Müasir Müsavat Partiyasında bir vaxtlar tanınmış şəxslər təmsil olunurdu: Azərbaycanın İrandakı keçmiş səfiri Əlyar Səfərli, Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin müdiri, professor Vaqif Arzumanlı və “Laçın alayı”nın keçmiş komandiri, istefada olan polkovnik Arif Paşa. Sonradan həmin adamlar Müasir Müsavatdan ayrıldılar. Sözügedən şəxslərin partiyadan ayrılma səbəbləri barədə Modern.az-a danışan Müasir Müsavat sədri Hafiz Hacıyev bildirib ki, onların getməsi yaramış fikir ayrılığı ilə bağlı olub.
“Vaqif Arzumanlı sədr müavini vəzifəsində çalışıb. 2008-ci il prezident seçkisindən sonra Vaqif Arzumanlı və Arif Paşanın mövqeləri partiya ilə uyğun gəlmədi. Onlar ölkədə daha çox radikallıq nümayiş etdirməyin tərəfdarıydılar”.
Partiya sədri bildirib ki, həmin şəxslər partiyadan getsələr də, fərdi münasibətləri çox yaxşıdır. “Bir-birimizi başqa mövqedə qiymətləndirmirik. Biz bir-birimizə düşmən deyilik. Partiya açıq qapıdır, gələn də olur, gedən də”.
Hafiz Hacıyev əlavə edib ki, Vaqif Arzumanlı və Arif Paşaya çox böyük hörməti var və hər ikisi onun dostudur.
“Onlar partiyadan sakit şəkildə ayrıldılar. Vaqif bəy öz elmi işi məşğul olmağı daha üstün tutdu. Arif bəy isə istəyirdi başqa partiyalara getsin. Amma bütün bu fikir ayrılıqlarına baxmayaraq çox gözəl əlaqələrimiz var”.
Əlyar Səfərlinin Müasir Müsavatdan getməsini isə səhhətində yaranan problemlə bağlı olduğunu deyən H. Hacıyev qeyd edib ki, o, bu səbəbdən fəal siyasətlə məşğul ola bilmədi.
“Bir şeyi də nəzərə almaq lazımdır. Partiyada daimi işləmək çətin və ağırdır. Daimi zəhmət və işləmək tələb edir”.
Aqşin Kərimov