Modern.az

Onu 613 hissəyə bölsəydim, yenə də hirsim soyumazdı! - İşgəncəyə məruz qalan XOCALI SAKİNLƏRİ

Onu 613 hissəyə bölsəydim, yenə də hirsim soyumazdı! - İşgəncəyə məruz qalan XOCALI SAKİNLƏRİ

Qarabağ

17 Oktyabr 2023, 12:57

1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyan bu gün yenidən Bakıda məhkəmə qarşısına çıxarılıb.

Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında hakim Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyilə baxılır.

Vaqif Xaçaturyanın da daxil olduğu qanunsuz erməni silahlı birləşmələrinin cinayət əməllərindən əziyyət çəkənlər Modern.az-ın həmsöhbəti olublar. Xocalı sakinləri Bakıda çıxarıldığı məhkəmədə göz yaşı tökən V.Xaçaturyana demək istədiklərini dilə gətiriblər.


8 gün erməni girovluğunda qalmış Dürdanə Ağayeva Xocalı şəhəri də daxil, bütün torpaqlarımızın nəhayət işğaldan azad olunmasına, əli qana bulaşan separataçıların tutulmasına və onlara Bakıda məhkəmə qurulmasına görə hədsiz sevindiyini vurğulayıb:
 

“Şükürlər olsun ki, bu gün Qarabağımız, Xocalımız, Xankəndimiz azaddır. Separatçıların hamısı tutulmalıdır. Ən əsas istəyimiz də qaniçənlərin başçısı Vitali Balasanyanın tutulub gətirilməsidir.

Fotoda: Dürdanə Ağayeva


Vaqif  Xaçaturyan da o zaman onların arasında olub. Bu şəxslərin türmədə yatmağı adi cəzadır. Əsl cəza bilirsiz nədir?! Xocalı soyqırımını yaşamaq... Onlar azərbaycanlı girovları min bir işgəncə ilə öldürüblər. Əsl cəza bizə - əsir və girov düşənlərə edilənlər olub. Dişləri çəkilənlər, dırnaqları çıxarılanlar, asılanlar, başları kəsilənlər, bıçaqlananlar, tikə-tikə doğrananlar... Cəza-işgəncə-zülm bunlar idi... İnsan insanı diri-diri yandırarmı?!

Xaçaturyan həbs olunsun, getsin türmədə yeyib yatsın... Bu cəza deyil...  Bu gün hətta onu ailəsi, oğlu, arvadı ilə danışdırırlar. Bu gün həbsdə olan Arayik Arutyunyan bizimkilərdən kitab, eynək istəyir, istəkləri yerinə yetirilir. Amma mən adicə su istəyirdim, sidik gətirib verirdilər.

Mən Vaqif Xaçaturyanın məhkəməsinə getsəm, bəlkə də əsəbdən ürəyim partlayar. Bu gün getmək istəyirdim, amma xəstəyəm, gedə bilmədim. O şərəfsizi görsəm, gərək onu didib-parçalayam ki, ürəyim bir az sakitləşə. Buna da icazə verməzlər.

Allah onların bəlasını versin! Dövlətimizin qanunları var, yəqin ki, buna uyğun cəzalandırılacaqlar.

Prezidentimiz sağ olsun ki, 31 illik həsrətimizə son qoyub bizi Xocalı, Xankəndi, Əsgəranın azad olunması ilə sevindirdi, biz tarixdə görünməyən hadisənin şahidi olduq”.


Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 nəfərdən biri olan Vəsilə Məhərrəmova heç olmasa ata-anasının məzarının yerini öyrənmək istəyir:
 

“İndiyə kimi atamın, anamın hər hansı qalığı tapılmayıb. Onlardan heç bir xəbər-ətər yoxdur. Vaqif Xaçaturyandan soruşmaq istəyərəm ki, itkin düşənlərimizin, öldürülənlərin kütləvi məzarlığının yeri haradadır... Allah onun bəlasını versin! Bizim körpəlikdən bəri çəkdiyimizi bir Allah bilir”.


Xocalıda atası gözləri önündə yandırılan Xəzangül Əmirova illər keçsə də, nifrətinin azalmadığını bildirib:

“Onu mənə versəydilər, qətlə yetirilən Xocalı sakinlərinin sayı qədər - 613 hissəyə bölərdim. Amma o zaman da hirsim soyumazdı. Onlar məni atasız qoyublar.

Xocalıdan hər iki valideynini itirmiş 25 nəfər var. O  zaman biz uşaq olmuşuq. Bəzilərimiz bələkdə idi. Sual verərdim ki, o uşaqların günahı nə idi ki, hər iki valideynini onların gözü önündə öldürdünüz, diri-diri yandırdınız?!”.

 

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıb.

V.Xaçaturyana qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri