Modern.az

QHT-lərdə insan resursları problemi

QHT-lərdə insan resursları problemi

16 May 2013, 10:21

Son illərdə QHT-lərin qarşılaşdıqları ən ciddi problemlərdən biri də insan resursları, kadr çatşmamazlığı problemidir. Bu gün respublikamızda müxtəlif sahələr üzrə peşəkar kadrların hazırlanmasında və  yetişməsində, bütövlükdə   insan kapitalının formalaşmasında QHT-lərin rolunu xüsusi qeyd etmək lazımdır.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2010-cu ildə vətəndaş cəmiyyəti qurumlarının vəziyyətini əks etdirən Milli Hesabatında da aydın olur ki, ölkədə QHT sektoru üçün kadr hazırlığını həyata keçirən müvafiq təhsil müəssisəsi olmayıb və hazırda da belə bir məktəb yoxdur. Buna görə QHT sektorunda insan resursları problemlərinin mövcudluğu Azərbaycanda vətəndaş quruculuğunda ən ciddi və vacib problemlərdən biri hesab eləmək olar. Amma ölkədə müxtəlif  yerli və beynəlxalq təşkilatların QHT-lər üçün kadr hazırlığı istiqamətindəki təlimlərini istisna etmək olar və əlbəttəki, bu da kadr hazırlığı nöqteyi nəzərdə kifayət deyil.

Bəzi  faktları göstərməklə QHT-lərin peşəkar kardrların hazırlanmasında oynadığı rolu daha aydın görə bilərik. QHT-lərin davamlı olaraq keçirdikləri elmi-praktiki konfranslar, debatlar, təlim və seminarlar, eyni zamanda  digər layihələri buna sübutdur. Azərbaycanda qeyri-hökumət təşkilatları üçün kadrlar elə QHT-lərin özündə yetişir. Yəni ölkədə QHT sektoru üçün kadr hazırlayan müvafiq təhsil müəssisəsi olmamasına baxmayaraq bu sektorda çalışanlar elə işləyə-işləyə yüksək səviyyəli peşəkara çevriliblər. Əlbəttə ki, buna QHT sektorunda uzunmüddətli  fəaliyyət sayəsində nail olunur.

Amma QHT-lərin maliyyə vəsaitlərinin kasadlığı, stabil,davamlı  layihələrin olmaması  ilk növbədə bu təşkilatlarda kadr və dayanıqlı insan resurslarının çatışmamasına səbəb olur. Bu sektorda müxtəlif sahələr üzrə peşəkara çevrilənlər, davamlı, yüksək əməkhaqqı olmamasından beynəlxalq təşkilatlara, dövlət sektoruna, biznesə keçir. Bu proses son vaxtlarda daha sürətlə müşahidə olunmaqdadır. Göstərilən istiqamətdə aparılan araşdırmalar göstərir ki, mövcud vəziyyətdə və şərtlərdə QHT-lərdə yetişən kadrların bu sahədə qalıb fəaliyyət göstərməsi real görünmür.

Araşdırmalara və müşahidələrə görə son illər Azərbaycanda QHT sektor bu və ya digər dərəcədə  kifayət qədər inkişaf etsə də, bu sektorda peşəkar kadr  çatışmazlığı  problemi hələ də mövcuddur. Nümunə üçün deyə bilərik ki, milli QHT-ləri mühasibat baxımında olduqca ciddi əziyyət çəkirlər. Mövcud vəziyyət və şərtlər QHT-lərə daimi olaraq mühasib saxlamaq imkanı vermir.Bu gün əksər QHT-lərin heç mühasibi də yoxdur. QHT-lərin maddi-texniki zəifliyinin nəticəsidir ki, bu sektorda ofis menecerliyinin də səviyyəsi kifayət qədər aşağı səviyyədədir. Bu gün QHT sektorunun insan resurslarının idarə olunmasında könüllü çalışanlardan və tələbə, gənclərin imkanlarından  istifadə edilsə də, bu daimi olmayıb müvəqqəti xarakter daşıyır. Ümumiyyətlə, QHT sektorunda kadr çatışmazlığı siyahısını uzatmaq da olar. Bir sözlə QHT –lər üçün peşəkar mütəxəssisi qoruyub saxlamaq maddi baxımdan çox çətin işdir.

Kadr çatışmamazlığı sahəsində digər bir problem də birbaşa QHT-lərin özləri ilə bağlı olan problemdir. Məsələn, hər hansı bir layihədə ekspertə ehtiyaca varsa, QHT-lər əgər yerli ekspert dəvət edərlərsə olduqca az məbləğ, xarici ekspert dəvət etdikdə isə olduqca yüksək məbləğ təkilf edirlər. Bu da əlbəttə ki, yerli ekspertlərin ciddi narazılığına səbəb olur və tezliklə onların QHT sektorunu tərk etməsi ilə nəticələnir.

Bu gün ölkədə fəaliyyət göstərən kifayət qədər QHT gösətərə bilərik ki, onların   mütəxəssisləri həmin təşkilatlardan ayrılıblar. Onlar hazırda yüksək dövlət orqanlarından, ən nüfuzlu beynəlxalq təşkilatlarda fəaliyyət göstərirlər. Ekspertlərə görə QHT davamlı iş yeri sayılmır, burda əmək haqqı da o qədər çox deyil. Öz ekspertlərini qoruyub saxlaya bilən QHT-lər barmaqla sayılacaq qədər azdır. Əksər təşkilatlar ancaq layihə dövründə işə mütəxəssis cəlb edirlər.

Ekspertlərə görə də son illərdə QHT-lərdə müxtəlif sahələr üzrə xeyli sayda mütəxəssislər yetişsə də, bu sektorun kadr nöqteyi-nəzərdən dayanıqlı olmaması səbəbində xeyli sayda peşəkar dövlət,özəl qurumlarına və ya beynəlxalq təşkilatlara transfer etmişlər. Demək olar ki, QHT sektoru həmin qurumlar üçün kadr hazırlığı sahəsinə çevrilmişdir. Nəticə etibarı ilə bu sektor göstərilən mənada formalaşıb inkişaf edə bilmir.Bu səbəbdən bu istiqamətdə ciddi, köklü islahatlara ehtiyac var. Həm dövlət, həm də özəl qurumlar QHT-lərə tərəfdaş kimi baxmalı, onların güclənməsinə maraq göstərməlidirlər. Bu gün bir sıra dövlət orqanları və özəl qurumlar QHT-lərin sifarişlə görə biləcəyi sosial işləri özləri görməkdənsə, cəmiyyətə daha yaxın olan QHT-lərə həvalə etsələr daha yaxşı və effektiv olar. QHT-lər bu işləri daha ucuz və keyfiyyətlə icra edə bilərlər. Çünki vətəndaş cəmiyyətinin qurulmasında ən başlıca amil olan qeyri-hökumət təşkilatları peşəkarların toplaşdığı və öz intellektual xidmətlərini təkilf edən qurumlardır. Onalar öz intellektual biznesləri ilə məşğul ola biləcək mühiti əldə etməlidirlər.

QHT sektorunu tərk edən kadrlar arasında aparılan sorğu göstərir ki, eyni zamanda bu sektor onların karyera yüksəlişində ciddi tranpilin rolunu oynamışdır. İşlədikləri təşkilat sözün əsl mənasında onlar həm məktəb, həm də müəyyən mənada qazanc mənbəyi olmuşur.  QHT sektorundan  fəaliyyətə başlayan insanların mütəxəssis kimi formalaşmasında bu sektor əvəzsiz rol oynayır.

Ekspertlərin dediyinə görə  qeyri-hökumət təşkilatları resursları məhdud, lakin çox iş görmək iddiasında olan təşkilatlardır. Onlar  hesab edir ki, kadr qıtlığı probleminin əsas səbəbi QHT-lərin maliyyə davamlılığının olmamasıdır.QHT-lərdə yaxşı kadrlar yetişir, amma sonra çıxıb gedirlər.

Sonda QHT sektorunda mövcud olan insan resursları problemlərinin bəzilərini sadalamaqla və onların həlli istiqamətində bir sıra tövsiyylər irəli sürmək olar:

-         QHT-lərlə bağlı mövcud qanunverciliyin təkminləşdirilməsi və bu istiqamətədə yeni qanunların qəbulu;

-         QHT-lər üçün kadr hazırlığını təmin etmək üçün daimi milli məktəblərin yaradlıması və həmin məktəblərdə QHT fəlsəfəsi,yaranması və formalaşması, əsas məqsəd və vəzifələri, idarə olunmsı və s. mövzular tədris olunmalı;

-         Bu gün QHT sektorunda çalışanları müvafiq ixtisasartırma kurslarına cəlb etməli və yeni bacarıqlar, baxışların  və s. məsələrinin onlara aşılnamsı;

-         Dövlət və özəl sektorlarla QHT-lərin əməkdaşlığı gücləndirilməli, bir sıra sosial layihələrin QHT-lərə həvalə olunması.

-         Eyni zamanda QHT-lər media ilə əməkdaşlıq edərək QHT sektorunda uğur qazanmış, karyera qurmuş kadrların “uğur hekayələrini” mütəmadi olaraq ictimaiyyətə çatdırmalıdırlar.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu