Ermənistan hakimiyyətinin ən yüksək vəzifəli şəxslərindən biri, parlamentin spikeri Alen Simonyan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində Qarabağın gələcək statusu barədə suallara cavab verib.
Modern.az xəbər verir ki, Alen Simonyan erməni tərəfinin bu məsələni Ermənistan-Azərbaycan danışıqlarında qaldırıb-qaldırmayacağı barədə heç nə deməyib.
Radionun erməni xidməti “Azatutyun”un yazdığına görə, Simonyan Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalıb-qalmayacağı məsələsinə də aydınlıq gətirməyib.
Azərbaycan tərəfi bildirir ki, Bakının sülh müqaviləsi ilə bağlı 5 bənddən ibarət təklifinə Ermənistanın “6 təklif”ini əslində təklif kimi də qiymətləndirmək olmaz.
Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanı sözügedən 6 təklifdə Dağlıq Qarabağın statusu barədə dəqiq fikir bildirməməkdə ittiham edir.
Son günlər Nikol Paşinyanın istefasını tələb edən müxalifət hökuməti “Qarabağı Azərbaycana təhvil verməkdə” ittiham edir.
Alen Simonyan deyib ki, Azərbaycanın təklifində nələrsə Ermənistanın xoşuna, Ermənistanın təkliflərində nələrsə Azərbaycanın xoşuna gəlməyə bilər.
Simonyan “Qarabağı Azərbaycanın tərkibində görürmü” sualına belə cavab verib:
“Qanunvericilik orqanının rəhbəri kimi mən danışıqlar prosesinin iştirakçısı deyiləm və bu barədə irəlicədən heç nə deyə bilmərəm. Bu suala xarici işlər naziri, hökumətin başçısı nəsə deyə bilər. Əgər mən indi bu barədə nəsə desəm, bu, danışıqlar prosesinə müdaxilə olacaq. Mənim bu prosesə qarışmaq ixtiyarım yoxdur”.
Alen Simonyan danışıqların təfərrüatları barədə də məlumat verməkdən imtina edib.
“Ermənistan tərəfi Qarabağ məsələsini millətlərin öz müqəddaratını müəyyən etməsi şəklində niyə qoymayıb” sualının cavabında Simonyan deyib:
“Ermənistanın təklifi elə status məsələsidir. Amma Ermənistanın status məsələsi barədə təklifi müzakirə mövzusudur. Burada sirr kimi saxlanan heç nə yoxdur. Danışıqlar vaxtı hər hansı nüans bir saat ərzində dəyişə bilər. Çox vaxt belə olur ki, Azərbaycan tərəfindən sənəd daxil olur. Biz bəzən bir sözü bir həftə müzakirə edə və dəyişikliyə çalışa bilərik. Amma müxalifət deyir ki, “elə indi və birbaşa mətnlə verin”. Belə olmur, axı”.
Alen Simonyan Qarabağ erməniləri üçün konkret olaraq hər hansı muxtariyyət barədə suala belə cavab verib:
“Baş nazirin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bu suallara artıq cavab verib. Daha doğrusu, o, baş nazirin belə bir mülahizəsini diqqətə çatdırıb ki, status məsələsi insan haqlarından irəli gəlir. Biz bunun əksini etmirik. Biz eyni şeyi nə qədər təkrar etsək də, nə qədər izah etsək də, qarşı tərəfdən tənqid səslənəcək. Amma onlar heç bir təklif vermirlər. Bu gün müxalifət nə təklif edir? Heç nə!”.
Alen Simonyan müsahibəsində Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiya barədə də danışıb. Deyib ki, birgə komissiya barəsində məlumatlar yaxın günlərdə veriləcək:
“Bu yaxınlarda biləcəyik. Bəli, komissiya işləyəcək. Amma bu prosesin texniki problemləri də var. Baş nazir səfər edib və prezident Putinlə göz-gözə görüşüb. Bütün bunlar vaxt qrafikini dəyişə bilər”.
Xatırladaq ki, razılaşmaya görə, sözügedən komissiyanın yaradılması aprelin sonlarına nəzərdə tutulmuşdu.