Modern.az

Türkiyəli general Qarabağda antiterror əməliyyatı keçirməyə ÇAĞIRDI

Türkiyəli general Qarabağda antiterror əməliyyatı keçirməyə ÇAĞIRDI

Qarabağ

10 Mart 2023, 10:12

10 noyabr sazişinin imzalanmasından iki il yarım keçməsinə baxmayaraq, Ermənistan tərəfi Azərbaycanla sülh olmaması üçün əlindən gələni edir. 

 

Bunu Modern.az-a ehtiyatda olan türkiyəli general Yücel Karauz son günlər Ermənistan tərəfinin Azərbaycan Ordusuna qarşı təxribatlarına münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, İrəvan təxribatlara əl atmaqla sülh danışıqlarını yubatmaq və regionda vəziyyəti gərginləşdirmək istəyir.

 

"Nikol Paşinyan və komandası ABŞ, Avropa və Rusiyanın quyruğuna düşərək bölgədə gərginliyin artmasına xidmət edir. Ekoaktivistlərin 89 gündür ki, davam edən aksiyası nəticəsində Azərbaycan Laçın dəhlizindən keçən bütün yük maşınlarına nəzarət edir. Martın 5-də Qarabağda təxribat törədilməsi və sülhməramlıların gözü önündə separatçıların səngər qazması qəbuledilməzdir. Azərbaycan Ermənistan sərhədində nəzarət-buraxılış məntəqələri quraraq bütün giriş-çıxışlara nəzarət etməlidir. Çünki Rusiya sülhməramlılarının bunların heç birini edə bilmədiyi göz önündədir. Sülhməramlıların müşayiəti ilə Qarabağa qanunsuz silah daşınmaları həyata keçirilir. Bu addım mülki insanların və hərbçilərin həyatına təhlükə yaradır", - deyə general bildirib. 

 


Y.Karauz vurğulayıb ki, sülhməramlılar separatçılara Qarabağ ərazisindən çıxması üçün vaxt verməlidir. Onun fikrincə, əgər ruslar bunu etməsə, Azərbaycan antiterror əməliyyatı ilə silahlı dəstələri torpaqlarından təmizləməlidir:

 

"Vətən müharibəsindən əvvəl qeyd etmişdik ki, heç kəs Azərbaycanın səbrini sınamamalıdır. İndi də bu sözümüz qüvvədədir. Ermənilər bizim sözümüzə məhəl qoymasalar, "dəmir yumruq" yenidən onların başını əzəcək. Bununla da regionda əmin-amanlıq bərpa olunacaq. İndiyə qədər baş verən hadisələr antiterror əməliyyatının keçirilməsini labüd edir. Azərbaycanın dedikləri ilə razı olmayanların, Qarabağda separatçı qurumun varlığını dəstəkləyənlərin haqqı kötəkdir. Erməniləri sevənlər onları Moskva və Parisə yerləşdirə bilərlər. Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır və hamı buna hörmət etməlidir. Bu ölkədə yaşamaq istəyənlər milliyətindən aslı olmayaraq vətəndaşlığı qəbul edərək firavan şəkildə həyatına davam edə bilər".

 

Qeyd edək ki, martın 8-i saat 21:30-dan martın 9-u saat 04:15-dək Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri 23 dəfə atəşə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI