Sentyabrın 19-da Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Antiterror tədbirləri uğurla başa çatdı, separatçılar ağ bayraq qaldırdı və qanunsuz rejim təslim oldu. Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi.
Hələlik Azərbaycan ordusunun hansı ərazilərə nəzarət etdiyi rəsmi olaraq açıqlanmayıb. Sosial mediada yayılan görüntülərdə hərbçilərimizin Ağdərəyə, Xocalıya, Xocavəndə və digər ərazilərə daxil olması barədə görüntülər yayılıb.
Xarici mediada lokal antiterror tədbirlərini "ildırımsürətli əməliyyat" adlandırırlar. Həqiqətən, 24 saatdan az davam edən əməliyyat zamanı Ermənistan ordusuna məxsus hərbi texnika və obyektlər məhv edildi.
Məsələ ilə bağlı Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev da lokal antiterror əməliyyatları zamanı düşmənin xeyli sayda texnikasının və canlı qüvvəsinin məhv edildiyini vurğulayıb:
“Lokal antiterror tədbirləri zamanı yüzə yaxın düşmən mövqeyi tamamilə məhv edilib. Düşmənin 100-dən çox texnikası, zirehli vasitələri, artileriya qurğuları, radioelektron mübarizə vasitələri və radiolokasiya sistemləri sıradan çıxarılıb. Ümumiyyətlə, məhv edilən mövqelərin və döyüş texnikalarının, stansiyalarının işçi heyətini də nəzərə alsaq, düşmənin yaralılarının və məhv edilən şəxsi heyətinin sayı 1000 nəfərdən çoxdur".
Ədalət Verdiyev söyləyib ki, budəfəki antiterror tədbirləri bir ilk olub:
"Son dəfə həyata keçirdiyimiz lokal xarakterli antiterror tədbiri idi. Azərbaycan əvvəlki əməliyyatların heç birini Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə həyata keçirməyib. Ona görə də, bu, bir ilkdir. Ona görə də, bu tədbirləri əvvəlki döyüş əməliyyatları ilə müqayisə etmək olmaz. Bu antiterror tədbiri məhdud ərazidə aparılırdı. Burada diqqətçəkən məqam ondan ibarət oldu ki, özlərini olduğundan daha böyük görən Ermənistan silahlılarının, “Sarsax”ın dırnaqarası müdafiə ordusunu bir gün ərzində darmadağın etdi. Onlar da Azərbaycana təslim olmağa, silah-sursatları təhvil verməyə, özləri də əraziləri tərk etməyə razı oldular. Bu da bir daha Azərbaycan Ordusunun imkan və potensialının nə qədər böyük olduğunu, mülki insanların həyat və sağlamlıqlarına həssas yanaşmaq imkanlarımızın yüksək olduğunu göstərdi.