Modern.az

Azərbaycan rəsmiləri Xocalıda danışıqlar apardı - YENİLƏNİB

Azərbaycan rəsmiləri Xocalıda danışıqlar apardı - YENİLƏNİB

3 Dekabr 2022, 19:10

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə keçərək, Xocalıda sülhməramlı qüvvələrin qərargahında sülhməramlıların komandanlığı ilə müzakirələri davam etdiriblər.

 

Modern.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr əsnasında Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı ciddi narahatlıq və narazılıq bir daha ifadə olunub. Bu xüsusda, faydalı qazıntıların qanunsuz istismarının aparıldığı yataqlarda və müvafiq digər məntəqələrdə monitorinq, əmlakın inventarizasiyası və ekoloji araşdırma işlərinin aparılmasının vacibliyi vurğulanıb.

 

3 dekabr tarixində 18:00 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Şuşa şəhərinə qayıdıblar.

 

Xocalıda sülhməramlı qüvvələrin qərargahında keçirilmiş müzakirələrin nəticəsi olaraq qeyd olunan fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə yol xəritəsinin hazırlanmasına başlanılıb.

 

***

16:00

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “AzerGold” QSC-nin mütəxəssisləri Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Xankəndiyə daxil olub.

 

Modern.az “Caliber”ə istinadən xəbər verir ki, bu, danışıqlar nəticəsində mümkün olub.

 

Bildirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə ekoloji monitorinqin aparılması müzakirə olunacaq.

 

“Xankəndidəki Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərgold”un mütəxəssisləri monitorinqin aparılması ilə bağlı növbəti təşkilati məsələləri həll edirlər. Danışıqlar zamanı, təbii olaraq, Laçın dəhlizində formalaşmış tıxac da aradan qalxıb”, - deyə məlumatda qeyd edilib.

 

 

***

Bu gün Xankəndi-Gorus avtomobil yolunun Şuşa-Daşaltı yol ayrıcında böyük tıxacın yaranması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

 

Modern.az xəbər verir ki, bu məsələ Azərbaycan dövlət qurumlarının Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi ərazilərimizdə faydalı qazıntıların istismarı ilə bağlı apardığı monitorinqlə əlaqədardır.

 

Məlumata görə, monitorinqdə hərbçilər iştirak etməyib. Belə ki, prosesin əsas səbəbi ekoloji fəsadların araşdırılması ilə bağlıdır.

 

Qeyd edək ki, bu gün saat 11.00 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə yaxınlaşıblar.

 

Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn gələn ekoloji fəsadların araşdırılması və monitoriqi məqsədilə ekspertlərdən ibarət qrupun həmin ərazilərdə fəaliyyət göstərməsi sülhməramlı qüvvələrin komandanlığı ilə müzakirə olunur.

 


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü