Modern.az

10 min erməni hərbçisi Qarabağda - Yeni müharibə başlayır? 

10 min erməni hərbçisi Qarabağda - Yeni müharibə başlayır? 

Qarabağ

22 Mart 2023, 13:13

Sülh danışıqlarından imtina edən Ermənistan tərəfi yeni müharibəyə hazırlaşır. Bu məqsədlə Ermənistandan gizli yollarla Qarabağa canlı qüvvə və silah daşınır.

 

Müdafiə Nazirliyinin ötən gün yaydığı məlumata görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri Şuşa-Laçın yoluna alternativ torpaq yollardan istifadə etməklə Ermənistandan hərbi yükdaşımaları davam etdirir. Qanunsuz erməni silahlı dəstələri gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə döyüş mövqelərinə canlı qüvvə, silah-sursat, mina, eləcə də yanacaq, su, ərzaq və digər maddi-texniki təminat vasitələri daşıyır.

 

"Qeyd olunan marşrut üzrə hərbi yüklərin daşınması ilə əlaqədar Azərbaycan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti məlumatlandırıb. Bundan əlavə, Ermənistan tərəfinin hərbi yükdaşımalar məqsədilə mülki nəqliyyat vasitələrindən də istifadə etməsi müəyyən edilib. Belə ki, Ermənistandan hərəkət edən mülki avtomobillər Şuşa rayonunun Turşsu kəndi yaxınlığında müəyyən edilmiş nöqtəyə qədər müqavilə əsasında xidmət keçən canlı qüvvəni və hərbi yükləri çatdırır. Daha sonra hərbçilərin və hərbi yüklərin yüksəkkeçidli hərbi maşınlarla Xankəndiyə daşınması da tərəfimizdən müşahidə edilib", - rəsmi açıqlamada deyilir.

 

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında bu məsələyə toxunub. Dövlət başçısı bildirib ki, Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur. Bu xüsusda Prezident Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü xüsusilə vurğulayıb.

 

Qarabağda nə baş verir? Yeni müharibə olacaq?

 


Milli Məclisin deputatı Aydın Mirzəzadə Modern.az-a bildirib ki, Ermənistan açıq şəkildə müharibəyə hazırlaşır:

 

"Görünən odur ki, Ermənistan 44 günlük müharibədən nəticə çıxarmayıb. Aydın məsələdir ki, erməni xalqının ona aid olmayan torpağa, tarixə, mədəniyyətə iddia eməsi fikri siyasi elitanın düşüncəsindən asanlıqla çıxmayacaq. Bu gün Ermənistan Azərbaycanla növbəti dəfə hərbi toqquşmaya açıq və gizli şəkildə hazırlıq görür. Gücü çatmayan hərbi büdcənin altına girir. Xarici ölkələrdən silah tədarük edir. Beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparır. Şərti sərhəddə vaxtaşırı atəşkəsi pozaraq əsgərlərimizin şəhid olmasına, yaxud yaralanmasına səbəb olurlar". 


Deputatın sözlərinə görə, Ermənistan və bu ölkəni idarə edənlər Azərbaycanın SSRİ tərkibində hüquqsuz bir dövlət olmadığını unudurlar:

 

"Hazırda 1990-cı illərin əvvəlində daxilində ciddi ziddiyyətləri olan, hələ dövlətçiliyin əsasını qura bilməmiş Azərbaycan yoxdur. Azərbaycan ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ciddi fəaliyyəti nəticəsində öz hüquqlarını müdafiə edə bilən dövlətə çevrilib. Azərbaycan qısa müddətdə beynəlxalq təşkilatların edə bilmədiyi işi görərək torpaqlarını geri qaytardı. Bu gün sərhədlərimizdə möhkəmik. Ermənilərin viran qurduğu yerlərdə abadlıq işləri görürük. İstənilən təxribatın qarşısını almağa hazırıq. Onu da bildirim ki, Azərbaycan sülhpərvər ölkədir. Ancaq bununla birlikdə ölkənin suverən hüquqlarına toxunan istənilən addıma ən sərt cavablar vermək gücündəyik. Ermənistan Azərbaycandan növbəti dəfə sərt reaksiya görmək istəyirsə, buyursun, addımını atsın. Onda biləcək ki, Azərbaycan nə deməkdir".

 

A.Mirzəzadə qeyd edib ki, növbəti müharibə Ermənistanın xeyrinə olmayacaq: "Bu, Ermənistana heç də asan başa gəlməyəcək.Ermənistan təxribatçı addımlarının cavabı 44 günlük müharibədən də ağır olacaq".

 


Hərbi ekspert Elxan Şıxalıyev isə düşünür ki, Ermənistanın Azərbaycanı savaşa təhrik etməsi səbəbsiz deyil:


"Ermənistanla Azərbaycan arasında siyasi danışıqlar böhran həddindədir. Adətən siyasi danışıqlar dalana dirənəndə müharibə ritorikası başlayır. Bu gün Qarabağ ərazisində, həm də Ermənistan tərəfində Azərbaycanı müharibəyə təhrik edəcək fikirlər səsləndirilir. Ermənistanın şərti sərhəddə atəşkəsi pozması Avropa İttifaqı missiyasının onu sənədləşdirməsi, sonra bu sənədləşmədən Azərbaycana qarşı təzyiq kimi istifadə etməsinə yönəlib. Əgər Azərbaycan atəşkəsin pozulmasına adekvat cavab verəcəksə, ciddi konfliktə səbəb olacaq vəziyyət yaranacaqsa, onlar bundan Azərbaycana qarşı sanksiya tətbiq etmək üçün istifadə edəcək. Qarabağdakı erməniləri də Rusiya sülhməramlıları cəsarətləndirir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı ilə görüşdə səsləndirdiyi fikirlər, Qarabağı Donbasla, Kosova ilə müqayisə etməsi daxildəki, Qarabağdakı erməniləri cəsarətləndirir. Onlar sülhməramlıların köməyi ilə silah-sursat daşıyırlar". 

 

 

Hərbi ekspert əlavə edib ki, Ermənistan şərti sərhəddə ciddi hərbi eskalasiyaya hazırlaşır:


"Ermənilərin yeni səngər qazmaları onların ciddi konfliktə hazırlaşdığını göstərir. Azərbaycan Ermənistanın sülh prosesinə müsbət cavab verməsini, daxildəki ermənilərin inteqrasiya üzrə müsbət mesajlar verməsini istəyir. Lakin hər iki istəyimizə cavab verilmir. Bu da onu göstərir ki, bizə başqa variant qoymurlar. İndi əsas məsələ Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrin tərksilah edilməsidir. Dövlət başçısı Blinkenlə telefon danışığında bildirdi ki, qeyri-qanuni silahlı ermənilərin sayı 10 min nəfərdir. İndi 10 min nəfər ya silahsızlaşdırılmalı, ya da antiterror əməliyyatı çərçivsində məhv edilməlidir. Bundan sonra inteqrasiya prosesini Azərbaycan rahatlıqla təmin edə biləcək. Ermənistanın sərhəddəki hərbi birləşmələri komplektləşdirməsi, zirehli texnikasını sərhədboyu yeni mövqelərə yerləşdirməsi Azərbaycanı birinci addımı atmağa təhrik etmək məqsədi daşıyır. Son iki il yarım ərzində Ermənistanın Azərbaycana təzyiq göstərməsi üçün döymədiyi qapı qalmayıb. Bu məsələni 2023-cü ilə kimi bitirməliydik. Ancaq cənab Prezident sonuncu müsahibəsində dedi ki, biz sülh deyirik, ermənilər bunu istəmirlər. Əlbəttə, sülh olmayanda antiterror, nöqtə əməliyyatları zəruri hal alır".


Ekspert yeni antiterror əməliyyatının yaxın olduğunu qeyd edib:

 

"Hərbi eskalasiyaya yaxınıq. Müdafiə Nazirliyinin bəyanatları məlumdur. Adətən müdafiə nazirləri bəyanatı ən sonda verirlər. Müdafiə naziri bəyanat verirsə, bu, ciddi konfliktdən, antiterror əməliyyatından xəbər verir. Azərbaycan Ordusunun gücü ona imkan verir ki, 12 saat ərzində bütün məsələlər həll olunsun. Antiterror əməliyyatlarının keçirilməsinə yaxınıq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...