Modern.az

Qarabağda antiterror tədbirləri: Proses Xankəndiyə nəzarətlə yekunlaşacaq

Qarabağda antiterror tədbirləri: Proses Xankəndiyə nəzarətlə yekunlaşacaq

19 Sentyabr 2023, 15:17

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğunun bu gün yaydığı birgə məlumata görə, Qarabağdakı erməni separatçıları sentyabrın 19-da Xocavənd rayonu ərazisində iki terror aktı törədiblər.



Belə ki, əvvəlcə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 əməkdaşı Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində öldürülüb. 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlunun hərəkət etdiyi “Howo” markalı yük maşını erməni təxribat-diversiya qrupu tərəfindən həmin ərazidə basdırılmış tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində hər iki mülki şəxs həlak olub.

 

Daha sonra Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı maşın hadisə yerinə doğru hərəkət edərkən separatçıların Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yoluna yerləşdirdiyi minaya düşərək partlayıb. Bu terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.

 

Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.



Müdafiə Nazirliyi erməni terroruna cavab olaraq sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz erməni hərbi birləşmələrinə qarşı antiterror tədbirlərinə başlandığını elan edib.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, lokal antiterror tədbirləri ermənilərin təxribatları səbəbindən başlayıb:

 

“Ermənilərin son zamanlar həm şərti sərhəddə, həm də Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə dalbadal təxribatlar törətməsi, mina basdırması, postlarımıza atəş açması, əlbəttə ki, Azərbaycan ictimaiyyətini, dövlətini narahat edirdi. Dünən baş verən məsələ isə bizim səbir kasamızı doldurdu. Mina terroru nəticəsində 7 nəfər  gəncimiz dünyasını dəyişdi. Azərbaycan Müdafiə Nazirliyinin lokal antiterror tədbirlərinə başlaması Azərbaycanın öz suveren hüquqlarından istifadə etməsidir. Eyni zamanda, bu, Azərbaycanın öz ərazilərində və sərhədində təhlükəsizliyini təmin etməsi baxımından vacib addımdır. 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatın şərtləri təəssüf ki, indiyə kimi Ermənistan tərəfindən tam yerinə yetirilməyib. Ən əsası məsələlərdən biri Qarabağ ərazisindəki qeyri-qanuni silahlı birləşmələrin ərazidən çıxıb getməsi idi. Bunula bağlı nə Ermənistan hökuməti, nə də Rusiya sülhməramlıları tədbir görüb. Məhz bunun nəticəsində ölkə ərazisində  cürbəcür təxribatlar törədir, Qarabağ ərazisində sabitliyi tez-tez pozurlar. İnsan tələfatına səbəb olurlar. Qarabağda və Şərqi Zəngəzurda  yenidənqurma işlərinə əngəl olurlar. Buna görə də, antiterror əməliyyatlarının aparılması çox vacib idi”.

Deputat söyləyib ki, hazırda aparılan lokal hərbi tədbir sonuncu olacaq:

 

“Allah Ordumuza, hərbçilərimizə kömək olsun! Azərbaycan cəmiyyəti 3 il əvvəl olduğu kimi səfərbər olacaq. Xalqımız bir yumruq kimi, Ali Baş Komandanın ətrafında birləşəcək. Hesab edirəm ki, bu əməliyyat artıq sonuncu olacaq.  Bundan sonra Azərbaycan ərazisində heç bir qeyri-qanuni silahlı birləşmələr, quldur dəstələri qalmayacaq. Sərhədlərimiz də müəyyənləşdiriləcək. Kommunikasiyalar da açılacaq. Ermənistan Azərbaycanla daimi sülh müqaviləsini imzalamağa məcbur olacaq”.

 

Milli Məclisin digər bir deputatı Arzu Nağıyev isə vurğulayıb ki, lokal hərbi tədbirləri ermənilər qaçılmaz edib:

 

“Azərbaycana qarşı mina terroru davam etməkdədir. Dəfələrlə, Ermənistanın Qarabağ ərazisində olan qeyri-qanuni hərbi birləşmələri mina basdıraraq Azərbaycan vətəndaşlarına qarşı terror aktlarını həyata keçirib. Bu da böyük köçün qarşısını alan, infrastrukturların bərpasına zərbə vuran ən ciddi məsələlərdən biridir. Dəfələrlə, bu haqda beynəlxalq təşkilatlara böyük dövlətlərə müraciət olunub. Ermənistana müraciət olunub ki, minaların basdırıldığı yerlərin xəritələrini versinlər. 2020-ci ildən üç il keçməsinə baxmayaraq, o xəritələrdən heç bir xəbər yoxdur. Təqdim edilən xəritələr də həqiqətə uyğun deyil. Son baş verən hadisələr, həm Daxili İşlər Nazirliyinin, həm də  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələrinin terror qurbanı olması həyacanı daha da çoxaldıb. Qələbədən 3 il keçib. Bu müddət ərzində hadisələrin baş verdiyi yollarda belə bir hadisə olmamışdı.  Deməli, bu minalar oraya sonradan basdırılıb. Məhz bu gün başladılan lokal hərbi tədbirlər ermənilərin bizə qarşı törətdiyi mina terrorunun son nəticəsidi. Antiterror əməliyyatı qaçılmaz idi. Ordumuz separatçılara lazımi cavabı verəcək. Lokal hərbi tədbirlər elə də uzun çəkməyəcək. Çünki oradakı separatçıların Ordumuza qarşı müqavimət göstərməyə gücləri yoxdur”.

 

Hərbi ekspert Telman Qasımlı deyib ki, lokal antiterror tədbirlərinin nəticəsində Xankəndiyə tam nəzarət təmin ediləcək:

 

“Antiterror əməliyyatı gözlənilən idi. 2 ay öncədən sentyabr ayında əməliyyatlara başlanılacağını demişdim. Sərhəddə Ermənistan tərəfindən eskalasiya, təxribatlar artırılırdı. Bu gecə düşmənin basdırdığı minaların partlaması nəticəsində 4 polis əməkdaşı həlak oldu. Bütün bunlar bir daha göstərir ki, düşmən dayanmaq bilmir.  Öz iyrənc əməllərindən düşmən  əl çəkmədiyinə görə, Azərbaycan məcbur qalaraq lokal antiterror tədbirləri həyata keçirir. Azərbaycan həmin separatçılara aministiya almaqla bağlı vaxt vermişdi. Tərk-silah olub, tabe olmağı onlardan tələb etmişdik. Onlar bunu eşitmədi. Nəhayət, bu gün Azərbaycan Ordusu antiterror tədbirləri həyata keçirir. Bu əməliyyat uzunmüddətli olmayacaq. Çox güman ki, əməliyyatlar bir-iki gün çəkəcək. Həmin əlisilahlı quldurlar Azərbaycan qoşunlarına qarşı dayana bilməyəcəklər. Bu əməliyyatların son nəticəsi Xankəndini tamamilə ələ keçirməyimiz olacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi