Modern.az

Ermənilər yaxşı bilir ki, Azərbaycan onların yanındadır – Xankəndi sakini

Ermənilər yaxşı bilir ki, Azərbaycan onların yanındadır – Xankəndi sakini

Qarabağ

5 Aprel 2023, 17:05

Ötən gün Xankəndi-Laçın yolunda Qarabağda yaşayan erməni qadının halı pisləşib. Rusiya sülhməramlılarının müraciətindən sonra əraziyə operativ şəkildə Şuşa şəhərində yerləşən modul tipli xəstəxananın təcili tibbi yardım avtomobili gəlib.

 

İxtisaslaşmış həkim heyəti xəstəyə yerində ilkin tibbi yardım göstərib. Daha sonra erməni əsilli qadın öz istəyinə əsasən təcili tibbi yardım avtomobili ilə azərbaycanlı həkimlərin müşayiəti altında Xankəndi şəhərinə aparılıb. Bununla da Azərbaycan tərəfi humanistlik göstərərək öz ərazisində yaşayan erməni əsilli vətəndaşın qayğısına qalmasını nümayiş etdirmiş olub. Təcili tibbi yardım avtomobilinin aksiya ərazisindən keçməsinə heç bir maneə yaradılmayıb.

 

Xankəndi sakini, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva Modern.az-a açıqlamasında bildirib ki, azərbaycanlı həkimlərin doğma şəhərimizə daxil olması qayıdışa işarədir.

 


"Həkimlərimizin Xankəndiyə daxil olması bizim uğurumuzdur. Xankəndiyə həkimlərin əsgərlərimizdən tez girməsi, Azərbaycanın humanist niyyətindən irəli gəlir. Qarabağda yaşayan ermənilər yaxşı bilirlər ki, Azərbaycan dövləti onların yanındadır. Ermənilər separatçılardan qorxduqları üçün rahat şəkildə fikirlərini bəyan edə bilmirlər. Qarabağdakı ermənilərin demək olar ki, 70 faizi Azərbaycanın idarəçiliyi altında yaşamaq istəyir. Bildiyimiz kimi, Ermənistan tərəfi müharibə vaxtı Qarabağ ermənilərini qəbul etmirdi. Ermənistan vətəndaşları Qarabağda yaşayan ermənilər üçün övladlarını döyüşə göndərmək istəmədiklərini söyləyirdilər",- müsahibimiz deyib.

 

 

X.Vəliyeva hesab edir ki, Azərbaycanın tibb heyətinin Xankəndi şəhərinə gediş-gəlişi intensivləşə bilər:

 

"Bundan öncə erməni sakinlərdən biri əsgərlərimizə yaxınlaşaraq ac olduğunu və siqaretinin olmadığını söyləyib, yardım istəmişdi. Azərbaycan o zaman da həmin erməniyə yardım əli uzatmışdı. Yəni bu yardımlar ilk deyil. Ancaq birbaşa olaraq Xankəndiyə getmək bizim, həmçinin ekoaktivistlərimizin uğurudur. Bundan sonra ola bilsin ki, həkimlərimiz belə hadisələr olduqca Xankəndiyə və digər ərazilərimizə gedəcək. Ermənilərin özü də bunu istəyir. Həmin torpaqlarda rus sülhməramlıları olmasa, ermənilərin çoxu Azərbaycandan yardım istəmək üçün gələcək.

 

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, erməni sakinlərlə münasibətlər bərpa oluna bilər, ancaq indiyə qədər baş verənlər də bizim yadımızdan çıxmayacaq. Qarabağda yaşayan ermənilərin oraya gedən həkimlərimizlə Azərbaycan dilində danışması hələ də bizim dilimizi unutmadıqları və birlikdə yaşamaq istədiklərinə işarədir. Mən internetdən onları izləyirdim, görürdüm ki, ermənilər Qarabağ ləhcəsində danışırlar. Onlar danışıqlarında daha çox rus və Azərbaycan sözlərindən istifadə edir. Bizim dilimizi çox yaxşı bilirlər. Separatçılar olmasa, onlar rahatlıqla vətəndaşlığımızı qəbul edəcəklər".   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI