Modern.az

Müharibənin Qarabağ separatçılarına vurduğu bir neçə milyardlıq İTKİLƏR

Müharibənin Qarabağ separatçılarına vurduğu bir neçə milyardlıq İTKİLƏR

Qarabağ

5 Yanvar 2023, 17:06

Azərbaycanlı ekofəalların Xankəndi-Laçın yolunda keçirdiyi aksiya Qarabağdakı erməni separatçıları çətin vəziyyətə salıb. Separatçılar artıq 25 gündür ki, Ermənistandan Xankəndiyə yanacaq və digər mallar daşıya bilmirlər.

Ermənistan mətbuatı separatçıların məskunlaşdığı Qarabağ ərazisinin iqtisadi potensialından yazıb.

Modern.az-ın məlumatına görə, erməni KİV-i 44 günlük müharibədən əvvəl, qondarma “Artsax” rejiminin kifayət qədər böyük iqtisadi potensiala malik olmasından yazıb. Vəziyyətin artıq 90 dərəcə dəyişdiyi vurğulanır.


Müəllif Aram Danielyanın yazdığı məqalədə qeyd edilir ki, 44 günlük müharibə nəticəsində 36 su elektrik stansiyasından 30-u Qarabağ ermənilərinin əlindən çıxıb. Əgər müharibədən əvvəl separatçıların istehsal etdiyi elektrik enerjisi 190 MVt təşkil edirdisə, hazırda bu rəqəm 77 MVt-dır. Ermənilər hazırda işğal altındakı Sərsəng SES-də 50 MVt və daha 5 SES-də 25-27 MVt enerji istehsal edə bilirlər.


Ermənilər hələ 44 günlük müharibədən xeyli əvvəl güman edirmişlər ki, 2021-ci ildə Ermənistana Qarabağdan təxminən 330 milyon kilovatsaat ucuz elektrik enerjisi ixrac ediləcək. Lakin II Qarabağ müharibəsi onların ümidlərini puça çıxarıb.
 

Erməni müəllifin yazdığına görə, Azərbaycanın nəzarətinə keçən su elektrik stansiyalarının ümumi dəyəri yarım milyard dollara yaxındır.


Müxtəlif hesablamalara görə, müharibə nəticəsində separatçılar turizm potensialının 80%-ə qədərini itirib.

Əgər müharibədən əvvəlki 2019-cu ildə Qarabağa təxminən 42 min turist gəlmişdisə, 2020-ci ildə bu axın 17 dəfə azalaraq, 2500 nəfərdən aşağı düşüb. Hesablamalara görə, o zaman Qarabağa gələn bir əcnəbi turist təxminən 700 dollar xərcləyirdi. Bu hesablamaya əsasən, belə nəticəyə gəlmək olar ki, separatçıların 2020-ci ildə Qarabağa turist axınından əldə etdiyi gəlir 2019-cu illə müqayisədə 27 milyon dollar azalıb.


Separatçılar kənd təsərrüfatı sahəsində də ciddi itkilər yaşayıb. 44 günlük müharibədən əvvəl qondarma rejimin nəzarətində olan əkin torpaqlarının ümumi sahəsi təxminən 132.000 hektar olub. Taxıl, paxlalılar və yağlı bitkilər də daxil olmaqla 100 min hektar sahədə payızlıq və yazlıq səpin aparılırmış.

Müharibə nəticəsində Qarabağ separatçıları əkin sahələrinin 70%-ni itirib. Bağçılıq sahəsində də xeyli itkilər var: 7 min hektar çoxillik plantasiyalardan cəmi 2 min hektara yaxın meyvə bağı qalıb.


Müharibədən sonra kənd təsərrüfatı məhsullarının çatışmazlığı əsasən vaxtilə işğal olunmuş ərazilərdə yetişdirilən tərəvəz və meyvələrlə (nar, xurma, üzüm və s.) bağlıdır.

Erməni müəllif yazır ki, 2020-ci ildə - 44 günlük müharibədən əvvəl separatçıların nəzarət etdiyi ərazilərdə dənli bitkilərdə özünü təminetmənin mütləq səviyyəsi 100%-dən yuxarı olub. Bundan başqa, Qarabağdan Ermənistana da 100 min tona yaxın dənli bitki ixrac edilirmiş.

Müharibədən əvvəl Qarabağ separatçılarının “Artsax” adlandırdığı qondarma rejiminin nəzarət etdiyi ərazidə meyvə, yumurta, süd, ət məhsulları ilə özünü təminetmə yüksək səviyyədə olub – təxminən 70-95%.

Tərəvəz və kartofla özünü təminetmənin orta səviyyəsi təxminən 50% olub.


Ümumilikdə, ekspertlər kənd təsərrüfatı torpaqlarının itirilməsi nəticəsində separatçılara dəymiş ziyanı 3 milyard dollara yaxın qiymətləndirirlər.


Qeyri-rəsmi hesablamalara görə, separatçılara məxsus bütün infrastruktura (elektrik, su təchizatı, suvarma, yollar) dəyən ziyan 10 dəfə çoxdur.
 

Bu xəbər ilə bağlı
Vardanyanın yəhudi arvadı - Veronika ən pis məqamda onu xilas edəcək?..
Xəbəri oxu

Qeyd edilir ki, işğal olunmuş ərazilərin əldən çıxması nəticəsində 10-dan çox mədən Azərbaycanın nəzarətinə keçib. Bunun nəticəsində separatçılar 3 milyard dollar qanunsuz gəlirdən məhrum olublar.

Şərab və tütün müəssisələrinin itirilməsi nəticəsində daha 100 milyon dollar ziyan təxmin edilir.
 

Müəllif Aram Danielyan bildirir ki, bütün bunlara baxmayaraq erməni cəmiyyəti üçün ən mühüm itki insan həyatı oldu. 2022-ci ilin iyun ayına olan məlumata görə, müharibə zamanı Ermənistan tərəfdən 3812 nəfər həlak olub, daha 217 vətəndaş isə itkin düşmüş hesab olunur, 33 nəfər əsirlikdə qalır.

P.S. Təbii ki, müəllif insan itkisini rəqəmlərdə ifadə edəndə rəsmi rəqəmlərə istinad edib. Qeyri-rəsmi məlumata görə, ermənilərin itirdiyi hərbçi sayı rəqmi rəqəmlərdəkindən iki dəfə çoxdur.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi