Azərbaycanın 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra ölkə olaraq qarşımızda duran ən ali vəzifə azad olunan ərazilərin ən qısa zamanda bərpa və yenidən qurulması, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış insanların öz doğma yurdlarına qayıdışının təmin edilməsidir. Bu istiqamətdə misli görünməmiş işlər həyata keçirilir.
Bunun nəticəsidir ki, ilk dəfə Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin köçürülməsilə Böyük Qayıdışa start verilib, Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının açılışı olub, Laçın şəhəri tamamilə nəzarətimizə keçib, Laçın koridorunun marşrutu dəyişdirilib, Qarabağ və Şərqi Zəngəzurda yol, enerji, su və digər layihələrin həyata keçirilməsi davam etdirilib. Bu işlərin aparılması üçün son 2 ildə dövlət büdcəsindən 4,8 milyard manatdan çox vəsait ayrılıb.
Gələn ilin dövlət büdcəsində də Qarabağ və Şərqi Zəngəzurun bərpası prioritet istiqamət olaraq müəyyən edilib.
Hazırda Qarabağın bərpa işləri necə gedir?
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Kəlbəcərdən seçilmiş deputatı Aqil Məmmədov bildirib ki, azad edilmiş ərazilərdə müharibədən dərhal sonra abadlıq işlərinə başlanıb və hazırda proses sürətlə davam etdirilir:
“Cənab Prezident müharibə bitən kimi bölgələrə səfər etdi. Elə həmin vaxtdan bir çox layihələrin həyata keçirilməsinə başlanıldı. Bir çox layihələr artıq başa çatdırılıb. Prezident şəxsən bu layihələrin açılışında iştirak edib. Eyni zamanda dövlət başçısı Böyük Qayıdışla bağlı dövlət planını qəbul edib. Bu plan işğaldan azad edilmiş bütün əraziləri özündə ehtiva edir. Hazırda davam edən işlər birbaşa cənab Prezidentin nəzarətindədir. Məhz bu da işlərin sürətlə getməsi, keyfiyyətlə həyata keçirilməsi, həm də keçmiş məcburi köçkünlərin öz ərazilərinə, dədə-baba yurdlarına tezliklə qayıtması deməkdir”.
A.Məmmədov vurğulayıb ki, Kəlbəcərin coğrafi mövqeyi bəzi işlərin ləngiməsinə səbəb olur:
“Kəlbəcər dağlıq rayondur. Buna görə də, bəzi işlər var ki, onları sürətlə həyata keçirmək mümkün deyil. Yolların çəkilməsində müəyyən çətinliklər var. Havanın şaxtalı keçməsi də işləri ləngidir. Buna baxmayaraq, yol tikinti işləri, elektrik enerjisinin təminatı ilə əlaqədar nəzərdə tutulmuş stansiyaların tikintisi davam etdirilir. Bundan əlavə, Göygöl rayonunun Toğanalı kəndindən Kəlbəcərə gedən tunel yolunda işlər davam etdirilir. Kəlbəcərdən Laçın istiqamətinə gedən yollarda 10 tunelin tikintisi nəzərdə tutulub. Şaxtalı havaya görə işlər ləngiyir. Ancaq yaz aylarında işlər daha da sürətlənəcək”.
Milli Məclisin Laçından seçilmiş deputatı Mahir Abbaszadə isə bildirib ki, 2020-ci ildə Azərbaycan böyük qələbə qazandıqdan sonra dövlət qarşısında duran əsas vəzifə işğaldan azad olunmuş əraziləri yenidən qurmaq, bərpa etmək, infrastruktur layihələrini həyata keçirmək, yaşayış məntəqələri salmaq olub. Digər mühüm məqsəd isə cənab Prezident İlham Əliyevin dediyi kimi, uzun müddət köçkün düşmüş insanların öz ata-baba yurdlarına daimi qayıtmasını təmin etməkdir.
Deputatın sözlərinə görə, son iki ildə bu sahədə xeyli işlər görülüb: “İşğaldan azad edilmiş əraziləri yenidən qurmaq, bərpa etmək, böyük qayıdışı həyata keçirmək üçün 4,2 milyard manat vəsait ayrılıb. Bu vəsaitlərin böyük hissəsi istifadə edilib. Nəticədə, işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, eyni zamanda Zəfər yolunun açılışını qeyd etmişik. Digər infrastruktur layihələrinin həyata keçirilməsinin şahidi olmuşuq. Eyni zamanda bu illər ərzində biz Böyük Qayıdışın ilkin mərhələsi olaraq Zəngilan rayonunun Ağalı kəndinə ailələrin köçürülməsini həyata keçirə bilmişik. Bu il yenə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri, Böyük Qayıdış üçün Azərbaycan Respublikasının Dövlət büdcəsindən 3 milyard manat vəsait ayrılıb. Bu vəsaitlər təbii ki, 2023-cü ildə ərazilərin bərpa edilməsinin maliyyə təminatını həyata keçirəcək. Digər tərəfədən cənab Prezidentin sərəncamı ilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” dövlət proqramı təsdiqlənib. Bunun sayəsində ərazilərdə bərpa işləri sürətlə davam etməkdədir. Eyni zamanda dövlət tərəfindən azad olunan ərazilərlə bağlı vergi güzəştləri elan edilib, sosial müdafiə tədbirləri çərçivəsində sosial müdafiə paketi həyata keçirilib, digər yandan sənaye məhəllərinin salınması ilə bağlı qərarlar qəbul edilib”.
Parlamentari, həmçinin bildirib ki, 2023-cü ildə Laçın şəhər mərkəzinə, Zabux və Sus kəndlərinə əhalinin köçürülməsi ilə bağlı tədbirlər planı həyata keçiriləcək:
“Laçının şəhərinin mərkəzində ciddi bərpa-quruculuq prosesi həyata keçirilir. Eyni zamanda Zabux, Sus kəndlərində, şəhərin mərkəzində yerləşən 2 nömrəli tam orta məktəbin təmir edilməsi ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Elm və Təhsil Nazirliyinə dövlət büdcəsindən vəsait ayrılıb. Bütün bunlar işğaldan azad edilmiş ərazilərdə dağılmış iqtisadiyyatı bərpa etmək, onu Azərbaycanın ümumi iqtisadiyyatına çevirmək, yaşayış məntəqələri salmaq, insanları ərazilərə köçürmək, köçürülmüş insanları iş yerləri ilə təmin etmək, onların sosial müdafiəsini təmin etməklə bağlı Azərbaycan dövlətinin apardığı işlərdir. Hesab edirəm ki, bu işlər sayəsində, nəhayət, 2023-cü ildən başlayaraq Böyük Qayıdışın əlamətlərini həyata keçirə biləcəyik”.
Milli Məclisin Cəbrayıldan seçilmiş deputatı Ceyhun Məmmədov azad edilmiş ərazilərdə böyük quruculuq və abadlıq işləri aparıldığını diqqətə çatdırıb. O deyib ki, hazırda iri layihələr həyata keçirilir:
“Bu gün Şuşada, Ağdamda, Zəngilanda, Füzulidə, Cəbrayılda və başqa azad edilmiş ərazilərdə iri layihələr uğurla davam etdirilir. Yəni avtomobil yollarının, dəmir yolunun çəkilişi, yeni binaların, məktəblərin, xəstəxanaların inşası istiqamətində davamlı olaraq işlər görülür. 2 il müddətində böyük quruculuq və abadlıq işlərinin həyata keçirildiyinin bilavasitə şahidiyik. Bu gün Ağdamda və digər ərazilərdə binaların tikilməsi ilə yanaşı, məscidlərin bərpası ilə bağlı işlər aparılır. İnsanlar öz yurdlarına köçürülərkən burada yalnız bir istiqamətdə deyil, bir neçə istiqamətdə addımların atılmasına ehtiyac var. Bu mənada biz işlərin çox sürətli formada həyata keçirildiyini deyə bilərik.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın iradəsi var. Azərbaycan bu ərazilərin ən qısa müddətdə bərpasında maraqlıdır. Bu gün ən mühüm və vacib işlərdən biri də minatəmizləmə işlərinin həyata keçirilməsi ilə bağlıdır. Bu gün Zəngilanda Ağalı kəndi öz gözəlliyi ilə bütün dünyanı cəlb edir. Şuşada tarixi abidələr bərpa olunur, Füzulidə məktəb tikilir. Bu işlər digər ərazilərimizdə ən yüksək səviyyə və formada həyata keçirilir. Azərbaycan bütün bu işləri heç bir maliyyə dəstəyi olmadan öz hesabına həyata keçirir”.
Turqay Musayev
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusunda dərc olunub.