Azerbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir. İndiyə qədər Ermənistanın bir çox hərbi texnikası, postları və digər hərbi təyinatlı obyektləri dəqiq zərbələrlə məhv edilib.
Keçirilən tədbirlər zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrin məxsus minaatan mərmisi ilə dolu 6 ədəd Ural markalı hərbi avtomobil və 4 ədəd minaatan Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib.
Məsələ ilə bağlı Modern.az-a danışan Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı, ekspert Cihad Yaycı bildirib ki, hazırda Azərbaycan Ordusunun keçirdiyi əməliyyat lokal xarakter daşıyır:
“Bu baxımdan aparılan taktika 2020-ci ildəki hərbi əməliyyatlardakından fərqlidir. Əsasən Xankəndi, Ağdam istiqamətində tədbirlər görülür. Bu, antiterror əməliyyatları zamanı yalnız hərbi obyektlər hədəf alınır. Bu lokal antiterror tədbirləri Xankəndi azad olunana qədər davam edəcək”.
Kontr-admiral Azərbaycana qarşı beynəlxalq səviyyədə təzyiqlərin "boş gurultu"dan başqa bir şey olmadığını vurğulayıb:
“Əlbəttə ki, beynəlxalq arenada Azərbaycana qarşı təzyiqlər olacaq. Lakin Azərbaycan bu münasibətlərə görə, torpaqlarını tərk etməyəcək. Qarabağ Azərbaycanın öz torpağıdır. Heç bir xarici qüvvə Azərbaycana “öz torpağını tərk et, oranın Ermənistana aid olduğunu qəbul et” deyə bilməz. Bir Türk bunu əsla qəbul edə bilməz. Bu baxımdan Azərbaycana qarşı veriləcək bəyanatların heç bir faydası olmayacaq. Bunlar boş gurultudan başqa bir şey deyil”.
Hərbi ekspert Ədalət Verdiyev bəzi çalarlarına görə lokal antiterror tədbirlərinin 2020-ci ildəki əməliyyatlarla oxşarlıq təşkil etdiyini söyləyib:
“Azərbaycan əvvəlcə hava hücumlarından müdafiə sistemlərini sıradan çıxarmaqla havada üstünlüyü əldə etdi. Bundan sonra PUA-larımızın dəqiq zərbələri ilə düşmənin bir çox obyektlərini, xüsusilə də, zenit-raket kompleksləri, zirehli və zirehsiz vasitələri sıradan çıxarırlar. Hazırda100-dən çox döyüş mövqeyi Azərbaycan Ordusu tərəfindən məhv edilib.100-dən artıq müxtəlif növ vasitələr sıradan çıxarılıb. Həssas və cərrah dəqiqliyə zərbələrimiz davam edir. Yaxın saatlarda bəzi ərazilərin də rəsmi şəkildə azad edilməsinin elanını eşidəcəyik. Hər bir halda ən azı 20 kənd silahlılardan azad edilib. Həm Xocavənd, həm də Ağdərə istiqamətlərində xeyli ərazilərimizi Ordumuz terrorçulardan və Ermənistan ordusunun qalıqlarından təmizləyib”.
Hərbi ekspertin fikrincə, düşmən ağ bayraq qaldırıb təslim olarsa, lokal antiterror tədbirləri anında bitər.
"Təslim olmadıqları təqdirdə, təhlükəsizlik tədbirləri nəzərə alınaraq 4-5 gün ərzində bu proses başa çatacaq. Proses bayrağımızın Xankəndidə dalğalanması ilə yekunlaşacaq”.