Modern.az

“Bu işin sirrini heç kim öyrənə bilməz” - Kəlbəcərə köç edən məşhur arıçı ilə MÜSAHİBƏ

“Bu işin sirrini heç kim öyrənə bilməz” - Kəlbəcərə köç edən məşhur arıçı ilə MÜSAHİBƏ

Qarabağ

11 May 2022, 10:36

Bu il Kəlbəcər yaylaqlarına 20 mindən artıq arı ailəsinin köçürülməsi planlaşdırılır. Artıq 500-dən çox fermer arıçılıq təsərrüfatlarını yaylaqlara aparmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin elektron portalında qeydiyyatdan keçib. Qeydiyyat prosesi aprelin 30-da başa çatıb.

 

Azad olunmuş ərazilərə ötən il olduğu kimi yenə də yalnız həmin rayondan olan fermerlərin təsərrüfatları köçürülür. Bu il Kəlbəcər yaylaqlarına Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən damazlıq arıçılıq və qoyunçuluq təsərrüfatlarının da köçürülməsi nəzərdə tutulur.

 

Kəlbəcər yaylaqlarına köç edənlərdən biri məşhur arıçı, ötən il prezidentə bal hədiyyə edən Sabir Mustafayevdir. Həyatını arıçılığa həsr edən Sabir Mustafayev Modern.az-a müsahibəsində doğma Kəlbəcərə köçdən, bu il üçün gözləntilərindən danışıb. Məşhur arıçı ilə müsahibəni təqdim edirik:

 

- Kəlbəcərdə köç edənlər arasında siz də varsınız. İşləriniz necə gedir? Bu il neçə arı ailəsini Kəlbəcərə köçürmüsünüz? 

 

- Kəlbəcərə qar yağır. Arıları ora yerləşdirib geri qayıtdıq. Bu dəfə təxminən 100 arı ailəsini köçürməyi planlaşdırmışam. Mayın 14-dən sonra yenidən Kəlbəcərə qayıdacağam. Həmin vaxtdan sonra hava şəraitinin yaxşılaşacağı gözlənilir. Arı qutularını bağlamamışıq, ancaq hava soyuq olduğu üçün işləmirlər.

 

- Ötən il ilk dəfə idi ki, Kəlbəcərə köç etmişdiniz. Sizinlə söhbətimizdə bəzi problemlərin olduğunu demişdiniz. Hazırda Kəlbəcərdə işləmək, orada yerləşmək üçün şərait necədir? 

 

- Ötən il çadırlarda qalırdıq. Bu il vaqon tipli yer hazırlamağı planlaşdırırıq. Uçuq bir ev var, keçən il oranı bir az təmir edib, bal süzümünü etdik. Kəlbəcər bizim yurdumuzdur, koma da olsa bizim bəsimizdir. Ərzaq məsələsi yaralı yerimiz idi. Ərzaq almaq üçün 2-3 gündən bir Gəncəyə getməli idik. Ancaq bu il soyuducu aparacağıq ki, istədiyimiz qədər ərzaq saxlaya bilək. 

 

- Ötən il cənab Prezidentlə görüşdən sonra bütün ölkə sizi tanıdı, günlərlə mətbuat sizdən danışdı. Bir anda məşhurluq qazanmaq işlərinizə necə təsir etdi?

 

- Bildiyiniz kimi, Kəlbəcər rayonunun Ağcakənd kəndində doğulmuşam. Ata-babadan arıçılıqla məşğul olmuşuq. Azərbaycanın bir neçə arıçılıq saxvozu var idi, onlardan biri Kəlbəcərdə yerləşirdi. O vaxtı Daşkəsənin arıçılıq saxvozu Kəlbəcərə köçürülmüşdü. Gözümü açandan qapımızda arı olub. Atamın arxasınca körük, ramka daşıyırdım. Böyüdüm, özümü daha da inkişaf etdirdim, kitablar oxudum. Arıçılığın sirrini heç kim öyrənə bilməz, amma müəyyən qədər öyrəndim. İndi işlərim şükürlər olsun ki, qaydasınadır. Doğma Kəlbəcərdə hər şey ürəyimizcədir.

 

- Kəlbəcərdən əvvəl arıları hansı bölgələrə aparırdınız? Əvvəlki illərlə müqayisədə məhsuldarlıqda artım varmı?

 

- Əvvəllər arıları Daşkəsənə aparırdım. Qış vaxtı isə Yevlağa gedirdik. Daşkəsəndə icarəyə yer götürmüşdüm. Keçən il risk edib arılarımın hamısını Kəlbəcərə aparmamışdım. Sonra anladım ki, çox böyük səhvə yol vermişəm. Çünki Kəlbəcərin məhsuldarlığı Daşkəsəndən üç dəfə çoxdur. Bizdə köçəri arıçılıqdır. Əslində bu cür olmasa, məhsul əldə edə bilmərik. Bir yerdə qalanda müştəri də az olur.

 

- Kələbəcərə köç etmək üçün minimum 40 arı ailəsi olmalıdır. Bilmək olar, sizin təsərrüfatda neçə arı ailəsi var?

 

- Hazırda 300 arı ailəm var. Onun 250-ni Kəlbəcərə aparmağı qərara almışam. Yerdə qalan 50-ni isə ya Daşkəsənə, ya da İsmayıllıya aparacam.

 

- Ötən il arıçılar Kəlbəcərdə vəhşi heyvanlarla rastlaşdıqlarını, hətta ayı gördüklərini deyirdilər. 

 

- Ayı bu il də var. Aprelin əvvəli Ağcakəndə getmişdim, iki ayı gördüm. Kəlbəcərdə ən çox rast gəlinən vəhşi heyvan ayıdır. Canavar, tülkü o qədər çox deyil.

 

- Bəs, bu sizin üçün təhlükəli deyil?

 

- Ayı qorunan heyvandır. Onun zərərsizləşdirmək şansımız olsa da, bunu edə bilmərik. Tək bir halda üstümüzə hücum etdiyini görsək, ayını zərərsizləşdirə bilərik.

 

- Arı sancması hallarına tez-tez rast gəlirik. Sizcə, arı sancması zamanı allergiyadan qorunmaq üçün nələr etməliyik?

 

- Arı sancaması allergiya və şok verə bilir. Şok zamanı mütləqdir ki, antihistamin vurulsun. Ancaq allergiya çox da qorxulu deyil, adi bir allergiya dərmanı içmək kifayət edir.

 

- Əsas məsələ çəkdiyiniz əziyyətin qarşılığıdır. Məsafə uzaq olduğundan köçün xərcləri də az deyil. Bu qədər əziyyətin qarşılığında əldə etdiyiniz gəlir sizi qane edirmi? Kəlbəcər balını keçən il neçəyə satırdınız?

 

- Kəlbəcərdən köçdüyümüz 29 ildir, cəmi bir il ziyanımız olub. Köç xərci çox olur, təkcə maşın xərci 6000 manatdır. Keçən il məhsullar baha qiymətə satıldı. Mənim çəkdiyim baldan 400 kiloqrama yaxını şəhid ailələrinə verildi, hərbçilərə pulsuz paylanıldı. Kəlbəcər balı 30-40 manat arası, yaylaq balı isə 50 manata satıldı. İstehlakçıların maddi vəziyyətini nəzərə almaq lazımdır. 100 kiloqram balım var, onu istədiyim qiymətə sata bilərəm. Amma bazar qiyməti təyin olunur. Camaatın alıcılıq qabiliyyəti də olmalıdır, mən ayağımı dirəyim ki, bu qiymətə satıram, alınmayacaq. Arıçı haramçılıq etməməlidir.

 

 

- Yaşayış şəraiti tam təmin olunduqdan sonra Kəlbəcərə birdəfəlik köçməyi düşünürsünüzmü?

 

- Əlbəttə, gedib öz yurdumda yaşayacağam. Oğlum var, onu elə böyütmüşəm ki, kəndi görməsə belə tanıyır. Cavanlardan getmək istəyənlər var. Amma işi, yaşayışı bəhanə edənlər də az deyil. Mən ailəmlə birlikdə Kəlbəcərə gedib, orada həyatıma davam edəcəyəm.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI