Modern.az

Sülhdən sonra ermənilərlə dost olacağıq?

Sülhdən sonra ermənilərlə dost olacağıq?

Qarabağ

12 Oktyabr 2022, 10:22

Azərbaycan və Ermənistan arasında bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanması gözlənilir. Prezident İlham Əliyev 6 oktyabr 2022-ci il tarixli Praqa görüşündən sonra yerli televiziya kanallarına müsahibəsində bildirib ki, sülh müqaviləsi imzalanarsa, Azərbaycan və Ermənistan arasında düşmənçilik səhifəsi bağlanacaq.

 

"Sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. Əminəm ki, buna tez nail olmaq mümkündür. Bununla biz müharibə, düşmənçilik səhifəsini qapadacağıq",- deyə Prezident söyləyib.

 

Bəs, sülhdən sonra azərbaycanlılar və ermənilərin normal qonşuluq prinsipləri əsasında yaşaması mümkündürmü?

 

Məsələ ilə bağlı Modern.az-a danşan Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov Azərbaycanın sülh şəraitində yaşamağa hazır olduğunu bildirib.

 

“Cənab Prezident 44 günlük Vətən müharibəsindən sonra dəfələrlə deyib ki, biz Ermənistanla müharibə səhifəsini çevirmək istəyirik. İndi əməkdaşlıqdan, sülhdən danışmaq vaxtıdır. Praqa görüşündə də Prezident bir daha bunu bəyan etmiş oldu. Biz torpaqlarımızı işğaldan qurtarmışıq. İndi digər qonşularımız kimi, ermənilərlə də sülh şəraitində yaşamaq və mehriban qonşuluq əlaqələri qurmaq istəyirik. Buna görə də, Ermənistanı düşmənçilik və işğalçılıqdan, qonşu dövlətlərə, o cümlədən Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyə çağırırıq”.

 

 

Lakin deputat hesab edir ki, sülh müqaviləsi bağlansa da, Ermənistan tərəfi səmimi olmayacaq:

 

“Ermənilər tarixən xəyanatlə, etibarsızlıqla, hiyləgərlikə, harada yaşayıblarsa, orada ərazi iddiası qaldırmaqla yadda qalıblar. Bunların xarakteri satqınçılıq, xəyanət və işğalçılıqdan ibarətdir. Biz dediyimiz sözlərdə səmimi olduğumuzu həmişə göstərmişik. Amma indiyə qədər erməniləri bu mənada səmimi görməmişik. İnanmıram ki, bundan sonra bunun şahidi olaq".

 

Onun sözlərinə görə, ermənilər sülh şəraitində, mehriban qonşuluq şəraitində yaşamaq üçün həmişə güc görməlidirlər:

 

“Bu mütləqdir. Əks halda, onlar nə sülhə, nə də etibarlı əməkdaşlığa razı olacaqlar. Bu, birmənalı şəkildə belədir. Ermənistanın Baş naziri Nikol Paşinyanın Praqada Azərbaycanla razılaşması, Azərbaycanın ərazi bütövlüyünü tanıması ölkəmizin diplomatik uğurunun nəticəsidir. Məncə, ermənilərdən mehriban qonşuluq gözləməyə dəyməz”.

 

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə bildirib ki, bütün müharibələr bitdikdən sonra münaqişə edən xalqlar arasında dostluq və mehriban qonşuluq əlaqələri yaranır:

 

“Düzdür, bizimlə Ermənistan arasında problem böyükdür. Yaxın qonşuluq əlaqələri tədricən, hətta mən deyərdim çox ləng yaranacaq. Amma bu baş verməlidir. Nə biz buradan çıxıb gedəcəyik, nə də onlar çıxıb gedəsidir. Eyni zamanda, regionun inkişaf etməsi üçün lazım olan infrastrukturun yaradılması naminə bütün imkanlardan istifadə etmək lazımdır. O cümlədən, Zəngəzur dəhlizi mütləq açılmalıdır”.

 

 

Q.Hüseynli azərbaycanlılar və ermənilərin sülh içində yaşayacağına ümidli olduğunu söyləyib:

 

“Bəli, dəfələrlə ermənilər imkan tapan kimi bizə xəyanət edib. Ancaq bu xına, o xınadan deyil. Artıq hər iki dövlət suverendir. Torpaqlarımızda yaşayan ermənilər bizim vətəndaşlığı, suverenliyimizi qəbul edəcəklərsə, bizim vətəndaşlar kimi bütün hüquqlardan istifadə edəcəklər. Cənab Prezidentin dediyi kimi, indiki yaşayışlarından qat-qat yüksək səviyyədə yaşayacaqlar. Mən ümidliyəm. Həm də burada başqa çıxış yolu yoxdur axı”.

 

Politoloq ortada iki variantın olduğunu diqqətə çatdırıb: bunlar sülh və müharibədir: 

 

“Biz sülhü seçirik. Onların hansı yolu tutacaqlarını zaman göstərəcək. Müharibə üçün Ermənistanın nə hərbi gücü, nə də maliyyəsi var. Azərbaycan Ermənistandan qat-qat güclü dövlətdir. Biz müharibəni seçmiriksə, onlar kasıb ola-ola, sosial vəziyyətləri gərgin olduğu halda müharibəni necə seçəcəklər? Axı, onların ordusu tamamilə dağılıb. Üstəlik sülhyaratma prosesinə Avropa Birliyi vasitəçilik və köməklik edir. Zənnimcə, birlik xalqlararası  uzlaşmanı təmin etmək üçün maksimum qüvvə sərf edəcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi