Modern.az

Rəsmi Bakı Qarabağın dağlıq hissəsi ilə bağlı “yol xəritəsi” HAZIRLAYIR

Rəsmi Bakı Qarabağın dağlıq hissəsi ilə bağlı “yol xəritəsi” HAZIRLAYIR

Qarabağ

6 Dekabr 2022, 12:16

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları bir neçə gün öncə Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Xocalıya gedərək, onların qərargahında bu kontingentin komandanlığı ilə müzakirələr aparıblar. Məhz bu hadisənin Ermənistan və Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı pozuculuq hərəkətlərinə bir cavab olduğu qeyd edilir. 
Rəsmi Bakının bu addımı Azərbaycanın Qarabağın dağlıq hissəsinə - Xocalı və Xankəndiyə qayıdışa istiqamətləndiyini göstərən hadisə kimi qiymətləndirilir.
 

Məsələ ilə bağlı Modern.az-a danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, rəsmilərin bu səfəri çox düzgün və yerində atılmış addım oldu.
 

Onun sözlərinə görə, bu hadisə Qarabağdakıl mülki ermənilərə, oradakı silahlı birləşmələrə və sülhməramlılara mesajdır:
 

“Bir sözlə, Azərbaycan öz suveren ərazilərində nəzarəti həyata keçirdiyini bir daha Ermənistana və sülhməramlılara xatırlatdı. Bu nəzarəti həyata keçirərkən də müxtəlif pozuntulara rast gəlinib. Xarici ölkə vətəndaşları dəyərli faydalı qazıntı yataqlarını, xüsusilə də qızıl yataqlarını qanunsuz istismar edir. Azərbaycan bunu aşkara çıxarıb. Beləliklə, bu baxımdan Xocalıya səfər Ermənistana və Rusiya sülhməramlılarına Azərbaycanın etirazı kimi qiymətləndirilə bilər. Yeri gəlmişkən Azərbaycanın həmin ərazilərə daxil olmasını, Laçın yolunda 3 saat müddətində hərəkəti dayandırmasını və rəsmilərin sülhməramlıların baş qərargahında hərbi kontingentin komandanı ilə görüşməsini bir daha xatırlamaq lazımdır. Bunlar böyük bir mesajdır. Rəsmilər tərəfindən sülhməramlıların komandanına Ruben Vardanyanın Qarabağa gəlişindən bəri ərazidəki faydalı qazıntıların, qızıl yataqlarının intensiv istismar edildiyi çatdırılıb. Vardanyan xarici investisiya cəlb etmək adı ilə bu faydalı qazıntı yataqlarından öz xeyrinə istifadə edir".

Q.Hüseynli vurğulayıb ki, sülhməramlı qüvvələrin komandanının da xarici iş adamları ilə əlaqələri var:

"Belə ki, qızıllar TIR-larla Ermənistana aparılır və orada emal edilir. Buradan gələn gəlirin bir hissəsi sülhməramlıların komandanının cibinə axır. Ancaq belə qazancın sonu gəlib. Çünki qazıntı yataqlarının qanunsuz istismarı, buraya xarici iş adamlarının cəlbi Azərbaycan mərkəzi hakimiyyəti ilə razılaşdırılmamış aparılan əməliyyatlardır. Nəhayət, Azərbaycanın mərkəzi hakimiyyət orqanları bu qanunsuz əməliyyatın qarşısının alınması üçün "yol xəritəsi" hazırlamaq qərarına gəlib. Həmin "yol xəritəsi"nə görə, Azərbaycan mərkəzi hakimiyyət orqanları, qeyri-qanuni qazıntıların və digər istismar obyektlərinin xəritəsini çıxarmalı, orada gedən işlərin ümumi xarakteristikasını verməli, bunun müqabilində dəymiş itkilər hesablanmalı, nəticədə şirkət yaxud kompaniyaya müvafiq cəza kəsilməlidir. Proses gedir, yəni "yol xəritəsi" hazırlanır. Bunun gələcəkdə necə nəticə verəcəyini görəcəyik”.


Politoloq vurğulayıb ki, Azərbaycan rəsmilərinin Qarabağın dağlıq hissəsinə səfəri Ermənistanı təşvişə salıb:
 

“Çünki bu səfər Azərbaycanın onsuz da nəzarət altında saxladığı Xocalı və Xankəndiyə qayıdışının xəbərçisidir. Ermənilər indiyə kimi "qırmızı xətlər"i çox keçib. Azərbaycanın suveren hüquqlarına sui-qəsdlər edilib. Bütün bunlar nəzərə alınaraq, Azərbaycan tərəfindən tədbirlər planı hazırlanıb. Buradakı məsələləri əvvəl danışıqlar masasında həll etməyə çalışacaqlar. Bu nəticə verməyəcəyi təqdirdə, Azərbaycan hərbi gücə söykənən qadağanedici tədbirlər görməyə başlayacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır