Modern.az

Ata-anamı, 11 qohumumu öldürdülər - Meşəli qırğını haqda yeni faktlar

Ata-anamı, 11 qohumumu öldürdülər - Meşəli qırğını haqda yeni faktlar

31 İyul 2023, 15:54

1991-ci ildə Xocalının Meşəli kəndində ermənilərin törətdikləri amansız qırğınlar zamanı doğmalarını itirən sakinlər silahlı dəstənin rəhbəri olmuş Vaqif Xaçaturyanı yaxşı tanıyırlar. Xocalılar qatil Xaçaturyanın insanlığa sığmayan cinayət əməllərini hələ də unuda bilmirlər.

 

Ailə üzvləri, yaxınları gözlərinin qarşısında xüsusi amansızlıqla qətlə yetirilən Meşəli sakinləri Xaçaturyan və onun kimi erməni canilərinin soyqırımı aktları barədə Modern.az-a sensasion faktlar açıqlayıblar. 

 

Hadisə şahidi Mikayıl Nurməmmədov Meşəli qətliamı zamanı ata və anasının, eyni zamanda 11 qohumunun ermənilər tərəfindən qətlə yetirildiyini bildirib:

 

“Mən o zaman özünümüdafiə batolyonundaydım.  Kəndin müdafiəsində dayandıq. 25 nəfər şəhid oldu, 14 nəfər yaralandı. Vətən torpağını qorumaq borcumuz idi. Təəssüf ki, şəhid versək də, torpağımızı qoruya bilmədik. Mənim atam Hüseyn kişi də ermənilərə qarşı vuruşurdu. Silahımız yox idi. Ov tüfəngi ilə vuruşurduq. İlk yaralı mənim atam oldu. Onu bacısı oğlanları xəstəxanaya çatdırmaq istəyəndə ermənilər kəndin çıxacağında pusquya salıb maşını güllələmişdilər. Əli, Nadir, atam və anam elə maşındaca şəhid oldular. Əli ilə Nadir qəhrəmancasına döyüşürdülər. O zaman hər kəs imkan daxilində kəndi qorumağa çalışırdı. Lakin qeyri-bərabər qüvvələrlə vuruşurduq. Rus-erməni hərbi birləşmələri amansız cinayətlər törədirdilər. Nəticədə, biz heç nə edə bilmədik”.

 

 

M.Nurməmmədov Vaqif Xaçaturyanın saxlanılmasına görə sevindiyini söyləyib:

 

“Mən deyərdim ki, Badara kəndinin əli silah tutanlarının hamısı cinayətkardır. Qarabağda yaşayan ermənilərin çoxu cinayətkardır. Qarabağın dağlıq hissəsində 60 yaşayış məntəqəsi olub. Ermənilər kəndə basqın edəndə hərəsinin dəstəsindən 200 nəfər olubsa, 15 minə yaxın orada cinayətkar var.  Hələ mən Ağdamın, Laçının, Şuşanın işğalını demirəm. Mən Vaqifi dəqiq tanımırdım. Çünki Rusiyada təhsil alırdım. 1 il idi ki, kəndə gəlmişdim. Əlaqələr qırılmışdı. Heç kəsi tanımırdım. Amma kəndçilərim, qardaşlarım onu tanıyırdılar”.

 

Meşəli kənd sakini Məhəmməd Zeynalov isə Xaçaturyanın törərdiyi cinayətlərin soyqırımı olduğunu vurğulayıb:

 

"Meşəli hadisələri çox dəhşətli idi. Yuxudan güllə səsinə ayıldıq. Mən son ana kimi, ayın 25-nə qədər vuruşdum.  Cavan vaxtlarım idi. Döyüş yoldaşlarım şəhid oldular. Sumqayıtdan Kamil, qonşum Fərid kişi, Əli, Hüseyn şəhid oldular. Ermənilər onları UAZ-da öldürmüşdülər”.

 

 

M.Zeynalov Vaqif Xaçaturyanın qardaşını tanıdığını sözlərinə əlavə edib:

 

“Mən onun qardaşını tanıyırdım. Vaqif Xaçaturyanın tutulmasına çox sevindik. Digərlərinin də tutulacağına ümid edirik. Onlar rusların köməyi ilə bizə qarşı vuruşurdular. 366-cı motoatıcı alaya güvənirdilər. Onlar bizim  gücümüzü bilirdilər.  Biz postda dayanmışdıq, ölümdən qorxmadan torpağımızı müdafiə edirdik. Onlar o qədər amansız idilər ki, uşaqları, yaşlı sakinləri belə öldürməkdən, işgəncə verməkdən çəkinmirdilər. Əlbəttə, haqq-ədalət unudulmur. Xaçaturyanın məsuliyyətə cəlb olunması ondan xəbər verir ki, bizə qarşı cinayət törətmiş bütün ermənilər layiq olduqları cəzanı alacaqlar”.

 

Qeyd edək ki, Vaqif Xaçaturyan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb.

 

 

Qeyd edilən kütləvi qırğınla əlaqədar aparılan cinayət işi üzrə Vaqif Çerkezoviç Xaçatryanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (Soyqırımı) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.

 

O, iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu