Modern.az

Ermənilər Qarabağdan qaçır - Yeni müharibə hazırlığı...

Ermənilər Qarabağdan qaçır - Yeni müharibə hazırlığı...

Qarabağ

22 Avqust 2023, 15:01

Son iki gündə 100-dən artıq şəxsin “Laçın” sərhəd-buraxılış məntəqəsindən Ermənistana sərbəst keçidi təmin edilib. Onlardan 60-ı dünən, 70-ə yaxını isə bu gün Gorusa keçid edib.

 

Ermənistan istiqamətində gedənlərin, əsasən, Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslər olduğu bildirilir.

 

Ermənilərin ərazimizdən könüllü şəkildə çıxması nəyə hesablanıb?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, ermənilər  hələ çoxdan getməli idi.

 

“Ermənilər hələ bu addımı atmağa gecikiblər. Çoxdan getməliydilər. Hələ də gedənlərin sayı azdır. Hesab edirəm ki, bu köç artmalıdır və artacaq. Amma elə başa düşülməməlidir ki, onları Azərbaycan hökuməti məcbur edir. Azərbaycan hökuməti bu məsələdə onlara nə təzyiq, nə də təsir göstərir. Sadəcə şərtlərini deyir. Onlara şərt qoyulub ki, burada yaşamaq istəyirlərsə, Azərbaycan qanunlarına tabe olmalıdırlar. Bu insanlar bizi qəbul edib, birgə yaşamaq istəmirlərsə,onları heç kəs burada zorla saxlayası deyil. Cənab Prezident dəfələlərlə deyib ki, “yol açıqdır”. Azərbaycan düz Ermənistan sərhədinə qədər xeyli xərc çəkərək qəşəng yol çəkib.  Çox rahat yoldur. Nə vaxt istəsələr, nə qədər istəsələr gedə bilərlər. Onlara heç bir mane olmayacq. Bu seçimi də onlar özləri ediblər. Onların onsuz da iki seçimi var. Azərbaycan dövlətinə və xalqına  qarşı cinayət törətməyənlər bizim qanunlarımızı, vətəndaşlığımızı qəbul edib normal insan kimi yaşamalıdırlar. Onların  heç bir hüququ pozulmayacaq. Əksinə bütün hüquqları qorunacaq. Bunu etmirlərsə, onlar əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxs hesab olunurlar. Bu təqdirdə Azərbaycanın bu məsələ ilə bağlı müvafiq qərarı var. Ərazimizi tərk edib getməlidirlər. Sözügedən ermənilər də bu yolu seçib”.

Deputat söyləyib ki, hələ xeyli sayda cinayətkar erməni Qarabağda qalır:

 

“Ermənistan dövlətinə məxsus qeyri-qanuni silahlı birləşmələr də burada qalmağa davam edir. Bunların da tədbirini Azərbaycan dövləti görəcək. Ərazilərimiz onlardan müxtəlif yollarla tamamilə təmizlənəcək. Bunlar əgər sülh yoluyla, danışıq yoluyla başa düşmürlərsə, dəmir yumruq yenidən işə düşəcək”.

 

Elman Məmmədov ermənilərin getmələrinin başqa bir səbəbinin də olduğunu vurğulayıb:

 

“44 günlük müharibədən sonra bunlar sülh şəraitində yaşamağı düşünməyiblər. Bu müddət ərzində silahlanıblar, təlim görüblər. Yeni müharibə xəyallarına dalıblar. Bir versiyaya görə, məhz bu səbəbdən qadınları,qocaları, uşaqları, xəstələri müxtəlif adlarla ərazidən çıxarırlar. Guya ki, bunlar nəsə edəcəklər. Ancaq Dəmir Yumruq əvvəlkindən də güclü şəkildə hazır vəziyyətdədir. Bunların başına elə dəyəcək ki, səsi İrəvandan gələcək”.

 

Milli Məclisin digər bir deputatı Aydın Mirzəzadə isə deyir ki, ermənilər Rus imperiyası tərəfindən bu torpaqlara köçürülüblər.

 

"Bunların dədə-baba torpaqları olmayıb. Əvvəl Rus imperiyası, sonra isə Sovet hökumətinin  dəstəyi ilə burada muxtariyyat  əldə ediblər. Bundan daha sonralar Azərbaycan dövlətçiliyi əleyhinə separatçılıq üçün istifadə ediblər. Ona görə də separatçılığın, yerli xalqa qarşı nifrətlə yanaşmanın perspektivi olmadığı qənaətinə gəlirlər. Məhz bu səbəbə görə, onlardan müəyyən hissəsi köçmək barədə düşünür.  Azərbaycan dövləti, şəxsən cənab Prezidentimiz tərəfindən onlara dəfələrlə müraciət olunub ki, Azərbaycan vətəndaşlığını qəbul etsələr, digər vətəndaşlarımız kimi onların da hüquq və azadlıqları qorunacaq. Hər cür şərait yaradılacaq. Bundan sonra getmək, yaxud qalıb vətəndaşlığı qəbul etmək barədə məsələ onların öz seçimlərinə bağlıdır”.

 

A.Mirzəzadə söyləyib ki, Ermənsitanın Azərbaycana qarşı vaxtaşırı təxribatlarının bundan sonra da davam edəcəyi gözlənilir:

 

“Orada yaşayan ermənilərə Rusiya vətəndaşlığı verildi, BMT TŞ-yə  məsələ çıxarıldı, ancaq dəstəklənmədi. Onlar bilməlidirlər ki, Azərbaycan  nə Rusiya imperiyasının, nə də Sovet hökumətinin tərkibində deyil. Azərbaycan müstəqillliyini  kifayət qədər güclü qurmuş, suveren hüquqlarını qoruya bilən güclü liderə, xalqla hakimiyyətin birliyinə, yekdilliyinə malik olan bir dövlətdir. Bu gün Azərbaycanla hökmlə, onun hüquqlarını pozmaqla danışmaq olmaz.  Ermənistanın etdiyi təxribatların hamısı birbaşa onun öz əleyhinə yönəlir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu