İşğaldan azad edilmiş ərazilərdə təmir-bərpa işləri sürətlə davam etdirilir. Artıq bir neçə azad edilmiş rayona Böyük Qayıdış başlayıb.
Bu gün Kəlbəcərdə keçirilən Şəhərsalma İşçi Qrupunun iclası keçirilib. İclasda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov bildirib ki, bu il Kəlbəcər rayonunda daha 7 yaşayış məntəqəsinin (İstisu qəsəbəsi, Qamışlı, Çaykənd, Nadirxanlı, Qılınclı, Otaqlı və Çıraq kəndləri), gələn ildə isə 4 kəndin (Çəpli, Keşdək, Dalqılınclı və İmanbinəsi kəndləri) layihələndirilməsi işlərinin aparılması planlaşdırılır. O qeyd edib ki, 2026-cı ilədək 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək.
Kəlbəcərə Böyük Qayıdış növbəti ildən başlayır...
Kəlbəcər şəhərində bütövlükdə tikiləcək evlərə 2024-cü ildə ilk olaraq 5 000 nəfərdən artıq, kənd və qəsəbələrə isə 8 000-ə yaxın, ümumilikdə 13 000-ə yaxın insanın köçürülməsi planlaşdırılır. Tədbirlər Planına əsasən, əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi fəaliyyət istiqaməti üzrə Kəlbəcər rayonunda 2026-cı ilədək 3 500 evin (2000 fərdi yaşayış evinin və 1 500 mənzilin) tikilərək istismara verilməsi nəzərdə tutulur.
2024-cü ildə 1 115 evin, 2025-ci ildə 725 evin, 2026-cı ildə 1 610 evin inşası həyata keçiriləcək.
Modern.az məsələ ilə bağlı Kəlbəcərin tanınmış simaları ilə danışıb.
Milli Məclisin deputatı Aqil Məmmədov saytımıza açıqlamasında deyib ki, artıq bir neçə binanın təməli atılıb.
"2026-cı ilə qədər 1 şəhər, 1 qəsəbə, 13 kənd olmaqla 15 yaşayış məntəqəsinin tikintisinin layihələndirmə işlərinin başlanılması nəzərdə tutulub. Ümumiyyətlə bu il 7 yaşayış məntəqəsinin tikintisinə başlanılması nəzərdə tutulub. Eyni zamanda Zallar kədində yaşayış məntəqəsinin əsası qoyulub. Artıq 4 yaşayış məntəqəsinin bərpasında işlər uğurla davam etdirilir. İstisu qəsəbəsi, Qamışlı kəndi, Qılınclı, Otaqlı və Çıraq kəndləri üzrə də işlərin aparılması da nəzərdə tutulub. Kəlbəcər şəhərində küçə, yol şəbəkəsinin qurulması üçün 27,1 km artıq yolun layihələndirilməsi planlaşdırılır.
Gələn il Kəlbəcərə 500 ailənin köçürüləcək. Bu işlərin davam etdirilməsi, birbaşa cənab Prezidentin diqqət və nəzarəti işlərin daha sürətli və keyfiyyətli olmasına gətirib çıxaracaq. Artıq Kəlbəcərdə 6 binanın fundamentinin tökülməsi prosesi başa çamaq üzrədir. Bu da o deməkdir ki, nəzərdə tutulmuş tikinti vaxtında icra olunacaq”.
Kəlbəcərdən olan jurnalist Aqil Camal rayonda bərpa-quruculuq işlərinin davam etdirildiyini diqqətə çatdırıb.
“Digər rayonlardan fərqli olaraq Kəlbəcər rayonuna tikinti materiallarının, infrastrukturun qurulması məqsədilə lazım olan avadanlıqların daşınması üçün quru yolundan istifadə olunur. Bu yol çətin keçilən dağ şəraitində olduğuna görə ilin bütün fəsillərində həmin yoldan ağır yük maşınlarının keçməsi çətindir. Bu baxımdan hazırda Toğanalı-Kəlbəcər tuneli ilə yol çəkilir. Digər rayonlarda olduğu kimi Kəlbəcərdə də ilkin olaraq əhalinin qısa müddətdə qayıtması ilə bağlı işlər davam etdirilir. Artıq bir müddət əvvəl ölkə prezidenti Kəlbəcərdə yaşayış binalarının tikintisi üçün 80 milyon manat vəsait ayırıb. Bundan başqa Kəlbəcərdə çayların üzərində kiçik su elektrik stansiyaları tikilib. Bir çoxu Prezidentin son səfərində istifadəyə verilib. Digərləri üzərində isə iş davam etdirilir. Bunlar gələcəkdə həm rayonun, həm də bölgənin elektrik enerjisi ilə təminatında önəmli rol oynayacaqdır. Paralel olaraq Kəlbəcərdə keçmişdə də sanatoriya olmuş İstisu qəsəbəsinin tikintisinə başlanılıb. Şəhərin özündə də yaşayış binalarının tikintisinə başlanılıb. Yeni salınacaq Kəlbəcərin ilk sakinləri olmağı arzu edən, çalışan minlərlə həmyerlimiz var. Biri də elə bizik. Mən, ailəm, valideynlərim. Bu gün elan edilmişdi ki, 2024-cü ildə ilkin ailələrin köçü başlayacaq. Biz də ilk köçən ailələrdən biri olmağı arzu edirik”.
Keçmiş deputat Əlövsət Ağalarov Kəlbəcərin yenidən qurulması ilə bağlı təəssüratlarını da bölüşüb.
“Kəlbəcərdən yeni gəlmişəm. Kəlbəcərlə işğaldan azad olunmuş digər regionları müqayisə etmək fərqlidir. Çünki yol nöqteyi nəzərdən Kəlbəcərə getmək çətindir. Çox əhəmiyyətli məsələdir ki, Azərbaycan həm torpaqları işğaldan azad etdi, həm də qısa müddətdə əhalinin torpaqlara qayıtmasını təmin edilir. Cənab prezidentin, ordunun xidmətləri sayəsində biz kəlbəcərlilər də qayıtmağı səbrsizliklə gözləyirik. Kəlbəcərin bir yolu var, o da Murov yoludur. Ora ağır yoldur. Biz hamımız istəyirik tez qayıdaq. Amma bəzi səbəblər var. O yolla hərbi maşınlar, texnika, tikinti materialları gedir. Rayon mərkəzi bu gün yenidən bərpa edilir, yeni şəhər salınır. Kəlbəcərin bir neçə dağ kəndinin cənab prezident təməlqoyma mərasimini etdi. Əsas problem yoldur, o bitəndən sonra Kəlbəcərdə məskunlaşma sürətlə gedəcək. Dünyanın heç bir yerində belə bir yol olmayacaq. Toğanadan Kəlbəcərə 80 km-dir. İndi o yolu 3-4 saata gedirik. Tunellər , yol bitəndə artıq 40 dəqiqəyə eyni yolu getmək olacaq. Mən yolun bir hissəsini gördüm. Yaxşı mənada heyrətləndim. Yol infrastrukturu bitəndən sonra Kəlbəcərdə məskunlaşma başlayacaq. Kəlbəcərin gələcəyi möhtəşəm olacaq. İnanıram ki, yerli adamlar gedib məskunlaşıb, həyatlarına yenidən başlayacaqlar. Yol bitəndən sonra sürətli inkişaf gedəcək”.