Modern.az

Laçın-Xankəndi yolunda son vəziyyət necədir?

Laçın-Xankəndi yolunda son vəziyyət necədir?

24 Fevral 2023, 22:47

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Laçın-Xankəndi yolunda təşkil olunan etiraz aksiyası 75-ci gün gecə saatlarında da coşqu ilə davam edir, aksiyada yüksək əhval-ruhiyyə hökm sürür.

 

Modern.az xəbər verir ki, gün boyu olduğu kimi, ekofəallar gecə saatlarında da fəallıq nümayiş etdirir, Azərbaycan cəmiyyətinin haqlı tələblərinin yerinə yetirilməsi üçün şüarlar səsləndirirlər.

 

Hazırda aksiya iştirakçıları yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış şüarların yer aldığı plakatlar qaldırıblar.

 

Ekofəalların ilk günlərdən bəri səsləndirdikləri şüarlar dəyişməz olaraq qalır: “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir”, “Ekoloji cinayətə son”, “Stop ecocide”, “Stop Mining”, “Берегите природу”, "Экоциду нет, Мониторингу да”.

 

Azərbaycanın təbii sərvətlərinin istismarı və talanmasına etiraz edən aksiya iştirakçıları hazırda yüksək əzmkarlıq və qətiyyət nümayiş etdirirlər. Ərazi humanitar məqsədlər üçün tam açıqdır, nəqliyyat vasitələrinin sərbəst hərəkətinə heç bir maneə yoxdur. Könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji cinayətə son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını israrla tələb edirlər. Aksiya sivil qaydalar çərçivəsində davam edir.

 

Gün ərzində Rusiya sülhməramlıları və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 40 avtomobil aksiya ərazisindən sərbəst keçib. Bu da onu göstərir ki, aksiya ilə bağlı erməni mətbuatında yer alan məlumatlar həqiqəti əks etdirmir. Adəti üzrə onların yaydığı belə məlumatlar anti-Azərbaycan ruhlu növbəti avantüradır.

 

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “Azer Gold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir