Görkəmli dövlət xadimi, mərhum prezident Heydər Əliyev anım günündə vaxtilə Şuşaya etdiyi unudulmaz səfərilə də xatırlanır.
Modern.az-ın məlumatına görə, Heydər Əliyev birinci dəfə Azərbaycana rəhbərlik etdiyi zamanda (1969-1982) bir neçə dəfə Qarabağa, o cümlədən Şuşa şəhərinə səfər etmişdi.
1973-cü ildə keçmiş Dağlıq Qarabağ muxtar vilayətin yaranmasının 50 illik yubiley tədbiri ilə Xankəndi şəhərində keçirilən iclasda Heydər Əliyev öz qətiyyətini nümayiş etdirərək, yersiz torpaq iddiaları olan ermənilərə bir cümlə ilə fikrini bildirmişdi:
“Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın ayrılmaz hissəsidir və ayrılmaz hissəsi olaraq qalacaq...”.
Bununla da, millətçi ermənilər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə planlarını həyata keçirə bilməmişdilər.
Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu il yanvarın 12-də Ağdam-Xankəndi dəmir yolu çəkilib istifadəyə verilmişdi. Həmin dəmir yolu xətti ilə Qarabağın respublikanın digər rayonları ilə daha sıx iqtisadi əlaqəsi yaradıldı.
Dəmir yolu xəttinin açıldığı gün Şuşaya gedən ümummilli lider şəhərdə Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə xüsusi göstəriş vermiişdi. O, eyni zamanda, Şuşada aparılan tikinti-quruculuq işləri ilə də yaxından maraqlanmış, Azərbaycan poeziyasının klassikləri Molla Pənah Vaqifin və Xurşidbanu Natəvanın yaşayıb yaratdığı yerlərlə tanış olmuş, şəhər rəhbərliyinə tapşırıqlar vermişdi.
1980-1981-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə Molla Pənah Vaqifin məzarı üstündə abidə, məqbərə tikildi.
1982-ci il yanvarın 14-də Şuşada şairin məqbərəsinin təntənəli açılış mərasimi keçirildi. Mərasimdə Heydər Əliyev şəxsən iştirak etmişdi. Yeri gəlmişkən, H.Əliyev o zaman Şuşaya ailəsini də aparmışdı.
Həmin tarixi anlarda hazırkı dövlət başçımız, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də Vaqif poeziya günlərinin iştirakçısı kimi gəncliyinin ən mənalı günlərini yaşayaraq, Azərbaycanın dilbər guşəsi olan Şuşanı seyr edənlər arasında olub. Qeyd edək ki, həmin dövrdə İlham Əliyevin 21 yaşı var idi.
Bu tarixi səfər zamanı Şuşadakı abidələrin bərpa işləri ilə maraqlanan Heydər Əliyev müvafiq göstərişlər verərək, işlərin davam etdirilməsinə dair bir sıra təkliflərini də söyləmişdi.
1982-ci il iyulun 29-dan - avqustun 2-dək Qarabağa bir il içərisində ikinci dəfə səfər edən Heydər Əliyevin bilavasitə iştirakı ilə Şuşada şairə Xurşidbanu Natəvanın abidəsinin açılışı olmuşdu.