Modern.az

Zəfərimizin 2 ili: Dünya bizdən danışır - BEYNƏLXALQ REAKSİYALAR

Zəfərimizin 2 ili: Dünya bizdən danışır - BEYNƏLXALQ REAKSİYALAR

Qarabağ

7 Noyabr 2022, 10:30

Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə hərb tarixində yeni bir səhifə açdı. 30 il işğal altında qalmış Qarabağın cəmi 44 günə azad edilməsi dünyanın aparıcı hərbi mərkəzləri tərəfindən möcüzə kimi qiymətləndirilir. Xüsusilə də Azərbaycan xüsusi təyinatlılarının sıldırım qayaları aşaraq əlbəyaxa döyüşlərlə Şuşanı işğalçılardan təmizləməsi hələ də beynəxalq müstəvidə müzakirə mövzusu olaraq qalır.

 

Ümumilikdə Vətən Müharibəsinə beynəlxalq reaksiyalar necədir?

 

Azərbaycan Ordusunun Şuşa möcüzəsi

 

 

Modern.az bildirir ki, hazırda müharibə gedən Ukraynanın Prezident Aparatı rəhbərinin müşaviri, tanınmış hərbi-siyasi icmalçı Aleksey Arestoviç İkinci Qarabağ müharibəsindən danışarkən Şuşanın işğalıçılardan geri alınmasına diqqət çəkib və bu əməliyyatın hərb tarixi kitablarına salınacağını bildirib:

 

“Azərbaycan Qarabağın qədim paytaxtı, böyük simvolik əhəmiyyətə malik şəhəri - Şuşanı geri qaytardı. Ermənilər Azərbaycan Ordusunun PUA-lar olmadan heç bir şey edə bilməyəcəyinə əmin idilər, ancaq azərbaycanlılar kiçik dəstələr və yüngül minaaltanlarla dağların arasından keçərək zirehli texnikayla qorunan şəhəri alıb”.

 

A.Arestoviç digər müsahibəsində 2016-cı ilin aprel döyüşlərinin 44 günlük müharibəyə təsirlərini də dəyərləndirib:

 

“2016-cı ilin dördgünlük Aprel müharibəsi Ermənistan tərəfini tamamilə rahatlaşdırdı. Bəli, Ermənistan ordusu həmin vaxt məğlub oldu, lakin onların ərazi itkiləri elə də böyük deyildi və müharibə çox tez qurtardı. Görünür, onlar həmin vaxtdan etibarən elə düşünməyə başladılar ki, Azərbaycanla istənilən yeni müharibə bu dəfə də davamlı olmayacaq, qabaqcıl dünya dövlətləri onu dayandıracaqlar. Deməli, Azərbaycan Ordusunun yenidən güclü silahlanmasına xüsusi diqqət yetirmək lazım deyil. Avqustda Azərbaycan-Türkiyə hərbi təlimləri keçirildikdən sonra mənə aydın oldu ki, Ermənistan və Azərbaycan arasında tezliklə müharibə olacaq. Tamamilə aydındı ki, Azərbaycan bu dəfə Ermənistan tərəfinin istənilən təxribatına çox güclü və sərt cavab verməyə hazırlaşır. Bununla belə, döyüş əməliyyatlarının bu dəfə nə qədər davam edəcəyi, onların indiki miqyasının necə olacağı məsələsi açıq olaraq qalırdı”.

 

44 günlük Vətən müharibəsi dünyada bir ilkdir

 

 

Rusiyalı hərbi ekspert və jurnalist, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko isə müharibənin tərəflərin mövqelərinə təsiri məsələsinə toxunub:

 

“Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan siyasi opponentlər kimi çıxış edirdilərsə, hər kəs öz ölkəsinin mövqeyini təmsil edirdisə, 44 günlük müharibənin nəticələri hər şeyi yerbəyer etdi - Azərbaycan və Prezident İlham Əliyev hərbi-siyasi qələbə qazandı, Paşinyan və Ermənistan isə təslim oldular. Azərbaycan beynəlxalq hüquq prinsiplərinə, BMT Nizamnaməsinin baza prinsiplərinə əsaslanaraq, ölkənin, ordunun, xalqın imkanlarına arxalanaraq bu məsələni həll etdi. İndi hər şey öz yerini aldı. Azərbaycan bu yumruqla erməni təcavüzkarına sarsıdıcı zərbə endirdi və Ermənistan çox sayda ölü və yaralı itirərək təslim olmaq məcburiyyətində qaldı”.

 

Korotçenkonun sözlərinə görə, müharibə zamanı erməni əsgərləri döyüş ruhunu itirib.

 

“On min erməni fərarisi - ay yarım ərzində bu sayda fərari heç bir müharibədə görünməmişdi. Biz Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyevin siyasətinin zəfərini, Azərbaycan generallarının hərb sənətinin zəfərini görürük. Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi tarixən əvvəlcədən müəyyən edilmişdi və qaçılmaz idi. Prezident İlham Əliyevin “Valday” Forumunda dediyi “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri yalnız peyğəmbərcəsinə deyilmiş söz deyildi, bu, dediyinə cavabdeh olan, buna əməli işlərdə nail olan liderin sözləri idi”, - deyə hərbi ekspert əlavə edib.

 

Azərbaycana qardaş dəstəyi

 

 

Türkiyəli hərbi ekspert Abdullah Ağar isə 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsini Türkiyə-Azərbaycan əməkdaşlığı çərçivəsində qiymətləndirib:

 

“44 gün davam edən müharibə dövründə Türkiyə Azərbaycana həm mənəvi, həm beynəlxalq hüquq çərçivəsində dəstək göstərdi. Müharibə zamanı Türkiyənin göstərdiyi mənəvi, siyasi, diplomatik dəstəklər, o cümlədən hərbi əməkdaşlıq müharibənin qələbə ilə bitməsinə təzahür etdi. Ancaq burada əsas həqiqət odur ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan ordusunun, xalqının gücü sayəsində qələbə qazanıldı. Türkiyə dost, qardaş olaraq etməli olduğu və əlindən gələn dəstəyi göstərdi”.

 

Dünyada ilk dron müharibəsi

 

 

“Azərbaycan İkinci Qarabağ müharibəsi ilə hərb tarixində ilkə imza atdı. Ənənəvi artilleriya hücumu ilə yanaşı, ilk dəfə İsrail və Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları – dronlardan istifadə etdi”, - bu fikirləri isə Almaniyanın nüfuzlu hərbi mütəxəssisi, tanınmış ekspert Ulrike Franke səsləndirib.

 

O bildirib ki, Ermənistanla Azərbaycan arasında baş vermiş İkinci Qarabağ müharibəsi tarixdə dronla qazanılmış ilk müharibədir:

 

“Azərbaycan bir ilkə imza atdı. Təbii ki, Ermənistan bunu heç gözləmirdi. Təsəvvür edin, artilleriya qurğularını bir yerə toplayırsınız, hücum etməyə hazırlaşarkən qəfil başınızın üstündə bir dron peyda olur. Bir atışla bütün texnika və şəxsi heyət məhv olur. Bildiyiniz kimi, Şuşa olduqca strateji yerdə yerləşir, ərazi dağlıqdır. Şuşa əməliyyatı zamanı dumanlı hava dronların uçuşuna mane olmuşdu. Azərbaycan Ordusu xüsusi təyinatlılarının hesabına Şuşanı küçə döyüşü ilə geri aldı”, - deyə xanım Franke qeyd edib.

 

Şuşa döyüşlərinə Amerikadan baxış

 

 

Amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə mütəxəssis Peter Teys da Şuşanın azad olunması əməliyyatına toxunaraq, Azərbaycanım tarixi qələbəyə imza atdığını söyləyib:

 

“Qarabağ Azərbaycandır və bu, beynəlxalq hüququn aliliyi, Azərbaycan xalqının rifahı, üçün eləcə də regional təhlükəsizlik və Avropa Birliyinin təhlükəsizlik sistemi üçün mühüm əhəmiyyət daşıyır”.

 

Hərbi ekspertlər üçün əsl sürpriz

 

 

Müdafiə və Strateji Araşdırmalar üzrə Alman İnstitutunun (GIDS) elmi referenti, polkovnik-leytenant Mixael Karl İkinci Qarabağ müharibəsinin həri ekspertlər üçün iki məqam üzrə əsl sürpriz olduğunu bildirib:

 

“Bir tərəfdən, dronlar nümayiş etdirdilər ki, onlar hansı döyüş qabiliyyətinə malikdirlər. Digər tərəfdən isə elektron döyüş vasitələri və kəşfiyyatdakı müxtəliflik diqqətçəkən idi”.

 

Onun sözlərinə görə, PUA-lardan kütləvi istifadə, elektron döyüş aparıcılığı və daha yaxşı kəşfiyyat üçün çoxspektrli sensorlarla təchiz olunmuş avadanlıqdan istifadə hazırda müasir döyüş əməliyyatlarını ciddi şəkildə dəyişdirib:

 

“Uzun zamandan bəri demək olar ki, bütün dövlətlərdə quru qoşunlarını çoxşaxəli əməliyyatlar şəraitində və keyfiyyətcə müasir silah sistemlərinin tətbiqi ilə mürəkkəb tapşırıqlar sisteminə adaptasiya etmək üçün strateji planlama həyata keçirilir. Qarabağ müharibəsi bu istiqamətdə tezisləri dəstəklədi, tendensiyaları təsdiqlədi və fenomenləri aydın şəkildə nümayiş etdirdi”.

 

 

Belçikanın “Bulletin” nəşrində silahlanma və təhlükəsizlik texnologiyaları, hərbi innovasiyalar üzrə ekspert, Brüsseldəki Vrije Universitetinin professor Maaike Ferbryugen isə qeyd edib ki, yaxın gələcəkdə dünyanın digər bölgələrində yarana biləcək hərbi münaqişənin hansı ssenari üzrə cərəyan edəcəyininin əyani nümunəsi Qarabağdakı müharibədir.

 

Ekspert 44 günlük müharibədə Azərbaycan Ordusunun PUA zərbələrini xüsusilə xatırladaraq deyib ki, havada eyni zamanda bir neçə zərbə pilotsuz aparatı olurdu və onlardan bir neçəsi düşmənin yerüstü qüvvələrinə zərbə endirirdi: “Azərbaycan dronların müharibədə necə istifadə oluna biləcəyinin əsasını qoydu və göstərdi ki, gələcəyin müharibələri necə olacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq