Modern.az

TÜRKPA rəhbərindən Qarabağdakı təxribata reaksiya - EKSKLÜZİV

TÜRKPA rəhbərindən Qarabağdakı təxribata reaksiya - EKSKLÜZİV

6 Mart 2023, 16:30

“Azərbaycan dövləti və xalqı 30 illik işğalı 44 gündə bitirməyi bacardı. Buna görə də Azərbaycan Ermənistanın hazırda Qarabağda törətdiyi təxribatları bir günə bitirə bilər”. 

 

Bunu Modern.az-a eksklüziv açıqlamasında Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er bildirib.  

 

O Ermənistanın Azərbaycana qarşı təxribatlarından söz açaraq, Bakının sərgilədiyi siyasəti müsbət qiymətləndirdiyini söyləyib:

 

“Azərbaycan xalqı 30 il səbr edib, özünə yaraşan şəkildə məsələni həll edibsə, hazırda da səbr edir. Azərbaycan layiqli, özünə yaraşan cavabı vaxtında verəcək. İndi dövlət və aidiyyəti qurumlar lazımi tədbirlər görüb. İnşallah, yaxın zamanda Qarabağda ekoloji terrorun da qarşısı ən qısa zamanda alınar”.  

 

Baş katib qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə qazanması Türk dünyasını daha da gücləndirib:

 

“Azərbaycan torpaqlarının 30 illik işğalı bütün dünyanın gözü qarşısında baş verib. Qeyd edim ki, dünyanın mədəni ölkələrinin bu işğala dəstək verdiyi görünməsə də, işğalın önünün açılmasında, Ermənistanın cürətləndirməsində yardımçı olublar. Bunun nəticəsində dəhşətli tablo yaşanmışdı. Amma Azərbaycanın bunu 44 günlük Zəfərlə sonlandırması Türk dünyasının özünə olan güvənini qüvvətləndirib. Ona görə də TÜRKPA olaraq Azərbaycana minnətdarıq. Türk dünyasının gələcəyinin Azərbaycanla parlaq olacağına ümid edirik”.  

 

Mehmet Süreyya Er Qarabağdakı son erməni təxribatlarına da münasibət bildirib.

 

“Azərbaycanın özünə yaraşan şəkildə son hadisələrə cavab verəcəyini bilirik. Azərbaycan hadisələrin sülh yolu həll olunmasının tərəfdarıdır. Necə ki 44 günlük müharibəni Zəfərlə bitirdi, bunu da elə edəcəyini bilirik. Azərbaycan iki şəhid verib, eyni zamanda yaralılar da var. Allahdan şəhidlərə rəhmət, yaralılara şəfa diləyirəm”,- deyə o vurğulayıb.

 

Xatırladaq ki, ötən gün Azərbaycan Ordusuna Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistandan hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizə daşınması baradə operativ məlumatlar daxil olub.

 
Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanılması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində Ordumuzun 2 hərbi qulluqçusu şəhid olub. Düşmən tərəfdən isə 3 təxribatçı məhv edilib, biri ağır yaralanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır