Modern.az

BMT Təhlükəsizlik Şurasının Qarabağ toplantıları... - ARAŞDIRMA

BMT Təhlükəsizlik Şurasının Qarabağ toplantıları... - ARAŞDIRMA

Qarabağ

17 Avqust 2023, 15:02

Dünən Birləşmiş Millət Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının iclasında Qarabağdakı vəziyyətlə əlaqədar iclas baş tutub. Ermənistan tərəfinin məktubu əsasında çağırılan iclasda dinləmələr keçirilib və üzv dövlətlərin nümayəndələri Qarabağla bağlı çıxışlar edib.

 

İrəvan BMT-nin iclasından əliboş qayıdıb, iclasda heç bir qətnamə qəbul edilməyib. Qeyd edək ki, bundan əvvəl Ermənistan və Azərbaycan arasındakı məsələ həm 90-cı illərdə, həm də 44 günlük Qarabağ müharibəsində BMT-nin Təhlükəsizlik Şurasına çıxarılıb.

 

Modern.az oxucuların marağını nəzərə alaraq BMT Təhlükəsizlik Şurasında Qarabağa əlaqədar aparılan müzakirələri araşdırıb.

 

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da BMT-yə üzvlük üçün müraciət etdi. 1992-ci il fevralın 14-də Azərbaycanın müraciətini müzakirə edən BMT Təhlükəsizlik Şurası ölkəmizin bu təşkilata üzv qəbul olunmasını Baş Assambleyaya tövsiyə etdi. Beləliklə, BMT Baş Assambleyasının 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respublikasının BMT üzvlüyünə qəbul olunması barədə qətnamə qəbul edildi.

 

BMT Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin müdafiəsi üçün başlıca məsuliyyət Təhlükəsizlik Şurasının üzərinə düşür.

 

Təhlükəsizlik Şurasında Qarabağla bağlı ilk müzakirə Azərbaycanın BMT-yə üzv qəbul edilməsindən qısa müddət sonra aparıldı. 1992-ci il mayın 12-də BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında Qarabağdakı vəziyyət müzakirə olundu. Həmin vaxt Təhlükəsizlik Şurasına Avstriya rəhbərlik edirdi. Yekunda qəbul edilən sənəddə Qarabağdakı vəziyyət narahatlıq ifadə olunub və Ermənistan və Azərbaycan atəşkəsə çağırılıb.

 

Növbəti iclas həmin ilin oktyabr ayının 7-də Ermənistanın tələbi ilə keçirilib. İclas zamanı Təhlükəsizlik Şurasına Fransa rəhbərlik edirdi. Bu iclasın yekununda da tərəflər 1992-ci ilin sentyabr ayında Soçidə imzalanan atəşkəs sazişinə əməl etməyə çağırılır və Qarabağdalkı vəziyyətdən narahatlıq ifadə olunur.

 

1993-cü ildə BMT Təhlükəsizlik Şurası Qarabağdakı vəziyyətə görə 6 dəfə toplanıb.  Aprelin 6-da keçirilən iclas zamanı Şuraya Pakistan rəhbərlik edirdi. İclas Azərbaycanın, Türkiyənin və Ermənistanın məktubları əsasında keçirilib. İclasda qəbul edilən bəyanatda Kəlbəcərin ermənilər tərəfindən işğalından narahatlıq ifadə olunur. Lakin bu bəyanat da problemə düzgün qiymət vermirdi Ermənistanın işğalçılıq siyasətinə münasibət sənəddə əksini tapmamış və Kəlbəcərin işğalının guya "yerli ermənilər" tərəfindən həyata keçirildiyi vurğulanmışdı.

 

Aprel ayının 30-da Pakistanın sədrliyi ilə növbəti dəfə Qarabağdakı vəziyyət müzakirə olunur. Bu dəfə Dağlıq Qarabağ münaqişəsinə dair ilk qətnaməsi qəbul edildi. "BMT TŞ 822 saylı qətnaməsi" adlanan bu sənəd Təhlükəsizlik Şurası sədrinin 1993-cü il yanvarın 29-da və aprelin 6-da verdiyi bəyanatlara istinadən hazırlanmışdı. Qətnamədə bölgədə sabitliyin və əmin-amanlığın təhlükə altında olduğu qeyd edilir, məcburi köçkünlərin sayının artmasından narahatlıq ifadə olunur və Kəlbəcər rayonunda yaranmış fövqəladə vəziyyətin doğurduğu problemlərin aradan qaldırılmasının zəruriliyi bildirilirdi.

 

1993-cü ilin iyul ayının 23-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Ağdam rayonunu işğal etdi. Həmin ayın 29-da BMT Təhlükəsizlik Şurası yenidən Qarabağa görə toplandı. İclas Türkiyə və Azərbaycanın tələbi əsasında keçirilirdi. İclasın yekununda 853 saylı qətnamə qəbul olundu. Bu qətnamədə də işğalçı qüvvələrin Azərbaycanın Ağdam da daxil olmaqla, bütün digər işğal olunmuş ərazilərindən çıxarılması tələbi qoyulmuşdu. Qətnamədə Azərbaycan vətəndaşlarının bir hissəsinin məcburi köçkün kimi yaşamasından narahatlıq ifadə edilir və tərəflərin münaqişəni dayandırmaq üçün atəşkəsə nail olmalarının zəruriliyi vurğulanırdı.

 

1993-cü il 18 avqust tarixində ABŞ-ın sədrliyi ilə BMT TŞ-nin Qarabağa dair növbəti iclası keçirilir. Azərbaycan, Türkiyə və Ermənistanın məktubları əsasında çağırılan iclasda Füzuli rayonunun işğalı müzakirə olunur. Ancaq burada qətnamə qəbul edilməyib və hadisələrdən narahatlıq ifadə olunub.

 

Oktyabrın 14-də keçirilən iclasda isə 874 saylı qətnamə qəbul edilib. Qətnamə atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli, Cəbrayıl, Qubadlı və digər ərazlərdən geri çəkilməsini tələb edirdi. Qətnamədə həmçinin əvvəlki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi də öz əksini tapmışdı.

 

884 saylı qətnamənin qəbul edildiyi 12 noyabr tarixli iclasa Kobe-Verde rəhbərlik edirdi. İclas İran, Türkiyə və Azərbaycanın məktubları əsasında keçirilirdi. Qəbul edilən qətnamədə tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə nəticələnən atəşkəs pozulmaları qınanılır, Ermənistan Respublikasından ermənilərin qondarma respublika üzərindəki bütün təsir vasitələrindən istifadə etməsi istənilirdi. Qətnamə də hərbi əməliyyatların dərhal dayandırılması tələb edilir, son dövrdə işğal edilmiş Zəngilan rayonu da daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb edilirdi.

 

Qarabağla əlaqədar BMT TŞ-nin növbəti iclası 1995-ci il 26 apreldə keçirildi. Həmin dövrdə Şuraya Çexiya sədrlik edirdi. Qəbul edilən bəyanatda dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə dəstək ifadə olunur.

 

Bundan sonra Ermənistan və Azərbaycan arasında münaqişə ilə bağlı iclaslar səngiyir və növbəti iclas 44 günlük Qarabağ müharibəsində keçirilir. 2020-ci il sentyabr ayında BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı fövqəladə iclası keçirilib. Bağlı qapılar arxasında keçən iclasda Şuranın 15  daimi və qeyri-daimi üzvü iştirak edib. Təhlükəsizlik Şurasının üzvləri Qarabağ zonasında təmas xətti boyunca irimiqyaslı hərbi əməliyyatlarla bağlı xəbərlərdən narahatlıqlarını ifadə ediblər.

 

2020-ci il oktyabr ayında isə BMT Təhlükəsizlik Şurası Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib.

 

2022-ci ildə isə Ermənistanın məktubları əsasında BMT TŞ-nin iki iclası keçirilib. 15 sentyabrda keçirilən iclasa Fransa, 20 dekabrda keçirilən iclasa isə Hindistan rəhbərlik edib. İclasların heç birində bəyanat və ya qətnamə qəbul edilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir