Rusiya sülhməramlıları erməni separatçılarının Azərbaycan Ordusuna qarşı təxribatlarına göz yumur. Son günlər qanunsuz erməni silahlı dəstələri sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdən Azərbaycan Ordusunun mövqelərini intensiv şəkildə atəşə tutaraq, təxribatçı əməllərini davam etdirirlər. Üçtərəfli bəyanat əsasında Azərbaycan ərazilərinə yerləşdirilən rus hərbçiləri təxribatların qarşısını almaq əvəzinə, separatçıların əl-qolunu açır.
Görünən odur ki, Rusiya sülhməramlı kontingenti 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli sazişin müddəalarından irəli gələn missiyanı yerinə yetirə bilmir. Onlar nəinki öz xidməti vəzifələrinin öhdəsindən gələ bilmir, eyni zamanda Azərbaycana qarşı təxribatlara şərait yaradır. Sülhməramlı adı altında gizlənən ruslar bu azmış kimi Qarabağdan qaçmış erməniləri Xankəndi və digər ərazilərə köçürməklə qeyri-qanuni fəaliyyətlə məşğul olur.
Xankəndidən zorla qovulmuş azərbaycanlılar öz yurdlarına qayıda bilmədikləri halda, erməni əsilli milyarder Ruben Vardanyan və onun kimiləri Qarabağa gətirilərək, onların Azərbaycan ərazilərində qanunsuz məskunlaşmasına şərait yaradılır. Bütün bunlar Azərbaycan cəmiyyətində haqlı olaraq qıcıq doğurur və sülhməramlıların ən qısa zamanda Qarabağdan çıxarılması tələb olunur.
İndiki şəraitdə Azərbaycanın hansı addımları atacağı sual doğurur.
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, Rusiya sülhməramlıların fəaliyyəti heç də kimlərinsə, harasa getməsini təmin etmək deyil:
“Ruben Vardanyanın Qarabağa gəlməsi qanunsuzdur və cinayətdir. Sülhməramlılar buna şərait yaradıbsa, deməli, onlar da cinayətə ortaq olub. Sülhməramlılar müəyyən yüklərin, insanların daxil olmasına, yaxud ərazidən çıxmasına nəzarət edə bilər. Başqa heç nə. Vardanyana isə sərhədimizi qanunsuz keçdiyinə görə, Azərbaycan Cinayət Məcəlləsinin müvafiq bəndinə uyğun olaraq cinayət işi açılmalı və o, İnterpol vasitəsilə axtarışa verilməlidir”.
A.Nağıyev azərbaycanlıların Xankəndi şəhərinə gediş-gəlişinin nə vaxt təmin ediləcəyinə də aydınlıq gətirib:
“Aydın məsələdir ki, Xankəndidə azərbaycanlılar yaşamır. Azərbaycanlıların Xankəndiyə getməsi onlara təhlükə yarada bilər. Ona görə də, azərbaycanlıların Xankəndiyə gediş-gəlişi ora işğaldan tam azad edildikdən və müvafiq qərarlar verildikdən sonra təmin ediləcək. Nə sülhməramlılar, nə də başqaları bizə lazımdır. Yenə deyirəm, sülhməramlıların vəzifəsi kimlərinsə, gəlişini təmin etmək deyil. Onlar mandatlarına uyğun olaraq, sadəcə silahlı tərəflər arasında vəziyyətə nəzarət edə bilər. Sülhməramlılar mandatını heç bir tərəfə atəş açmadan həyata keçirə bilər”.
Bəs, Vardanyan Qarabağda yeni təxribatlar törədə bilərmi?
Arzu Nağıyev suala cavabında deyib: “Vardanyanın gəlişi Rusiya ilə bağlıdır. Vardanyanın Qarabağa gəlməsi və özünü qondarma qurumun dövlət naziri kimi təqdim etməsi elə ən böyük təxribatdır”.
Hərbi analitik Alp Arslan İmamqulu isə bildirib ki, Rusiya sülhməramlıların fəaliyyəti onun mandatına uyğun deyil:
“Rusiya sülhməramlı qüvvələri 10 noyabr 2020-ci il bəyanatında göstərilən öhdəliklərin heç birini yerinə yetirmir. Vəziyyət onu göstərir ki, rus sülhməramlı qüvvələri bölgənin silahlı birləşmələrdən təmizlənməsində iştirak etmir, baş verə biləcək təhlükələrin qarşısını almır. Əksinə, bölgədə silahlandırma və digər özbaşınalıqların həyata keçirilməsinə dəstək verir, eyni zamanda şərait yaradır”.
Onun sözlərinə görə, Ruben Vardanyanın Azərbaycan ərazisində olması özbaşınalığın açıq göstəricisidir:
“Rusiya vətəndaşı olan Ruben Vardanyan adlı şəxs Dövlət Sərhəd Xidməti tərəfindən nəzarət edilən məntəqələrdən biri vasitəsilə Azərbaycana keçməli idi. Ancaq uzun müddətdir ki, Azərbaycan ərazisində olan Vardanyanın sərhəd vasitəsilə keçmədiyi məlumdur. Bununla bağlı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı və bir sıra siyasi şəxslər gərəkli çıxışlar edib. Dəfələrlə öz etirazlarımızı bildirmişik. Tələblər irəli sürmüşük. Lakin tələblərimizə nəinki məhəl qoyulmur, əksinə qaydalar daha çox və kobud şəkildə pozulur”.
Hərbi analitik vurğulayıb ki, belə gedərsə, antiterror əməliyyatı keçirilə bilər:
“Görünən odur ki, tez bir zamanda Azərbaycanın ərazi bütövlüyünün təhlükəsizliyi üçün antiterror əməliyyatına başlanıla bilər. Rusiya sülhməramlılarının cavabdeh olduğu ərazilərdə də təmizlik işləri görülməlidir. Əgər Laçın yolu vasitəsilə keçid düzgün şəkildə təmin edilmirsə, tezliklə Dövlət Sərhəd Xidmətinin keçid məntəqəsi təyin edilməli və Laçın yolu tamamilə bağlanmalıdır. Əks halda bu cür öz başınalıqlar davam edəcək”.