Ötən ay həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan ordusu 31 il əvvəl erməni terrorçular tərəfindən qırğınlar törədilən Xocalıya daxil olub. Artıq rayona Azərbaycan hüquq-mühafizə orqanları nəzarət edir.
Bununla yanaşı əli dinc azərbaycanlıların qanına batan erməni cinayətkarların mühakiməsi davam edir. Meşəli qırğınlarına görə məsuliyyət daşıyan Vaqif Xaçaturyanın həbsi bu prosesin başlanğıcı hesab edilə bilər. DÖtən həftədən başlayaraq Qondarma “Dağlıq Qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyan, erməni general Davit Manukyan , 2013-2023-cü illərdə separatçı qurumun “prezidenti aparatının rəhbərinin müavini, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi, xarici işlər naziri və xüsusi tapşırıqlar üzrə prezidentin köməkçisi vəzifələrində” işləmiş David Babayan, keçmiş separatçı-terrorçu dəstənin keçmiş “müdafiə naziri”, “general-leytenant” Lyova (Levon) Mnatsakanyan həbs edilib.
Azərbaycan həmçinin müharibə cinayətlərinə görə Ermənistandan təzminat tələb edir. Erməni cinayətkarların Xocalıda törətdiyi soyqırımı aktına görə cavab verməsi məsələsi də bərpa etməli olduğumuz hüquqlarımızdandır. Rəsmi Bakının növbəti hədəflərindən biri təzminat məsələsini beynəlxalq öhdəlik kimi gündəmə gətirmək ola bilər.
Bunun üçün dövlət tərəfindən hansı işlər görülür?
Milli Məclisin deputatı Elman Məmmədov Modern.az-a açıqlamasında deyib ki, tək Xocalıda yox, Azərbaycanın işğal olunmuş digər torpaqlarında da edilən talanlar, dağıntılar, o cümlədən insanlarımıza qarşı törədilən cinayətlərlə bağlı hüquq-mühafizə orqanlarında kifayət qədər istintaq materialları, şahid ifadələri var.
"Bizim işğal ərazilərimizdə bu günə qədər olan hadisələrə görə Ermənistan tərəfi Azərbaycana təzminat ödəməlidir. Bu işlər də mərhələli şəkildə baş verəcək. Bunun üçün Azərbaycan dövləti işlər görür. Belə ki, Azərbaycan dövlətinin qarşısında duran əsas məsələlərdən biri terrorçuları həmin ərazilərdən çıxarmaq idi. İndi bu proses artıq baş tutub. Təzminat məsələsi barədə də işlər qarşıda duran əsas mövzulardan biridir. Bunun üçün Azərbaycan dövləti beynəlxalq qurumlar qarşısında Ermənistana qarşı fakt və dəlillər qaldırmalıdır. Əslində beynəlxalq qurumlardan da nəyisə gözləmək olmaz. Çünki 30 il işğal dövründə onların məsələyə münasibətinin şahidi olmuşuq. Bundan sonra da bizim haqlarımıza qarşı ədalətli mövqe gözləmək çətin olacaq. Onların mövqeyi bu gündən özünü göstərir. Ermənilərin təhriki ilə beynəlxalq qurumlar Azərbaycan qarşı xoşagəlməz kampaniyalara başlayıblar. Onların sonrakı reaksiyası necə olacaq, onu gedişat göstərəcək”.