Modern.az

Oktyabrın 4-də Cəbrayıl azad edilməsəydi... - Müharibənin dönüş nöqtəsi

Oktyabrın 4-də Cəbrayıl azad edilməsəydi... - Müharibənin dönüş nöqtəsi

Qarabağ

4 Oktyabr 2022, 12:46

Oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan işğalından azad edilməsinin ikinci ildönümüdür.

 

Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, 4 oktyabr tarixində isə Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad edib. 

 

Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad olunub. 

 

Cəbrayıl şəhərinin işğaldan azad edilməsini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib. Bununla da azad edilən ilk şəhərdə üçrəngli Azərbaycan bayrağı ucaldılıb.

 

Onu da bildirək ki, Azərbaycan Respublikasında “Cəbrayılın azad olunmasına görə” medalı təsis olunub.  Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif ediliblər.

 

Bəs Cəbrayılın azad olunması döyüşün taleyini necə dəyişdi?

 

 

Bu barədə Modern.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Cəbrayılın işğaldan azad edilməsi ilə müharibənin gedişində ciddi dönüş yaranıb:

 

"27 sentyabrdan başlayan döyüşlər faktiki olaraq oktyabrın 3-nə qədər Azərbaycan Ordusunun istədiyi şəkildə getməyib. 27 sentyabrda Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, daha sonra Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri və Ağdərə, Murovdağ istiqamətlərindəki yüksəkliklər azad olunub. Gözlənildiyi kimi döyüşlər heç də asan getməyib. İlk günlər çətinliklərimiz olub. Ancaq bir neçə gün sonra komandanlıq çox ciddi qərarlar verib. Cəbrayıl qətiyyətli qərarların və addımların nəticəsi olaraq azad edilib. Cəbrayılın azad edilməsi müharibənin gedişində ciddi dönüş yaradıb. Bununla da düşmənin və ona havadarlıq edən qüvvələrin Azərbaycan Ordusu ilə bağlı planları puça çıxıb, nəticədə biz istədiyimizi əldə etmişik".

 

Hərbi ekspertin sözlərinə görə, Cəbrayılın işğaldan azad edilməsi sonrakı uğurların başlanğıcı olub:

 

"Cəbrayılın azad edilməsi Azərbaycan Sərhəd Xidmətinin və Müdafiə Nazirliyinin sonrakı mərhələdə Zəngilan və Qubadlı istiqamətində aparacağı hərbi əməliyyatların daha uğurlu keçməsi üçün zəmin yaratdı. Cəbrayılı itirən düşmən başa düşdü ki, müharibənin bundan sonrakı mərhələsi onlar üçün çətin olacaq. Doğrudan da, belə oldu. Bundan sonra demək olar ki, hər gün bir ərazinin işğaldan azad edilməsi ilə bağlı xəbər paylaşırdıq. Düşmənə maddi və mənəvi dəstək verən qüvvələr də bu istiqamətdən istifadə edirdi. Hətta indi Azərbaycana dil uzadan İranın qoşunları Ermənistanın istəyi ilə bu əraziyə daxil olmuşdu. Azərbaycan İran qoşunlarının ərazidən çıxması üçün diplomatik xəbərdarlıq vermək məcburiyyətində qaldı. Bu isə müharibənin gedişini ləngitdi".

 

Ekspert hesab edir ki, İran hərbçilərinin Azərbaycan ərazisinə daxil olmasında məqsəd ermənilərin qaçmasına şərait yaratmaq idi:

 

"Azərbaycan hər zaman İrana hörmət edib. Bu dəfə də Azərbaycan sərhədini kobud şəkildə pozan İran əsgərlərinə qarşı hərbi müdaxiləyə əl atmadı. İrana başa salındı ki, ermənilər onları tora salıb, öz aventürist siyasətinə alət edir. Nəhayət, İran əsgərləri ərazidən çıxdılar. Bu zaman kəsiyində ermənilər bölgədən öz silah-sursat və canlı qüvvəsini çıxardılar. İranın bizim ərazimizə daxil olmasının səbəbi elə bu idi. Yoxsa, İran bilirdi ki, bura Arazın şimal tərəfidir və orada qala bilməz".

 

Xatırladaq ki, Cəbrayıl işğaldan azad edildikdən sonra 72 ümumtəhsil məktəbinin, 8 xəstəxananın, 132 tarixi abidənin, 150 mədəniyyət ocağının, 100-ə yaxın kəndin, həmçinin türbələrin, məqbərələrin, məscidlərin erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılması faktı müəyyən edilib.

 

İlkin ehtimallara əsasən, ermənilər Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan vurub. Cəbrayıl rayonundan olan insanların hüquqları pozulub və 27 il davamlı qaçqınlıq həyatı yaşamağa, qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmağa məcbur qalıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır