Modern.az

Milli Qəhrəmanların Qarabağa səfərləri təşkil olunsun! - TƏKLİF

Milli Qəhrəmanların Qarabağa səfərləri təşkil olunsun! - TƏKLİF

2 İyul 2022, 10:04

Vətən Müharibəsindən sonra işğaldan azad edilmiş bölgələrin minalardan təmizlənməsinə və təhlükəsizlik tədbirlərinə diqqət etmək şərtilə Qarabağa səfərlərin təşkilinə başlanıldı. Öncə dövlət rəsmiləri, xarici diplomatların və media təmsilçilərinin səfərləri həyata keçirildi, daha sonra müəyyən edilmiş marşrutlar üzrə avtobus reysləri açıldı. 

 

“Şuşa ili” çərçivəsində müxtəlif tədbirlərə ev sahibliyi edən Azərbaycanın mədəniyyət paytaxtı minlərlə turistin ziyarət məkanına çevrildi. Belə bir məqamda Milli Qəhrəmanlarımızın da Qarabağa səfərinin təşkil edilməsi ilə bağlı təkliflər irəli sürülür.

 

Milli Qəhrəmanların müəyyən qrup şəklində azad edilmiş ərazilərə səfər etmədiyini nəzərə alsaq, uğrunda döyüşdükləri torpaqları bir daha azad görmək onların da haqqıdır.

 

 

Bununla bağlı Modern.az-a danışan Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov təklifləri dəstəklədiyini bildirib. İbad Hüseynov Milli Qəhrəmanların buna haqqının çatdığını söyləyib:

 

“Azad olunmuş ərazilərimizi hər bir vətəndaşımızın ziyarət etməsi arzuolunandır. Hər kəs orada aparılan quruculuq, abadlıq işləri ilə tanış ola bilər. 30 ilə yaxın həsrət qaldığımız torpaqları geri qaytarmaq uğrunda canını qurban verən şəhidlərimizi yad etmək bizim borcumuzdur. Milli Qəhrəmanlarımızın səfərlərinin təşkil edilməsinə gəlincə, düşünürəm ki, azad edilmiş bölgələrimizə getməyə onların daha çox haqqı çatır. İnanıram ki, müraciət edilib, səfər təşkil olunacaq və Milli Qəhrəmanlarımız azad edilmiş ərazilərə gedəcəklər”.

 

Milli Qəhrəman Ehtiram Əliyev isə Vətən Müharibəsindən sonra azad edilmiş torpaqları ziyarət etdiyini vurğulayıb:

 

“Mən bir neçə dəfə şəxsi təşəbbüsümlə icazə alaraq Qarabağa getmişəm. Əslində ilk səfərlər təşkil ediləndə Milli Qəhrəmanlar da uğrunda vuruşduqları torpaqları ziyarətə aparıla bilərdi, onların buna haqqı var idi. İndi artıq gecdir. Demək olar ki, hamı ora gedib. Gedə bilməyənlərin də səhhəti imkan vermir, indi səfər təşkil edilsə belə gedə bilməyəcəklər. Hər bir halda Milli Qəhrəmanların Qarabağa birgə səfərinin təşkil olunması haqqında təkliflər alqışlanmalıdır. Ümid edirik ki, buna biganə yanaşılmayacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI