Modern.az

Aslan İsmayılovla bağlı daha bir bəyanat verildi

Aslan İsmayılovla bağlı daha bir bəyanat verildi

23 May 2013, 09:58

 

Hüquqmüdafiə Təşkilatları Monitorinq Qrupu vəkil Aslan İsmayılovla bağlı bəyanat verib. Modern.az-ın məlumatına görə, bəyanatda deyilir:

Biz, Hüquqmüdafiə Təşkilatları Monitorinq Qrupuna daxil olan hüquqmüdafiə təşkilatları tanınmış vəkil Aslan İsmayılova qarşı yol verilən təpkilərdən, onun Vəkillər Kollegiyasından xarıc olunması ilə bağlı qərardan ciddi narahatlığımızı bildiririk. Ümumiyyətlə, vaxtaşırı Vəkillər Kollegiyası öz peşəsinə məsuliyyətlə yanaşan, professionallıqları ilə seçilən vəkillərə qarşı zaman-zaman təzyiqlər edir. Bu sırada Vəkillər Kollegiyasının repressiya maşınından keçmiş  Osman Kazımov, Namizəd Səfərov, Xalid Bağırov və digərlərinin adlarını qeyd etmək lazımdır.

Aslan İsmayılov prinsipial, müstəqil, qəti və qorxmaz mövqeyi ilə seçilən vəkillərdəndir. Vəkillər Kollegiyasının onu növbəti qurban kimi sıradan çıxarmaq istəyi ölkəmizin nüfuzuna böyük zərbə vurur. Azərbaycanda vəkillik institutunun fəaliyyətində ciddi nöqsanların üzə çıxması beynəlxalq aləmdə ölkəmizin üzv olduğu beynəlxalq təşkilatlarda narahatlıq doğurur. 

Biz, Azərbaycanın bir qrup hüquq müdafiəçisi, Aslan İsmayılova qarşı aparılan təzyiq kampaniyasına son qoymağı tələb edirik. Bildiririk ki, bu cür hallar ölkəmizin beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərə ziddir. MQ A.İsmayılovun pozulan hüquqlarının müdafiəsi istiqamətində lazım olan bütün addımları atmağı nəzərdə tutur. MQ bu istiqamətdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəlikləri  və diplomatik korpuslarla, eləcə də, nüfuzlu beynəlxalq təşkilatlarla müdafiə işini aparacaq”.
Müraciət insan hüquqlarının müdafiəsi ilə məşğul olan bütün təşkilatlara ünvanlanacaq.
Müraciəti aşağıdakı hüquq müdafiəçiləri imzalayıb:

Novella Cəfəroğlu – D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri
Səidə Qocamanlı – İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri
Səadət Bənənyarlı – Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin rəhbəri
Arzu Abdullayeva – Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu