Modern.az

Savaş bitməyib: Bu dəfə fərqli müstəvidə - Bəs biz nə edirik?

Savaş bitməyib: Bu dəfə fərqli müstəvidə - Bəs biz nə edirik?

Qarabağ

3 Dekabr 2022, 13:40

Qarabağ münaqişəsi tarixə qovuşsa da, Ermənistanın Azərbaycana qarşı informasiya savaşı davam edir. 44 günlük müharibədə biabırçı məğlubiyyətə düçar olan işğalçılar hələ də Qarabağın guya Ermənistana məxsus olması barədə gülünc və saxta iddialarla beynəlxalq ictimaiyyətin diqqətini özlərinə çəkməyə, ermənilərin məzlum obrazını yaratmağa çalışırlar.

 

Bu işdə Ermənistan hakimiyyəti ilə yanaşı, bu ölkəni təmsil edən hüquqşünaslar, tarixçilər və QHT nümayəndələri xüsusilə diqqət çəkir. Onlar beynəlxalq tədbirlərdə tarixi həqiqətləri alçaqcasına təhrif edərək, Azərbaycanın haqq savaşına kölgə salmaq üçün dəridən-qabıqdan çıxır, olmazın yalanlarını uydururlar.

 

Bəs biz nə edirik?

 

 

Doğrudur, Azərbaycan dövləti həm müharibə zamanı, həm də müharibədən sonra üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir, düşmən həm döyüş meydanında, həm də informasiya cəbhəsində yerinə oturdulur. Lakin bunlar yetərlidirmi?

 

Söhbət dövlətimizin informasiya təbliğatından və təhlükəsizlikdən gedirsə, kimliyindən və vəzifəsindən asılı olmayaraq, hər bir vətəndaş bu işdə bir olmalı, erməni yalanlarının ifşası üçün var gücü ilə çalışmalıdır.

 

Bu gün hamılıqla öz aramızda ermənilərin 30 illik işğal dövründə Qarabağda törətdikləri vəhşiliklərdən, dinc sakinlərə qarşı insanlığa sığmayan qətliamlardan, ölkəmizə dəyən ziyandan danışırıq. Bəs, bunları dünya ictiamiyyətinə yetərincə çatdıra bilirikmi?

 

Məsələn, hansısa müstəqil hüquqşünas, yaxud tarixçi və iqtisadçı beynəlxalq müstəvidə Azərbaycanın ədalətli mövqeyini layiqincə müdafiə edə bilirmi? Qarabağın iqtisadi potensialını xarici investorların diqqətinə çatdırmaq üçün hansı işləri görürük?

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, ermənilərin törətdikləri vəhşiliklərin həddi hüdudu yoxdur, işğalçılar günahsız azərbaycanlıları qətlə yetirməklə amansız cinayətlərə əl atıblar.

 

“Onlar həm də Azərbaycan sərvətlərini, əhalinin əmlakını talan ediblər. Azərbaycana məxsus tarixi, mədəni, irsi abidələri məhv ediblər. Bu işdə İranın da payı var. Çünki mülki və hökumət binalarının sökülməsində, tikinti materallarının İrana daşınmasında bu ölkənin hökuməti Ermənistan hakimiyyəti ilə birgə fəaliyyət göstərib. Bununla əlaqədar Azərbaycan hüquq-mühafizə orqanları kifayət qədər işlər görüb, cinayət işləri qaldırıblar. Azərbaycan dövləti  Avropa İnsan haqları məhkəməsinə, BMT tribunalına müraciətlər edib, şikayətlərini çatdırıb”.

 

Hüquq müdafiəçisi hesab edir ki, bu məsələdə Qeyri-Hökumət Təşkilatları və ictimai fəallar aktiv fəaliyyət sərgiləyə bilmirlər:

 

“Ayrı-ayrı QHT-lər tərəfindən bu məsələlərlə bağlı tədbirlərin keçirilməsinin şahidi olmamışam. Bir onu xatırlayıram ki, bizim hüquq müdafiə təşkilatlarının monitorinq qrupunun vəkilləri tərəfindən ermənilərin törətdiyi vəhşiliklərlə bağlı iki hissəli sənədlər hazırlanmışdı. Bu sənədlər rəngli sənədlər idi. Orada 44 günlük Vətən müharibəsində həlak olan mülki insanların sayı, şəkilləri, düşmənin istifadə etdiyi qadağan olunmuş silahlar və onların növləri  göstərilmişdi. Biz materialları ingilis dilinə çevirərək, beynəlxalq təşkilatlara təqdim etdik. Onların Azərbaycandakı nümayəndələrinə və səfirliklərə göndərdik. Ancaq Qarabağda qiymətləndirmə, minalardan təmizənmə işlərinin getdiyini nəzərə almaq lazımdır.

 

Hesab edirəm ki, ərazilər minalardan təmizləndikdən, qiyymətləndirmələr aparıldıqdan sonra, yəni Qarabağ QHT-lərə açıq olanda biz orada öz gözlərimizlə  müşahidələr apara biləcəyik. Bununla da növbəti mərhələdə sözümüzü demək üçün yetərli hüquqi bazaya və sənədlərə sahib olacağıq. Ancaq indiki dönəmdə hadisələri kənardan müşahidə etdiyimiz üçün ciddi nəsə edə bilmirik. Bu səbəbdən təşkilatlar hələlik dövlətin rolunu irəli çəkib, onun atdığı addımlarla kifayətlənirlər”.

 

 

İqtisadçı ekspert Eldəniz Əmirov isə qeyd edib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə xarici sahibkarların cəlbi, xarici ölkələrdən investisya axınlarının təmin olunması çox vacib şərtdir.

 

Onun sözlərinə görə, dövlət, eyni zamanda  özəl qurumlar investisya cəlbi istiqamətində fəaliyyəti sürətləndirilməlidir:

 

“İlk növbədə sülh müqaviləsinin bağlanması vacibdir. Çünki xarici şirkətlər sülh bağlanmasa, öz kapitallarını riskli ərazilərə yatırmaycaqlar. Sülh müqaviləsi bağlansa, bir mddət təbliğat işləri aparılacaq. Biz həmin prosesə indidən başlamalı,  işğaldan azad olunmuş ərazilərimizin real iqtisadi imkanlarını potensial investorlara çatdırmalıyıq”.

 

Ekspertin fikrincə,bu istiqamətdə müstəqil iqtisadçıların işinə ehtiyac var:

 

“Əlbəttə, dövlət rəsmiləri ilə yanaşı, müstəqil iqtisadçıların, ekspertlərin təbliğat prosesinə qoşulması, xarici ölkələrdə aktiv işlərin görülməsi vacibdir. Ancaq ölkədəki iqtisadçıların müstəqil şəkildə xaricdə hansısa tədbirlər, konfranslar keçirməsinə imkanları məhduddur. Bunun üçün müəyyən qədər dəstəyə ehtiyac var”.

 

 

Turqay Musayev

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda dərc olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar