Modern.az

Laçın təxribatı Soçi masasında - Ərdoğan Putinlə görüşə bu mesajlarla getdi

Laçın təxribatı Soçi masasında - Ərdoğan Putinlə görüşə bu mesajlarla getdi

5 Avqust 2022, 15:08

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşdə Qarabağda baş verən son hadisələri müzakirə edəcək. Liderlərin görüşündə digər aktual mövzularla yanaşı, son günlər Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar fikir mübadiləsi aparılacaq. Qarabağ mövzusu hər iki tərəfin razılığı ilə görüşün gündəliyinə daxil edilib.

 

Terror və təhlükəsizlik üzrə türkiyəli ekspert Abdulla Ağar Modern.az-a açıqlamasında bildirib ki, Ərdoğanın Soçi səfərində Qarabağ məsələsi gündəm olacaq:

 

“Bu gün əsas mövzu olaraq Qarabağ müzakirə ediləcək. Məsələ təkcə baş verən münaqişələr, rusların ətəyi altında gizlənən ermənilər və onların Qarabağ bölgəsini istismar etməsi deyil. Əsas məsələ rusların prosesləri istismar etməsi və istismara yol verməsidir. Bu məqamda çox maraqlıdır ki, ruslar Azərbaycan şəhid verdikdən sonra antiterror əməliyyatına başladıqda qardaş ölkəni atəşkəsi pozmaqda ittiham edir.

 

Cənab İlham Əliyevin “Putin söz verdi” deməsini yaxşı xatırlayıram. Putin həqiqətən vədinə əməl edəcəkmi? Geridə qalan Azərbaycan torpaqları və həmin torpaqlarda yaşayan Ermənistan vətəndaşları nə vaxt Azərbaycana təhvil veriləcək? Yoxsa Azərbaycanı yeni oyun gözləyir?".

 

Türkiyəli ekspert vurğulayıb ki, Ermənistan rusların nəzarətində olan ərazidə qondarma “Artsax” dövlətini dirçəltməyə başlayır:

 

“Müharibədən sonra imzalanmış atəşkəs çərçivəsində Azərbaycan üzərinə düşəni edib. Laçına yol açsa da, ermənilər niyə Laçını tərk etmir? Yoxsa 30 il əvvəl rusların himayəsi ilə Suriyadan gətirdikləri ermənilərlə yanaşı, Laçını hələ də Ermənistanın mülkü kimi görürlər? 

 

Azərbaycan hazırda çox güclü qüvvələr ilə savaşır. Bu yolda Azərbaycan İkinci Qarabağ müharibəsində olduğu kimi bu gün də tək deyil. Türkiyə Azərbaycanın yanındadır. Ermənilər Qarabağdan çıxarılana qədər Azərbaycan birlikdə düşmənlərə qarşı savaşacağıq”.

 

Qeyd edək ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Azərbaycan Ordusu buna cavab olaraq “Qisas” əməliyyatı keçirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi