Modern.az

Məsələnin yeganə həll yolu hərbi gücdür, vaxt əleyhimizə işləyir - Ekspert 

Məsələnin yeganə həll yolu hərbi gücdür, vaxt əleyhimizə işləyir - Ekspert 

10 Dekabr 2022, 13:44

Oktyabr ayında Brüsseldə keçirilən görüşdən sonra ilin sonuna qədər sülh müqaviləsinin imzalana biləcəyinə ümidlər artmışdı. Lakin Ermənistan yenidən destruktiv mövqe tutmaqla prosesi ləngitdi. Belə ki, artıq ilin bitməsinə az müddət qalır və sülh müqaviləsinin imzalanması istiqamətində ciddi addımlar atılmayıb. Ona görə də sülh sazişinin ilin sonuna kimi imzalanması mümkün görünmür. Digər tərəfdən, Ermənistanın tez-tez Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş aşması, erməni separatçıların təxribatlarının artması Paşinyan hökumətinin müharibə istədiyinə işarə edir.

Hərbi ekspert Üzeyir Cəfərov Modern.az-a bildirib ki, Ermənistanın təxribatlarını tamamilə sona yetirmək lazımdır:

“Azərbaycan bu məsələni həll etməlidir. Çünki Ermənistan problemin həllini istəmir. Ermənistan bu məsələnin həllini istəsəydi, Azərbaycan da heç bir hərbi əməliyyat keçirməli olmazdı. Onlar bizim torpaqlarımızda təxribatçı əməllərə yol verirlər.  Beləliklə, Azərbaycan təcili qərarlar qəbul etməlidir. Bu qərarlar sərt və təcili olmalıdır. Axı, torpaqlarımız nə vaxta qədər düşmən tapdağı altında qalacaq?”.

Ü.Cəfərovun sözlərinə görə, vaxt uzandıqca, Ermənistan yeni-yeni təxribatlara əl atır:
 

“Ermənistan Təhlükəsizlik Şurasının katibi sülh müqaviləsinin yalnız bir bəndinin razılaşdırıldığını deyib. Mən başa düşmürəm, qalib tərəf Azərbaycandır, yoxsa Ermənistan? Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə çalıb. Buna görə də, Ermənistan Azərbaycanın şərtləri ilə razılaşmalıdır. Əksinə, 44 günlük müharibədə məğlubiyyətini etiraf edən Ermənistan indi şərtlər irəli sürür. Xeyir ola, nə dəyişib? Sadəcə olaraq havadarları onu həvəsləndirirlər. Ermənistanın siyasi rəhbərliyi bir sıra havadar ölkələrə səfərlər edir, kömək istəyir. Onlar da Ermənistanı silahlandırır, bu ölkənin ordusunu ayaqda tutmaq üçün əllərindən gələni edirlər. Bütün bunlar bizim təcili tədbirlər görməyimizi şərtləndirir”.
 

Ekspert vurğulayıb ki, məsələnin yeganə həll yolu hərbi güc işlətməkdir:
 

"İndi başqa hoqqalar da çıxarırlar. İstəyirlər ki, Rusiya sülhməramlılarının ailələrini də Qarabağa gətirsinlər. Bundan sonra Azərbaycan desin ki, “birdən biz Xankəndidə əməliyyat keçirərik, rusun xətrinə dəyər. Olmaz! Biz 2020-ci ildə Qarabağda hərbi əməliyyatları ona görə dayandırdıq ki, Rusiya sülhməramlıları ailələrini ora gətirsinlər? Bunlar hamısı Rusiya və Fransanın çirkin oyunlarının tərkibi hissəsidir. Zaman ötdükcə, ermənilər bizə daha absurd təkliflər verəcəklər. Bu da qətiyyən Azərbaycanın milli maraqlarına cavab vermir. Bəzi məsələlərdə gecikirik. Biz gecikdikcə düşmənlər vaxt qazanır. Paşinyan gündə bir sərsəm açıqlama verəcək, biz də vaxt sərf edib onun fikirlərini müzakirə edəcəyik. Vaxt gözləmir. Vaxt bizim əleyhimizə işləyir. 2 il  bundan qabaq səsini çıxara bilməyən erməni separatçılar Fransanın dövlət kanalı “France 24”ə müsahibə verir. Almaniya mətbuatında separatçılar barəsində analitik yazılar gedir, məlumatlar yayılır. Bu nə deməkdir? Bu o deməkdir ki, qondarma "Dağlıq Qarabağ" adlı bir qurumun tanınması üçün hərəkətə keçiblər. Sabah Fransa Senatının "Dağlıq Qarabağ"ı dövlət kimi tanımayacağına kimi qarantiya verə bilər?  Azərbaycan bütün bu məsələlərin kökünü kəsməlidir. BMT-nin dörd müvafiq qətnaməsinə, 2020-ci ildə imzalanmış məlum bəyanata istinad edərək, məsələni yekunlaşdırmalıdır. Hərbi vasitə yeganə həll yoludur. Bu məsələnin Ermənistanla danışıqlar yolu ilə həlli qeyri-mümkündür".

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu