Modern.az

Ermənilərin Qarabağdakı yataqlarda işlətdiyi azərbaycanlı əsirlər haradadır...

Ermənilərin Qarabağdakı yataqlarda işlətdiyi azərbaycanlı əsirlər haradadır...

25 Fevral 2023, 12:12

Birinci Qarabağ müharibəsi dövründə yüzlərlə azərbaycanlı erməni işğalçıları tərəfindən əsir və girov götürülüb. Onlardan bəziləri xüsusi amansızlıqla öldürülüb, təxminən 4 minə yaxın azərbaycanlıdan isə hələ də xəbər yoxdur. Onlar itkin kimi rəsmi dövlət qeydiyyatına alınıb. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan dəfələrlə itkin vətəndaşlarla bağlı beynəlxalq müstəvidə məsələ qaldırsa da, Ermənistan onların taleyi barədə məlumat verməkdən imtina edir. 

 

44 günlük müharibədən əvvəl erməni əsarətində olan soydaşlarımızın Qarabağdakı yataqlarda və digər ağır sahələrdə məcburi əməyə cəlb olunması barədə məlumatlar yayılmışdı. Lakin 2020-ci ilin Vətən savaşından sonra girov və əsir düşmüş azərbaycanlıların taleyi naməlum olaraq qalır. Ehtimal olunur ki, onlar müharibə zamanı Qarabağdan Ermənistana aparılıblar.

 

Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov Modern.az-a bildirib ki, ermənilər 30 il ərzində azərbaycanlı əsirləri dəhşətli işgəncələrə məruz qoyaraq, onları ən ağır sahələrdə işlədiblər. 

 

 

"Ermənilər azərbaycanlı əsirlərdən ən ağır işlərdə istifadə ediblər. İnsanların çalışması qadağan olunan ərazilərdə onları çalışdırıblar. Hətta azərbaycanlıları orqan alverinə cəlb ediblər. Böyük ehtimalla sağ qalanlar hələ də ağır sahələrdə məcburi şəkildə işlədilir", - deputat deyib.

 

Deputat bildirib ki, azərbaycanlı itkinlərlə bağlı məsələyə Beynəlxalq Qırmızı Xaç Komitəsi ciddi yanaşmalı, araşdırma aparmalıdır:

 

"Prezident İlham Əliyev bununla bağlı beynəlxalq qurumlar qarşısında məsələ qaldırıb. BQXK-ya müraciət edilib. Lakin müraciətə ciddi yanaşılmayıb. İtkin düşənlərin aqibəti ilə əlaqədar Ermənistan heç bir açıqlama verməyib. Onların taleyindən hələ də xəbər yoxdur. BQXK bu məsələyə ciddi yanaşmalıdır".

 

Aqil Məmmədov Qərb ölkələrinin azərbaycanlı əsir və girovların taleyinə biganə yanaşdığını söyləyib:

 

"Laçın-Xankəndi yolunda ekofəallar qeyri-qanuni istismara qarşı aksiya keçirirlər. Aksiyanın başqa məqsədi olmamasına və yoldan ermənilərin rahatlıqla istifadə etməsinə baxmayaraq, Beynəlxalq Qırmızı Xaç komitəsi dərhal məsələyə müdaxilə etdi. Lakin Azərbaycanın müraciətinə biganə yanaşırlar. 

 

Beynəlxalq qurumlar, siyasi güclər bu məsələyə laqeyd qalır. Məsələn, Fransa Laçın-Xankəndi yolundakı aksiyaya münasibət bildirərək guya ermənilərin hüquqlarının tapdalandığını iddia edir. Minlərlə azərbaycanlı əsirin taleyi isə naməlumdur. Minlərlə insanın taleyi sual altındadır. 30 ildə bunların başına nələr gətirilib, maraqlanan yoxdur. Lakin vəziyyət belə davam edə bilməz. Ermənilər beynəlxalq hüquq qarşısında gec-tez cavab verməlidirlər".

 

 

Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sabiq üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə azərbaycanlı əsirlərin imkanlı ermənilərin fermalarında və həyətlərində işlədildiyini vurğulayıb:

 

"3890 Azərbaycan vətəndaşının taleyindən xəbər yoxdur. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası dəfələrlə onların qaytarılması üçün Beynəlxalq Qırmızı Xaç komitəsini vasitəçilik etməyə çağırıb. Beynəlxalq təşkilatlara məktublar ünvanlamışıq. Bu günə qədər 3890 nəfər barədə xəbər almaq mümkün olmayıb. Onları sahələrdə, imkanlı şəxslərin həyətlərində, fermalarda işlədiblər. Yataqlarımızın istismarında bu adamlardan qul kimi istifadə ediblər. Hətta bizə daxil olan məlumatlara görə, onlardan donor kimi istifadə ediblər".

 

 

Çingiz Qənizadə Azərbaycan dövlətinin itkin düşmüş soydaşlarımızın tapılması üçün səylər göstərdiyini qeyd edib:

 

"Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə keçiriən görüşlərdə cənab Prezident bu məsələyə toxunub. Ermənistandan 3890 əsirin taleyinə aydınlıq gətirmək tələb olunsa da, onlar indiyə qədər müraciətlərə cavab verməyiblər. Məlum deyil ki, nə qədər insan ölüb, necə nəfər sağ qalıb. Ermənistan tərəfi faktları gizlətməyə çalışır".

 

Xatırladaq ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri isə qocadır.

 

Rəsmi məlumata görə, Birinci Qarabağ müharibəsində 52 ailənin 2-dən 7-dək üzvü itkin düşüb. İtkin düşən şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca əsir-girov götürülüb və ya işğal edilən ərazilərdə qalıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi