Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.
Razılığa əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Bundan başqa tərəflər arasında Yevlax görüşündə bir neçə məsələ üzərində müzakirələr aparılıb. Danışıqlar bitdikdən sonra əsas məsələ ermənilərin reintreqasiyası məsələsi yenidən gündəmə gəlib. Qarabağda yaşayan ermənilərə Azərbaycan pasportunun verilməsi prosesi də maraqlıdır.
Bir neçə gün öncə Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev açıqlayıb ki, Qarabağda yaşayan erməniəsilli sakinlərdən Azərbaycan vətəndaşlığı almaqla bağlı müraciət edənlər var. DİN rəsmisinin sözlərinə görə, erməniəsilli sakinlərin Azərbaycan Konstitusiyasına uyğun olaraq vətəndaşlıq məsələlərinə baxılacaq: “Onların pasportlaşması, şəxsiyyət vəsiqələri ilə təmin edilməsi işi diqqətdə saxlanılır”.
Bəs pasportların verilməsi prosesi necə həyata keçiriləcək?
Milli Məclisin Xocalıdan deputatı Elman Məmmədov Modern.az-a bildiribki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşı olmalıdır:
“Ölkəmizə müxtəlif ölkələrdən qısa müddətli turistlər gəlir. Amma sən mənim ölkəmdə daimi yaşayırsansa, vətəndaşım olmalısan. Ölkənin vətəndaşı deyilsənsə, ərazimizi tərk etməlisən. Biz güc tətbiqi ilə kimisə qovmuruq. Cənəb prezident də bildirib ki, Qarabağda yaşayan ermənilər dinindən, irqindən asılı olmayaraq Azərbaycan vətəndaşıdır. Bu gün ölkədə nə qədər etnik azlıqlar yaşayır. Onların hamısın da hüququ Azərbaycan qanunları ilə yüksək səviyyədə qorunur. Azərbaycanın yüksək səviyyəli qurumları tərəfindən də Azərbaycan vətəndaşlığını qəbul etmələri təklif olunub".
Deputat qeyd edib ki, Qarabağda bundan sonra əhali dinc şəkildə yaşaya bilər, amma bu dediklərimizin Azərbaycana qarşı cinayət törətmiş şəxslərə aidiyyatı yoxdur.
"Onlar etdikləri cinayətin mütləq cavablarını alacaqlar. Artıq görürsünüz ki, Yevlax görüşündən sonra Azərbaycan tərəfi çox böyük yardımlar aparıb. Əgər Azərbaycan qanunlarını qəbul etsələr, bütün təminatları da yüksək səviyyədə təmin ediləcək. Yox, əgər Azərbaycan qanunlarını qəbul etməyəcəklərsə, yollar açıqdır, Ermənistana gedə bilərlər”, - o qeyd edib.
"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov isə bildirb ki, Qarabağ ermənilərinə Azərbaycan pasportu vermək üçün ilk olaraq onların Ermənistan vətəndaşlığından çıxması lazımdır:
“Qarabağ bölgəsində yaşayan erməni əsilli şəxslərin Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmaq kimi istəkləri varsa, təbii ki, bu, vətəndaşlığı qəbul etməklə bağlı olacaq. Müəyyən bir qisim vətəndaşlığı qəbul etmək istədiyi halda bununla bağlı zəruri proqramlar işə salınır. Yox, əgər vətəndaşlığı qəbul etməyib ölkədə xarici vətəndaş kimi qalmaq istəyirsə, bunun üçün də ayrıca prosedur hazırlanır. Bununla da iki qrup formalaşır. Amma vətəndaşlığı qəbul etməyən şəxslər ya ölkəni tərk etməlidirlər, ya da onların ölkədə qalması üçün əsaslı səbəb olmalıdır.
Onun sözlərinə görə, Miqrasiya Məcəlləsi də bununla bağlı bir neçə müddəları özündə ehtiva edir.
"Bu xüsusda onlar ölkədə əcnəbi olaraq icazəli şəkildə qalıb fəaliyyətlərini davam etdirə bilələr. Yəni əcnəbi olaraq onlar işləyə, təhsil ala, biznes qura bilərlər. Vətəndaşlıq almaq istəyən şəxslərlə bağlı məsələ isə bir qədər mürəkkəbdir. Belə ki, ilk olaraq həmin şəxslərin vətəndaşlıq mənsubiyyəti müəyyən olunmalıdır. Onlar digər ölkənin vətəndaşıdırlarsa, həmin mənsubiyyətdən imtina etməlidirlər. Məsələn, biz bilirik ki, Qarabağda yaşayan ermənilərin böyük əksəriyyətinin Ermənistan Respublikasının pasportları var. Bununla bağlı ilk olaraq həmin ölkənin vətəndaşlığından çıxma proseduru başladılmalıdır. Ola bilsin ki, bunu Ermənistan bir qayda olaraq ləğv eləsin.
Yalnız bundan sonra vətəndaşlıq alma proseduru başlayır. Sonrakı mərhələdə aidiyyatı orqanlar bu məsələ ilə məşğul olurlar. Daha sonra reinteqrasi prosesi başlayır”.