Modern.az

Terrora, təxribatlara son qoymaq üçün antiterror tədbirləri vacib idi!

Terrora, təxribatlara son qoymaq üçün antiterror tədbirləri vacib idi!

Qarabağ

19 Sentyabr 2023, 14:22

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğunun bu gün yaydığı birgə məlumata görə, Qarabağdakı erməni separatçıları sentyabrın 19-da Xocavənd rayonu ərazisində iki terror aktı törədiblər.

Belə ki, əvvəlcə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 əməkdaşı Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində öldürülüb. 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlunun hərəkət etdiyi “Howo” markalı yük maşını erməni təxribat-diversiya qrupu tərəfindən həmin ərazidə basdırılmış tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində hər iki mülki şəxs həlak olub.

Daha sonra Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı maşın hadisə yerinə doğru hərəkət edərkən separatçıların Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yoluna yerləşdirdiyi minaya düşərək partlayıb. Bu terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.

Müdafiə Nazirliyi erməni terroruna cavab olaraq sentybarın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz erməni hərbi birləşmələrinə qarşı antiterror tədbirlərinə başlandığını elan edib.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Qarabağdan olan deputatı Elman Məmmədov bildirib ki, ermənilərin belə terror və təxribatlarına son qoymaq üçün antiterror əməliyyatlarına başlamaq lazım idi.


“Separatçılar və  işğalçı Ermənsitan dövlətinə məxsus silahlı qoşunların ərazilərimizdə mövcudluğu və fəaliyyəti davam etdikcə, belə terror hadisələri və cürbəcür təxribatlar davam edəcək. Hətta belə halların sayı getdikcə artacaq. Terror və hərbi təxribatların bir daha baş verməməsinin yeganə yolu separatçıların, işğalçıların və terrorçuların ərazilərimizdən təmizlənməsidir. Bunun da iki yolu var: ilk yol terrorçuların könüllü şəkildə tərk-silah olub ərazilərimizdən çıxmasıdır. Görünən odur ki, bunların belə bir niyyəti yoxdur. Geriyə ikinci yol qalır. Suverenliyimizi, dövlətçiliyimizi, təhlükəsizliyimizi qorumaq üçün ərazilərimizi bu separatçı və işğalçılardan tamamilə təmizləməliyik. Bu da danışıqlar yolu ilə baş tutmur. Buna görə də, hərbi gücdən istifadə edərək, antiterror tədbirləri həyata keçirməli, ərazilərimizi separatçılardan və cinayətkarlardan təmizləməliyik. Bu, həm öz qanunlarımıza, həm də beynəlxalq normalara əsasən bizim haqqımız və hüququmuzdur.  Heç bir dövlət öz ərazisində qondarma "dövlət" adlandırılan separatçı qurumun fəaliyyəti ilə barışmaz. Heç bir dövlət ərazisində işğalçı dövlətin qoşunlarının qalmasını istəməz. Biz də buna dözüb, razı olmayacağıq. Hesab edirəm ki, vaxt itirmədən, ləngimədən bütün bu təhlükələrin qarşısını almaq, kökünü birdəfəlik kəsmək lazımdır”.

Ötən gün Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün bölgədə son vəziyyətə dair  brifinq keçirib.

“10 min nəfərdən çox erməni silahlı qüvvələri qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində yerləşməkdə davam edir. Yüzdən çox tank və digər zirehli texnika, yaylım atəşli raket sistemləri də daxil olmaqla iki yüzdən çox ağır artilleriya qurğusu, onlarla müxtəlif radio-elektron mübarizə sistemi və iki yüzdən çox minaatan sistem hal-hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yerləşdirilib”,- brifinqdə bildirilib.
 

Maraqlıdır, ermənilər bu texnikanı ölkəmizə necə keçirib?
 

Elman Məmmədov suala cavabında deyib:

“44 günlük Vətən müharibəsi bitdikdən sonra sərhədlər bir müddət nəzarətsiz qaldı. Laçın yolunda gediş-gəliş sərbəst idi. Həmin müddət ərzində müxtəlif dövlətlərin yardımı ilə ərazilərimizə yenidən silah-sursat, hərbi texnika daşındı. Bunun çəkilişləri də var. 23 aprel 2023-cü ilə, yəni Laçın yolunda sərhəd-buraxılış məntəqəsi fəaliyyətə başlayana qədər onlar Rusiya sülhməramlılarının və başqa qüvvələrin köməyi ilə təkcə  Ermənistandan yox, başqa dövlətlərdən də muzdlu quldur döyüşçülərini ərazimizə gətirib yığıblar. Silah-sursat daşıyıblar. Bu gün demokratiyadan, insan hüquqlarından  riyakarlıqla, saxtakarlıqla dəm vuran ABŞ, Fransa və digərləri bizə irad tuturlar. Deyirlər ki, "oradakı separatçılar, terrorçular və cinayətkarlar ərzaq və silah-sursatla, tibbi ləvazımatla yaxşı təmin olunmalıdır. Onlar gərək, yaxşı yeyib-içə, yaxşı təmin oluna ki, sizə qarşı vuruşalar". Budur, onların demokratiyası. Bunlar əslində kimdir?  Bu dövlətlər tarixboyu müstəmləkiçilik və işğalla məşəğul olublar. Bunlar tarixboyu bütün dünya ölkələrində inqilablar, dövlət çevrilişləri yaradıblar. Dünyadakı bütün terror qruplaşmalarını yaradan da, maliyyələşdirən də, silah-sursatla təmin edən də bunlardır. İndi də eyni oyunu bizim başımıza açmaq istəyirlər. Ancaq bacarmayacaqlar. Azərbaycan özünün dövlətçiliyini, təhlükəsizliyini təmin etmək üçün kifayət qədər gücə malikdir. Biz ərazilərimizi yaxın vaxtlarda bu cinayətkarlardan və düşmənlərdən təmizləyəcəyik".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi