Modern.az

Əlvida, Minsk Qrupu! - Həmsədrlər pensiyaya yola salınır

Əlvida, Minsk Qrupu! - Həmsədrlər pensiyaya yola salınır

Qarabağ

18 İyun 2022, 11:50

Azərbaycanın tarixi qələbəsilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra ATƏT-in Minsk Qrupu adlı təşkilat faktiki olaraq əhəmiyyətini itirib. 30 ilə yaxın müddət ərzində heç bir iş görməyən, yalnız turistik səfərlərlə baş aldadan həmsədr institutu artıq tarixin qaranlıq arxivinə qovuşub.

 

Ermənistan tərəfi ölü doğulmuş "üçlüyü" diriltməyə çalışsa da, Azərbaycan lideri Minsk Qrupunun taleyi ilə bağlı son nöqtəni Qlobal Bakı Forumunda qoyub. Dövlət başçısı çıxışında bu məsələyə toxunaraq həmsədrlərin pensiyaya çıxmaq vaxtının çatdığını bəyan edib.

 

"Sizin bilməyinizi istədiyim digər bir məsələ ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə fərziyyələrlə bağlıdır. Minsk qrupu 1992-ci ildə təsis edilib və onun mandatı münaqişənin həllinə yardım etməkdən ibarət olub. Lakin faktiki olaraq onun fəaliyyəti sıfırla nəticələnib. Təsəvvür edin ki, ATƏT-dən mandat almış bu qrup 28 il ərzində heç bir nəticə əldə etməyib. Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur. Hesab edirəm ki, hər kəs bunu anlayır. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra aydındır ki, Minsk qrupunun üç həmsədr ölkəsi bir araya gələ bilməz və biz bununla bağlı artıq mesajlar almışıq – bu qrupun həmsədrlik institutu fəaliyyət göstərməyəcək. Yəni, Minsk qrupu funksiyasını itirib. Bunu yenidən dirçəltmək cəhdləri də səmərəsizdir. Düşünürəm ki, bunun ən yaxşı yolu Minsk qrupuna əlvida deməkdir. Təşəkkür edirik və əlvida. Yox, yalnız əlvida demək olar. Yəni, 30 il kifayətdir, təqaüdə çıxmaq vaxtıdır",- deyə Prezident İlham Əliyev vurğulayıb.

 

Azərbaycanın təqaüdə göndərdiyi Minsk Qrupunu İrəvanın və erməni himayədarlarının yenidən gündəmə gətirmək cəhdləri nədən xəbər verir? Münaqişə bitibsə, bu qrup kimə lazımdır? 

 

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov bildirib ki, Minsk Qrupu ilə bağlı məsələdə bir neçə məqama diqqət yetirmək lazımdır:

 

"Birincisi, Minsk Qrupu nə vaxt yaradılmışdı və məqsəd nə idi? Bildiyimiz kimi, Minsk Qrupu 1992-ci ildə yaradılıb və qrupun yaradılma məqsədi Azərbaycanla Ermənistan arasındakı problemin, münaqişənin həll edilməsi olub. Minsk Qrupu bu missiyanı 28 ildə yerinə yetirməyib. Nəticəsiz fəaliyyət göstərib. Məsələ burasındadır ki, həmsədr ölkələri pərdəarxasında qarşılarına qoyduqları məqsədə nail olmağa çalışırdılar. Bu məqsəd münaqişənin Ermənistanın xeyrinə həll edilməsinə nail olmaq idi. Bunlar Ermənistanla birlikdə çalışdılar ki, Azərbaycanın iradəsini qırsınlar. Azərbaycanı məcbur etsinlər ki, təslimiyyət sənədinə qol çəksin və ərazilərinin bir hissəsinin Ermənistana verilməsinə razılaşsın. Amma buna nail olmadılar. Nəticədə Azərbaycan özü torpaqlarını işğaldan azad edərək, onların planlarını alt-üst etdi".

 

Deputat münaqişə dövründə aparılan danışıqlarda Minsk Qrupunun Ermənistanla eyni mövqedə olduğunu xatırladıb:

 

"Mən həmişə deyirdim ki, danışıqlar prosesində tərəflər nisbəti, qüvvələr nisbəti dördün birədir. Ermənistan və 3 həmsədrin qarşısında Azərbaycan tək idi. Onlar bilərəkdən, yaxud nəyə görəsə qarşıya qoyulan vəzifəni yerinə yetirmədilər. Azərbaycan isə 44 günlük Vətən müharibəsini zəfərlə başa vuraraq, torpaqlarını işğaldan azad etdi. Əslində bu qrupun etməli olduğunu biz özümüz etdik. Bundan sonra Minsk Qrupuna nə ehtiyac var? Cənab Prezident hələ müharibə dövründə, eyni zamanda müharibənin bitməsinin ilk günlərində də Minsk Qrupunun lazımsızlığını dilə gətirdi. Bunu onların özünə də dedi".

 

 

E. Məmmədovun sözlərinə görə, Ermənistan tərəfi həmsədr üçlüyünü yenidən işə salmağa çalışsa da, buna nail ola bilməyəcək:

 

"Mümkün deyil, bu plan baş tutmayacaq. Bəlkə də, bu cəhd Rusiya və Ukrayna arasında müharibə başlayana qədər gündəmdə ola bilərdi. Ancaq bu gün vəziyyət tamamilə başqadır. Hazırda Amerika Birləşmiş Ştatları ilə Fransa bir tərəfdə, Rusiya isə əks mövqedədir. Hər üç ölkə müharibə şəraitindədir. Bizim bu qrupa ehtiyacımız yoxdur. Cənab Prezident dedi ki, xoş getdiniz, sağolun. Onların gördüyü işlər göz qabağındadır. 28 il ərzində onlar sadəcə müharibənin uzanmağına xidmət etdilər. Azərbaycan əleyhinə fəaliyyət göstərdilər. Axırda Azərbaycan onlara da, erməni işğalçılarına da qalib gəldi. Bundan sonra Minsk Qrupu bizə lazım deyil".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi