"Əlbəttə, həm ikitərəfli, həm də beynəlxalq səviyyədə Azərbaycanla Gürcüstan arasında çox yaxın əməkdaşlıq əhəmiyyətlidir, lakin, eyni zamanda, Ermənistan da başa düşməlidir ki, onlar regionda təcrid edilmiş ada kimi yaşaya bilməzlər".
Modern.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda söyləyib.
Dövlət başçısı deyib ki, Ermənistan bizimlə münasibətləri normallaşdırmalıdır, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına son qoymalıdır və Cənubi Qafqazda üçtərəfli formatda əməkdaşlıqda tərəddüd etməməlidir.
Azərbaycan tərəfindən aparıcı beynəlxalq təşkilatların da dəstəklədiyi üçtərəfli görüşün keçirilməsi haqqında bir sıra təkliflərin verildiyini diqqətə çatdıran Prezident İlham Əliyev həmin təkliflərin Ermənistan tərəfindən rədd edildiyini bildirib.
"Biz Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız kimi qəbul edirik. Ümid edirik, onlar da tezliklə anlayacaqlar ki, Azərbaycan vətəndaşları kimi bütün hüquqlara və təhlükəsizlik təminatlarına sahibdirlər", - deyə ölkə başçısı fikirlərinə əlavə edib.
“Azərbaycan Ermənistandan fərqli olaraq çoxsaylı milli azlıqların nümayəndələrinin yaşadıqları ölkədir”, - deyən dövlət başçısı bildirib ki, onların hamısı ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşayır.
"Azərbaycanda erməni xalqının nümayəndələri də yaşayıblar və onlar heç vaxt hər hansı problemlə qarşılaşmayıblar. Buna görə də azərbaycanafobiya təbliğatına Ermənistanda son qoyulmalıdır. Ermanıstanın bizimlə bağlı yaratdığı miflər heç vaxt sülhə töhfə verməyəcək".
Ölkəmizdə yaşayış standartlarının Ermənistan və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan əraziləri ilə müqayisədə qat-qat üstün olduğunu qeyd edən dövlətimizin başçısı bildirib ki, Qarabağda yaşayan ermənilərdən müsbət ismarışlar gəlməkdədir və ilkin kontaktlar da başlayıb.
“Bu, bir daha bizim niyyətimizin təzahürüdür. Onlar vahid Azərbaycan dövlətində iqtisadi inkişafda iştirak edə, özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Amma bunun üçün ilk növbədə separatizm meyllərinə son qoymalı, reallıqları anlamalıdırlar. Xəritəyə, coğrafiyaya nəzər yetirməli və anlamadırlar ki, yüz minlərlə azərbaycanlı ən yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq və onlar belə bir mühitdə, qonşuluq şəraitində yaşamalı olacaqlar. Düşmənçiliyə son qoymalı, separatçıları təcrid etməlidirlər. Bunun da faydasını görəcəklər”, - deyə Prezident İlham Əliyev qeyd edib.