya, bütün hərbi ekspertlər artıq bunu dəfələrlə qeyd edirlər ki, Azərbaycan bu müharibəni həm böyük məharətlə, ustalıqla aparıb, qısa müddət ərzində istədiyinə nail olub, həm də bütün müharibə qanunlarına riayət edərək ləyaqətlə aparıb. Məhz buna görə düşmən tərəfində mülki əhali arasında itkilər 30-dan da az idi. O da məhz ona görə ki, o mülki vətəndaşlar döyüşlərdə iştirak edirdilər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi