Modern.az

Xankəndidəki abidənin taleyi: Onu sökməliyik, yoxsa...

Xankəndidəki abidənin taleyi: Onu sökməliyik, yoxsa...

Qarabağ

2 Oktyabr 2023, 14:14

Azərbaycan ordusunun 19-20 sentyabr tarixində həyata keçirdiyi antiterror tədbirləri nəticəsində əldə edilən qələbəsdən sonra Qarabağın dağlıq ərazisindəki yaşayış məntəqələri tədricən Azərbaycanın nəzarətinə keçir. Bir neçə gün əvvəl Azərbaycan polisi Qarabağdakı məşhur “Biz və bizim dağlar” adlı abidənin yaxınlığında görüntülənib.
 

Abidə Xankəndinin girişində - şəhərin şimal hissəsində yerləşir. Abidə 1967-ci ildə ucaldılıb. Ermənilər “Biz və bizim dağlar” abidəsini qondarma “Dağlıq Qarabağ Respublikası”nın simvolu kimi təqdim edir, ondan öz siyasi məqsədləri üçün yararlanırdılar. Separatçılar “Nənə və baba” adlandırdıqları abidə ilə sübut etməyə çalışırdılar ki, guya bu torpaqlar əzəldən onlara məxsus olub.

 

“Biz və bizim dağlar”ın Azərbaycanın nəzarətinə keçməsindən sonra sosial şəbəkələrdə abidənin taleyi ilə bağlı müzakirələr başlayıb. Bir çoxları abidənin götürülüməsinin, digərləri isə qalmasının tərəfdarıdır.

 

Modern.az məsələ ilə bağlı ictimai-siyasi xadimlər, ekspertlərlə danışıb.

 

Mill Məclisin deputatı Ceyhun Məmmədov saytımıza açıqlamasında bildirib ki, Azərbaycana qarşı qərəzli kampaniya yürüdülür:

 

“Bu gün hələ də bölgədə gərginlik davam edir. Azərbaycanın yeni reallıq yaratması dünya dövlətlərini narahat etməkdədir. Azərbaycana qarşı qərəzli kampaniya xarici mediada özünü açıq şəkildə göstərir. Bunun qarşısını almağa çalışsaq da, beynəlxalq aləmdə Azərbaycan davamlı şəkildə hədəfə gətirilir. Mən davamlı olaraq ərəb mediasına müsahibə verirəm. Onlar xəbərləri, adətdən, xarici mediadan götürür. Daha sonra informasiyanı yayırlar. Ermənistanın yalanlarını, yəni Azərbaycanın guya orada etnik təmizləmə apardığı, orada erməni abidələrinin dağıdılması ilə bağlı məlumatlar yayırlar. Yəni bu tendesiya, informasiya müharibəsi sürətlə davam edir”.

Deputat qarşıda həyata keçirilməsi daha vacib olan işlərin olduğunu vurğulayıb:

 

“Hazırkı məqamda bizim önümüzdə çox vacib işlər var. Qarabağda silah-sursatın müsadirə olunması, Azərbaycanın dövlət qurumlarının orada fəaliyyətə başlaması kimi mühüm vəzifələr qarşıda durur. Olduqca həssas məqamdayıq. Haqlı olduğumuz halda, bizi haqsız duruma salmaq istəyənlər var. Biz  ilk bu məsələlərdən başlamalı deyilik. Gələcəyə doğru məsələyə baxıla bilər. Əslində, o, abidələrin tikilməsinin məqsədləri başqa idi. Ermənilər sonradan abidələri saxtalaşdırdılar. Yalnız bu məsələ deyil. Orada bizim tarixi abidələrimiz, alban kilsələri də ermənilər tərəfindən saxtalaşdırılıb. Hazırkı  gərgin dövr keçdikdən və Ermənistan tərəfindən yaradılan kampaniya səngiyəndən sonra həmin abidəyə baxmaq olar.  Abidə ilə bağlı müəyyən qərarların qəbul edilməsi nəzərdən keçirilə bilər. Hazırda biz bütün addımlarımızı ciddi şəkildə ölçüb-biçməliyik. Hər bir addımımızı diqqətlə izləyən, bizə qarşı ən kiçik məsələdən istifadə etmək istəyən xeyli qüvvələr var. Ona görə də, bu məsələlərdə tələsməməliyik”.

 

Millli Məclisin digər bir deputatı Nəsib Məhəməliyev isə söyləyib ki, separatçılığı təbliğ edən bütün simvollar aradan qaldırılacaq:

 

“Bu abidə sovet dönəmində qoyulub. Müəllifi də ermənidir. Ancaq sovet dövrünün tələblərinə görə orada hansısa millətçilik ideologiyası təbliğ olunmurdu. Bəllidir ki, separatçı qurum bu abidədən öz məqsədləri üçün istifadə edib. Hətta bundan “dövlət atributlarında” istifadə ediblər. Mənim fikrimcə, bu məsələyə fokuslanmaq lazım deyil. Separatçılığı təbliğ edən, Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərdə iştirak edən Monte Melkanyanın abidəsi gorbagor oldu. Orada işğaldan sonra uzadılmış böyük bir xaç demontaj olunub. Separatçılığı təbliğ edən bütün simvollar aradan götürüləcək”.

Deputat sözügedən abidənin sökülməsinin bizə xeyirdən çox, zərər gətirə biləcəyini düşünür:

 

“Ancaq bunun düşünürəm ki, zamana ehtiyacı var. İndiki halda biz onu sökməklə dünya erməniliyinə, onların havadarlarına bir növ arqument vermiş olacağıq. Onlar bundan istifadə edib, tarixi abidələrin vandalcasına dağıdılmasını təşkil etdiyimizi deyəcəklər. Düşünürəm ki, bu məsələni zamana buraxmaq lazımdır.  O abidənin indi sökülməsi, xeyirdən çox ziyan gətirə bilər”.

“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin rəhbəri Xatirə Vəliyeva abidənin restavrasiya edilə biləcəyini düşünür:

 

“Sözügedən abidə 1967-ci ildə qoyulub. Yəni qədimi tarixi abidə deyil. Heykəl uzunömürlülüyü simvolizə edirdi. Biz o heykəli belə bilirdik. Mən deyərdim ki, onu sökmək yox, restavrasiya etmək lazımdır. Çünki o abidə Azərbaycan SSR-yə ayrılan maliyyə sayəsində tikilib.  Abidə ya sökülməli, ya da restavrasiya edilməlidir. Rəngi filan dəyişilməlidir. Hazırkı vəziyyətdə qalmasına heç kəs razı qalmaz. Ona görə ki, abidəni erməniləşdiriblər. Bu da insanın içində ikrah hissi yaradır. Hazırda Qarabağ ermənilərini reinteqrasiyaya çağırırıq. Belə olan halda onun sökülməsindən çox, restavrasiya edilməsi daha məqsədəuyğun olar".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?