Bir vaxtlar Azərbaycanın işğal altında qalmış torpaqlarının guya Ermənistana aid olduğunu deyən erməni rəsmilər indi Qarabağın adını belə dilə gətirməkdən çəkinirlər. 44 günlük müharibədə biabırçı məğlubiyyətlə üzləşən Ermənistanda yüksək vəzifəli məmurlar, o cümlədən spiker Alen Simonyan çıxışlarında, eləcə də mediaya açıqlamalarda jurnalistlərin təkidli suallarına baxmayaraq, “Qarabağ Azərbaycanın tərkibində olmayacaq” ifadəsini işlətməkdən yayınırlar.
Alen Simonyan "Qarabağ Azərbaycanın tərkibində olmayacaq" ifadəsinin danışıqlar prosesinə maneçilik törətdiyini vurğulayıb və onu səsləndirməyin əleyhinə çıxıb.
Bundan başqa, Ermənistan fövqəladə hallar naziri Armen Pambuxçyan da “Qarabağ Ermənistandır” deməkdən imtina edib. O bəyan edib ki, onun Qarabağla bağlı mövqeyi hökumətin proqramında əksini tapıb.
"Mənim mövqeyim hökumət proqramında təqdim olunub. Hökumət bu məsələ ilə (Qarabağ problemi - red.) bağlı danışıqlar aparır. Düşünmürəm ki, fövqəladə hallar naziri bu danışıqlara münasibət bildirmək səlahiyyətinə malikdir. Amma sənəddə nə deyilirsə, onu hökumət proqramına uyğun olaraq, mən öz şəxsi nöqteyi-nəzərim hesab edirəm”, - Pambuxçyan bildirib.
Ermənistan rəsmilərinin Qarabağ mövzusuna həsas yanaşması nədən xəbər verir?
Bu barədə Modern.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, Ermənistanda vəzifəli şəxslərin təxribatçı çıxışlardan yayınması, Qarabağ mövzusunda həsasslıq nümayiş etdirməsi müsbət hal kimi qiymətləndirilməlidir.
Onun sözlərinə görə, əvvəllər "Qarabağ Ermənistanın ayrılmaz hissəsidir" deyənlər indi belə xain fikirlərdən yayınırsa, deməli, Qarabağın Azərbaycana aid olduğunu qəbul edirlər.
Politoloq hesab edir ki, İrəvan hakimiyyəti Azərbaycan dövlətinin yaratdığı reallıqlarla barışmaq məcburiyyətindədir. Onun fikrincə, Qarabağ məsələsinə ehtiyatlı davranış Bakını narazı salmamağa hesablanıb:
"Onsuz da danışıqlar prosesində müzakirə edilən reallıqlar açıq-aşkar göstərir ki, Qarabağla bağlı heç bir fərqli düşüncə yoxdur. Revanşistləri və Qarabağ klanını çıxmaqla Ermənistanda böyük bir kütlə Qarabağın dağlıq hissəsinin Azərbaycanın tərkibində qalmasına və Azərbaycanın onların təhlükəsizliyinə nəzarət etməsinə razıdırlar. Bu fikir həm sülh danışıqlarında, həm də ictimai rəydə özünə möhkəm yer tutur. Mənə elə gəlir ki, bundan sonrakı danışıqlar prosesində dediklərimiz artıq həqiqətə çevriləcək və sülhə dair əldə ediləcək sənəddə bunlar öz əksini tapacaq".
"Bundan başqa, prosesi uzatmağa çalışanlar, bəlkə geri qaytardıq xəyalı ilə yaşayanlar var. Ancaq nə vaxta qədər bu barədə düşünəcəklər. Onların hazırda iki seçimi var: ya sərhədlərin delimitasiya və demarkasiyasına razılıq verib, kommunikasiya xətlərinin açılmasına şərait yaradıb, sülh müqaviləsini imzalayacaqlar, yaxud da belə qeyri-müəyyən vəziyyətdə qalacaqlar. Nəticədə Azərbaycan bütün prosesləri əlində olan digər vəsaitlərlə həyata keçirəcək. Hər halda Ermənistanda əvvəlki davakar, millətçi ab-hava sönməkdədir", -deyə Q. Hüseynli fikirlərini tamamlayıb.