Xankəndi şəhərinə nəzarətin bərpa olunması və Zəngəzur dəhlizinin açılması 2023-cü ildə Azərbaycanın qarşısında duran əsas hədəflər sırasında yer alır. Bəzi siyasi şərhçilərin fikrincə, bu il Xankəndiyə qayıdış mümkün ola bilər, bütün diqqətlər buna yönəlib, lakin Zəngəzur dəhlizinin açılması bir qədər vaxt aparacaq. Buna səbəb kimi Ermənistanın və bu ölkənin havadarlarının, xüsusilə İranın Zəngəzur dəhlizinə qarşı çıxması göstərilir.
Bəs Azərbaycan Xankəndi və Zəngəzur planını necə həyata keçirəcək?
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Qarabağ bölgəsindən seçilən deputatı Elman Məmmədov bildirib ki, bu il Xankəndinin Bakının nəzarətinə keçməsinə ümid etmək olar:
“Xankəndiyə tam nəzarət etmək Azərbaycan dövlətinin və xalqının tam haqqıdır. Təkcə Xankəndi yox, eyni zamanda Xocalı, Xocavənd, Ağdərə də erməni terrorçularından azad ediləcək. 44 günlük Vətən müharibəsində ərazilərimizin böyük hissəsini işğaldan azad etdik. İndi əsas məqsəd digər yerlərin erməni separatçılarından təmizlənməsidir. Əlbəttə, bu ərazilərə qayıdışımızın işartıları var. Ən böyük işartı Şuşa-Xankəndi yolunda ekofəalların, könüllülərin, QHT nümayəndələrinin 26 gündür apardığı aksiyada əldə olunan uğurlardır. Bu, tələblərimizin yumşaq tərəfidir. Tələblərimizi bir az sərtləşdirdikdə ermənilər cavablarını tam almış olacaqlar. Ümid edirəm ki, bu il ərzində Xankəndiyə qayıdış təmin ediləcək. Bunun üçün Azərbaycanın bütün imkanları var”.
Deputatın sözlərinə görə, Azərbaycanın tarixi torpaqlarına nəzarəti ələ alması beynəlxalq hüquqla tənzimlənir:
“Cənab Prezident bunu dəfələrlə bəyan edib. Biz İlham Əliyevin ilk dəfə Prezident seçildiyi 2003-cü ildən bəri hər dediyini etməsinin şahid olmuşuq. İnşallah, sona kimi belə olacaq. Prezident deyirsə ki, Xankəndiyə qayıdacağıq, deməli, bu qayıdış gec-tez baş tutacaq”.
Xankəndiyə qayıdış dinc, yoxsa hərbi yolla olacaq?
Elman Məmmədov suala cavabında deyib: “Elə dövlətlər, elə millətlər var ki, onlar hüququn aliliyinə hörmətlə yanaşırlar. Hüquqi şəkildə deyilənləri dərk edirlər. Ancaq əcaib toplum hüquq dilində başa düşmür. Onlar bunu illərdir ki, öz əməlləri ilə sübut ediblər. Məsələn, 30 il ərzində danışıqlar getdi. Bir nəticə oldumu? 44 günlük Vətən müharibəsindən sonra da Avropa İttifaqının və Rusiyanın vasitəçiliyi ilə yüksək səviyyəli görüşlər keçirildi. Yenə nəticə olmadı. Bu, bir daha göstərir ki, onlarla yalnız güc dilində danışmaq olar. Buna görə də, erməniləri ərazilərimizdən çıxarmaq üçün antiterror əməliyyatı keçirməliyik”.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə vurğulayıb ki, bu ilin sonlarına doğru Xankəndiyə nəzarət mütləq təmin olunacaq:
“Mənim fikirmcə, Xankəndiyə nəzarət məhz diplomatik yolla, dinc şəkildə baş tutacaq. Bu, baş tutmayacağı halda lokal xarakter daşıyan antiterror əməliyyatları həyata keçirilə bilər. Xankəndiyə qayıdışımız təmin olunacaq. Eyni zamanda oradakı ermənilər Azərbaycana inteqrasiya etməli olacaqlar. Azərbaycan Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin təhlükəsizliyinə tam zəmanət verir. Belə olan halda Rusiya sülhməramlılarının ərazidə nəzarətinə ehtiyac olmayacaq. Bölgəyə yalnız BMT-nin təyin etdiyi müşahidə komissiyası gələ bilər. Onların işi isə ermənilərin Azərbaycana inteqrasiyası məsələsinə nəzarət və bu prosesə köməkdən ibarət olacaq. Silahlı adamların bölgədə olmasına ehtiyac qalmayacaq".
Qabil Hüseynli Zəngəzur dəhlizinin bu il açılacağını düşünmür. Onun fikrincə, dəhlizin açılması gələn ilə qala bilər:
"Zəngəzur dəhlizinin açılması istiqamətində ciddi işlər görüləcək. Zəngəzur dəhlizi bu il açılmasa da, layihənin gələn il həyata keçməsi real görünür. Lakin ermənilər Zəngəzur dəhlizinin açılmasına məcbur olacaq. Çünki İran ərazisindən keçən yol Zəngəzur dəhlizinə alternativdir. Artıq bununla bağlı texniki sənədlər imzalanıb. İran ərazisindən keçəcək istər dəmiryolu, istərsə də avtomobil yolu Ermənistanı çıxılmaz vəziyyətə salacaq. Digər yandan bu məsələdə Rusiyanın marağı böyükdür. Beləliklə, Rusiya da Ermənistana təzyiq göstərəcək. Nəticədə ermənilər Zəngəzur dəhlizinin açılmasına razılıq vermək məcburiyyətində qalacaqlar".