Azərbaycanlı ekofəalların Xankəndi-Laçın yolunda keçirdiyi etiraz aksiyasının 1 ayı tamam olur.
Ermənistan hakimiyyəti, erməni separatçıları və dünyadakı erməni lobbisinin bu aksiyanı sonlardırmaq üçün var gücüylə çalışması hələ ki nəticəsiz qalır.
Ermənilərin beynəlxalq təşkilatlardan Azərbaycana qarşı təzyiqləri artırmaq istəyi də gözlədikləri nəticəni verməyib. Hazırda onlar “Laçın yolu bağlıdır”, “xəstələrimiz dərmansız qalıb”, “Qarabağ erməniləri acdırlar” kimi dezinformasiyalar yaymaqla dəridən-qabıqdan çıxırlar ki, dünyanı öz yalanlarına inandırsınlar.
Hətta Fransanın siyasi dairələrinin Azərbaycan əleyhinə çalışması ermənilərin yarasına dərman olmadı.
Laçın yolundakı aksiyanın əsas hədəfi işğal altındakı qızıl və mis yataqlarında monitorinqə imkan yaradılmasıdır.
Buna nail olunmayıb. Belə olan halda “aksiya hələ nə qədər davam edəcək” sualı aktuallaşıb.
Modern.az-ın məlumatına görə, siyasi şərhçi Elxan Şahinoğlu deyir ki, bu sualın bir neçə cavab variantı var:
“Birinci variant: Qarabağdakı erməni separatçıları məcburiyyət qarşısında qızıl və mis yataqlarında azərbaycanlı məmurların monitorinqinə imkan yaradırlar. Bu halda azərbaycanlı məmurlar yataqlarda monitorinq aparır və yoldakı etiraz dayandırılır. Ancaq monitorinqlə məsələ bitməyəcək, dövlətin yataqları və əldə edilən gəlirin nəzarət altına alması mövzusu aktuallaşacaq.
İkinci variant: Qarabağdakı erməni separatçıları azərbaycanlı məmurların monotirinqinə icazə vermirlər və etiraz qeyri-müəyyən müddətə qədər davam edir.
Üçüncü variant: Azərbaycanın məqsədi yalnız yataqların monitorinqi deyil. Digər məqsəd Ermənistanla Qarabağı birləşdirən yolu nəzarətə götürməkdir. Bir müddətdən sonra ekoloqların etirazına fasilə verilsə belə, fəalların əvəzinə yolun həmin hissəsində Azərbaycan hərbçiləri post qururlar və Qarabağa gəlib-gedən nəqliyyat vasitələrini yoxlamağa başlayırlar. Bu 2020-ci ilin 9 noyabr bəyanatına zidd deyil, yol bağlanmır, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində nəzarətə götürülür”.