Modern.az

Erməni milyarder Moskvaya getdi - Vardanyan Kremllə məsləhətləşəcək

Erməni milyarder Moskvaya getdi - Vardanyan Kremllə məsləhətləşəcək

15 Oktyabr 2022, 09:02

Sentyabrda Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçən İrəvan əsilli milyarder Ruben Vardanyanla bağlı yeni xəbər var.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Vardanyan Moskvaya gedib. Səfərin məqsədi barədə məlumat verilmir.

Qeyd edək ki, Qarabağ separatçılarının başçısı Arayik Autyunyan bir müddət öncə ona “Artsaxın dövlət naziri vəzifəsi”ni tutmaq üçün açıq təklif vermişdi. Vardanyan isə cavabında ona müvafiq səlahiyyətlər verilsə, razılaşacağını bildirmişdi.

İndi Vardanyanın gözlənilmədən Moskvaya getməsi bəzi suallar doğurub.

Mümkündür ki, Vardanyan “Artsaxın dövlət naziri vəzifəsi”nə təyinatdan əvvəl Rusiyanın siyasi dairələri ilə məsləhətləşmələr aparmağa gedib. Çünki Ruben Vardanyanın “Kremlin proyekti” olduğu barədə məlumatlar var. Qeyd olunur ki, erməni milyarderin Kremlin sahibi Vladimir Putinin icazəsi olmadan Rusiya vətəndaşlığından imtina etməsi, həm də oradakı biznesini qoruyub saxlaması qətiyyən mümkün deyil.

Moskvanın xüsusi missiya ilə regiona atdığı “erməni desant”ın kapitalına gəlincə, 2021-ci ildə "Forbes" jurnalı  Vardanyanın sərvətini 1 milyard dollar qiymətləndirib.

Vardanyan Ermənistanın keçmiş rəhbərliyinə yaxınlığı ilə tanınır. Ermənistanın indiki baş naziri Nikol Paşinyanla soyuq münasibətləri var. 

Bəzi siyasi ekspertlər deyirlər ki, Rusiya Vardanyan fiquru ilə “Qarabağ faktoru”nu canlandırır ki, sülh danışıqlarında Paşinyanın mövqeyinə bu yolla müdaxilə edə bilsin. 

Digər versiyaya görə, Rusiya Vardanyanın Ermənistan siyasətinə girişi üçün Qarabağ faktorundan tramplin kimi istifadə edir. Rusiya üçün Cənubi Qafqazı təsir dairəsində saxlamaq nə dərəcə də vacibdirsə, Putin üçün onun planlarını qərbyönümlü siyasəti ilə təhdid edən Paşinyanı devirmək həm də prinsip məsələsidir.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi