Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Modern.az xəbər verir ki, nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, minik maşını Laçından Xankəndi istiqamətinə keçid edib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarının ümumilikdə 2 avtomobili maneəsiz şəkildə hərəkət edib.
Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.