Modern.az

Xocalıya aparan yol: Qaradağlı soyqırımı - Beynəlxalq aləmə MÜRACİƏT OLUNDU

Xocalıya aparan yol: Qaradağlı soyqırımı - Beynəlxalq aləmə MÜRACİƏT OLUNDU

Qarabağ

16 Fevral 2023, 16:04

Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı etnik təmizləmə və soyqırımı siyasətinin nəticəsində tariximizə qanla yazılmış səhifələrdən biri də 16 fevral 1992-ci il tarixində baş vermiş Qaradağlı soyqırımıdır.
 

Modern.az xatırladır ki, 2 oktyabr 1991-ci ildə Xocavənd rayonu erməni işğalçıları tərəfindən işğal olunsa da, heç bir silah-sursatı olmayan Qaradağlı kəndinin sakinləri 17 fevral 1992-ci ilə kimi müasir hərbi texnika ilə təhciz olunmuş düşmənə qarşı müqavimət göstərərək, doğma kəndlərini qəhrəmanlıqla müdafiə ediblər.

1992-ci il fevral ayının 15-də erməni hərbi quldur birləşmələri, ermənilər yaşayan kəndlərin sakinləri, muzdlu döyüşçülər, Xankəndidə yerləşən 366-cı motoatıcı alayın hərbçiləri 5 istiqamətdən kəndə hücuma keçiblər. Onların məqsədi yeganə gediş-gəliş yolu olan Qaradağlı kəndini zəbt etmək və azərbaycanlılarla Xankəndi arasındakı əlaqəni kəsmək idi. Qəhrəman Qaradağlı sakinləri azərbaycanlı qanına susamış, müasir tipli texnika ilə təchiz olunmuş erməni təcavüzkarlarının və onların havadarlarının hücumlarına 2 gün sinə gəriblər. Ağdama, Bakıya kömək üçün müraciət etsələr də, o vaxtkı hakimiyyətin səriştəsizliyindən ölümlə üzbəüz duran qaradağlıların səsinə hay verən olmayıb.

Qaradağlının telefonçusu, kənd işğal olunan zaman erməni yaraqlıları tərəfindən girov götürülmüş Hüseynova Həqiqət Yusif qızı ratsiya ilə Bakıya “kömək, kömək, kənd əldən gedir, son patronlarımızı atırıq, həyatımız ölümlə qurtaracaq, mütləq kömək göndərin, yaralılar dünyasını dəyişir!”, - deyə fəryad etsə də, bir cümlə eşidirmiş: “Kəndi qoruyun, kömək gələcək”.

Fevral ayının 17-də səhər tezdən kənd sakinlərinin sursatı tamamilə tükəndiyi üçün ermənilər istədiklərinə nail olub, Qaradağlı kəndini işğal ediblər. Girovluqdan azad edilmiş Qaradağlı sakinlərinin dediklərinə görə, kənd uğrunda gedən döyüşlərdə erməni qadınları da iştirak ediblər, hətta qızğın döyüşlər gedən zaman film də çəkirmişlər.
 

İşğal günü kənddə 118 nəfər olub. Onların hər biri əsir və girov gtötürülüb. Əsir və girov götürülmüş şəxslərdən 66 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 52 nəfər isə qəbul olunmuş beynəlxalq humanitar hüquq normalarına zidd olaraq dəhşətli işgəncələrə və qeyri-imsani rəftara məruz qaldıqdan sonra azad ediliblər.
 

İşğal nəticəsində Qaradağlı kəndində 200 yaşayış evi əşyaları ilə birlikdə, 1 mədəniyyət evi, 320 yerlik orta mək əb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Qaradağlı sakini məcburi köçkün həuatı yaşamaq məcburiyyətində qalıblar.
 

Qaradağlıda 43 ailə öz başçısını itirib, 140 uşaq yetim qalıb. 78 nəfər dinc sakin qətlə yetirilib, bu da kənd sakinlərinin hər 10 nəfərindən biri deməkdir. Onlardan 10-u qadın, 8-i isə asyaşlı olub. 6 nəfər isə itkin düşüb.
 

Qaradağlı faciəsi zamanı 9 nəfər –
 

Axundov Hafiz Elmaz oğlu,

Əliyev Vətən Əmirxan oğlu,

Əliyev Zakir Kərəm oğlu,

Əmrahov Nəsir Nurəddin oğlu,

Vəliyev Füzuli Cavad oğlu,

Hüseynov Əbülfət Mehman oğlu,

Dadaşov Mikayıl İslam oğlu,

Kərimov Firdovsi Azay oğlu,

Mustafayev Malik İslam oğlu

şahid ifadələrinə əsasən əsir götürülüb.
 

Qarşı tərəf faktları inkar etdiyi üçün onları bu günə kimi qaytarmaq mümkün olmayıb.
 

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Qaradağlı soyqırımı ilə bağlı müraciət hazırlayıb. İctimai Birlik müraciətində dünya ictimaiyyətini, beynəlxalq təşkilatları əsir və girov götürülmüş, itkin düşmüş qaradağlıların taleyi barədə düzgün məlumatların verilməsinə, hələ də sağ qalanların qaytarılmasına, həlak olanların meyidlərinin qalıqlarının verilməsinə yardımçı olmağa çağırır.

Müraciət

- BMT-nin İnsan Haqları Şurasına,

- BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına,

- Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbərinə,

- BMT-nin Qaçqınlar üzrə Ali Komissarına

- İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş

direktoruna,

- İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları

Komissiyasna,

- Beynəlxalq Sülh Bürosuna,

- ATƏT-in fəaliyyətdə olan sədrinə,

- Avropa Parlamentinin Cənubi Qafqaz üzrə xüsusi

nümayəndəsinə,

- “Human Rights Watch” təşkilatına,

- “Amnesty International” təşkilatına göndərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!